525.Az

"Sənə hər an can qurban..."


 

"Sənə hər an can qurban..."<b style="color:red"></b>

Azərbaycanın Zəfər tarixinə adını öz qanı ilə yazan igidlərimizdən bir də  Tural Elşən oğlu Aslanovdur. Yardımlının  Çayüzü kənində boya-başa çatan Turalın Vətən sevgisi ilahidən  gəlirdi. O, yağı düşmənin torpaqlarımıza təcavüzü ilə barışa bilmirdi. Müstəqil həyata qədəm qoyanı birinci istəyi əyninə əsgər paltarı geyinib Vətən torpağını qorumaq, erməni faşistlərinə qalib gəlmək idi. Elin qəhrəman oğlu  Tural bu arzusuna ömrünün 28-ci ilində - İkinci Qarabağ müharibəsi başlayanda çatır. Cəbhəyə könüllü gedir, Şuşaya  qədər döyüş yolu keçir. 2020-ci il noyabrın 7-də qələbənin bir addımlığında qalib ölkənin şəhid övladı kimi əbədiyyətə qovuşur. mənalı  həyat yolu ilə Vətənə, millətə sədaqət nümunəsi olur.

2013-cü ildə Tural Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayır. İlk gündən cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi ilə hörmət qazanır. Təlimlərdə fəallıq göstərir, cəbhə xəttində düşmənlə qarşı-qarşıya gəldiyi günləri də olur. Vətən, torpaq keşiyində ayıq-sayıq dayanan əsgər yağıya yerini göstərə bilir. Həm də başa düşür ki, torpaqları işğal altında olan bir ölkə üçün hərbçi  sənəti hər şeydən vacibdir.  Odur ki,   zabitlik kursunda  oxuyub leytenant rütbəsini alır.  Və sonra seçdiyi sənətinin kamil  bilicisi olmaqdan ötrü bütün çətinliklərə sinə gərir. Tərxis olunana qədər xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, Vətənin haqq işində hər an ona qurban getməyə hazır olmağı ilə əsgər və zabitlərin arasında yaxşı ad qoyur. 

Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də  başlanan İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən savaşda böyük hünər göstərir. Neçə dəfə ölümlə üz-üzə dayanır, bir çox döyüşlərin iştirakçısı  olur. Doğma Azərbaycana qəlbən bağlılığı onu çox ağır sınaqlardan çıxardır. Şuşanın nəfəsini hiss etdikcə qəhrəman Turalın damarlarında qanı coşur, dığalardan hər qarış Vətən torpağının qisasını almaq üçün silahdan daha da möhkəm yapışır. Sinəsini gülləyə sipər etməklə arzuladığı qələbəyə çatır. Özü  Şuşada şəhid olsa da, xalqına, millətinə  zəfər sevincini yaşadır...

İndi yeri cənnət olan, adı Vətənlə qoşa çəkilən  igid döyüşçü Tural  Aslanov bütün Azərbaycan üçün əzizdir. Dövlətimiz də onun xidmətləri unutmayıb. Ölümündən sonra Tural Aslanov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,  "İgidliyə görə", "Şuşanın azad olunmasına görə",  "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!..

Zəfər ORUCOĞLU

 

 

 





28.09.2022    çap et  çap et