Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsi adını daşıyan Mahnı Teatrında yad edilib.
Gecədə dünya şöhrətli müğənninin adını daşıyan 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə unudulmaz sənətkarı bir daha anıblar. Mərasimi məktəbin xalq çalğı alətləri orkestrinin şagirdləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış ediblər.
Proqrama Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Həsən Rzayevin əsərləri ilə yanaşı, bir sıra Avropa və rus bəstəkarlarının yaradıcılıq nümunələri də daxil olunub.
Konsertdə məktəbin şagirdləri, Prezident təqaüdçüləri, respublika müsabiqələri laureatları və diplomantları, həmçinin skripkaçalanlar ansamblı iştirak ediblər. Eyni zamanda, uşaqlar arasında "Junior Eurovision-2013" beynəlxalq mahnı müsabiqəsində 7-ci yeri tutmuş Rüstəm Kərimovun vokal və instrumental ifası təqdim olunub.
Konsertin sonunda məktəbin məzunu Sadıq Məlikovun ifasında ölməz sənətkarın repertuarından təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.
Daha sonra məktəbin direktoru, Əməkdar Mədəniyyət İşçisi Qəmər Quliyeva çıxış edərək dahi sənətkar Rəşid Behbudovun yaradıcısı olduğu Azərbaycan Dövlət Mahnı Teatrının rəhbərliyinə məktəbin kollektivi adından təşəkkür edib: "Hər il iyunun 9-da - görkəmli müğənninin xatirə günündə onun adını daşıyan musiqi məktəbinin şagirdlərinə rəhbərlik tərəfindən geniş imkan yaradılır".
S.ABDULLAYEVA
çap et