525.Az

Səfərbərlik Rusiyanı qarışdırdı


 

Səfərbərlik Rusiyanı qarışdırdı<b style="color:red"></b>

Bir həftə əvvəl, sentyabrın 21-də elan olunmuş qismən hərbi səfərlik Rusiyada ictimai-siyasi vəziyyəti qarışdırıb. Sentyabrın 21-dən, qismən hərbi səfərbərliyin elan edilməsindən sonra 21 hərbi komissarlıq və inzibati bina yandırılıb. İrkutsk vilayətinin Ust-İlimsk şəhərində Ruslan Zinin adlı 25 yaşlı şəxs hərbi komissarlıqda atəş açaraq hərbi komissar Aleksandr Yeliseyevi yaralayıb. Son dərəcə ağır vəziyyətdə xəstəxanaya çatdırılan hərbi komissar reanimasiya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbi səfərbərliyə qarşı ən kəskin vəziyyət isə Dağıstanda yaranıb. Dağıstanlılar səfərbərliyə qarşı sərt müqavimət göstərməyə başlayıblar. Müstəqil rusdilli mənbələrdə yer alan məlumata görə, 3,1 milyon nəfər əhalisi olan Dağıstanda 15 min nəfərin səfərbər olunması ilə bağlı göstəriş var. Halbuki eyni sayda əhalisi olan Nijni Novqorod vilayətinə cəmi 7500 nəfərin səfərbərliyə cəlb olunması nəzərdə tutulub. Əhalisi Dağıstandan 5-6 dəfə çox olan Moskvaya isə cəmi 16 min çağırışçı siyahısı verilib. Dağıstan Ukraynadakı müharibədə ölənlərin siyahısının başında gəlir. Rusiyalı araşdırmaçı jurnalistlərin məlumatlarına görə, Rusiya ordusunun verdiyi itkilərin siyahısında Dağıstan birinci, Buryatiya ikinci yerdədir. Bu və digər səbəblər Dağıstanda etirazların böyüməsinə gətirib çıxarıb. Son məlumatlara görə, Dağıstanda səfərbərlik hələlik dayandırılıb.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov səfərbərliklə bağlı fərmanın icrasında pozulmalara yol verildiyini etiraf edib və bütün səhvlərin düzəldiləcəyinə vəd verib.

Peskovu bu açıqlama ilə çıxış etməyə vadar edən səbəb isə sentyabrın 21-dən sonra bütün Rusiyada küçə etirazlarının baş qaldırmasıdır. Məlumatlara görə, Rusiyanın ən azı 52 şəhərində səfərbərliyə və müharibəyə qarşı etirazlar keçirilib. Bu etirazlar zamanı saxlanılanların sayı 2333 nəfərdir. Onlardan 952 nəfəri Moskvada, 644 nəfəri Sankt-Peterburqda, 101 nəfəri isə Mahaçqalada saxlanılıb.

Teleqram kanallarında isə hakimiyyət orqanlarına qarşı çıxışlar təşviq edilir, əhali etiraz aksiyalarına çağrılır. Bundan başqa, bəzi teleqram kanallarında hərbi komissarlıq və inzibati binaların yandırılmasını necə etmək barədə təlimatlar yayılır.

Eyni zamanda, hərbi səfərbərliyə etiraz olaraq Rusiyadan qaçış davam edir. Sərhədlərin bağlanılması da Rusiyanı tərk etmək istəyənlərin qarşısını almır. Artıq sərhədlərin qeyri-qanuni keçilməsi halları müşahidə olunmağa başlayıb. Rəsmi qurumlar vəziyyəti düzəltməyə çalışır. Prezident Vladimir Putin tələbələri hərbi səfərbərlikdən azad edən sərəncam imzalayıb. Rabitə və Rəqəmsal İnkişaf Nazirliyi İnformasiya texnologiyaları və rabitə mütəxəssisləri üçün səfərbərlikdən azad olunmaq hüququ verən ixtisasların siyahısını dərc edib. Siyahıya 195 ixtisas daxildir. Amma bütün bunlar doğru qərarlar olsa da, gec atılmış addımdır və səfərbərliyə qarşı mənfi münasibəti aradan qaldırmağa qadir deyil.

 

 





29.09.2022    çap et  çap et