525.Az

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 70 illik yubileyini qeyd edir


 

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 70 illik yubileyini qeyd edir<b style="color:red"></b>

Bu gün milli bitki genetik ehtiyatlarının mühafizəsi və səmərli istifadəsi sahəsində tanınmış alim və elm təşkilatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun 70 yaşı tamam olur.

525.az xəbər verir ki, Zeynal İba oğlu Əkpərov 28 sentyabr 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə, 1981-ci ildə isə ET Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. O, 1987-ci ildə Moldova Respublikasının Elmlər Akademiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını, 2010-cu ildə  ET Əkinçilik İnstitutunda “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1988-ci ilə kimi ET Əkinçilik İnstitutunda kiçik elmi işçi, daha sonra böyük elmi işçi, 1990-cı ildən laboratoriya müdiri və 1992-ci ildən 2000-ci ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

2000-2002-ci illərdə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir vəzifəsində işləyib, 2003-2022-ci illərdə AMEA-nın Genetik Ehtiyatlar İnstituta rəhbərlik edib. O, hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktorudur.

Zeynal Əkpərov 210 elmi əsərin, o cümlədən 7 kitab, 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə, 18 müəlliflik şəhadətnaməsi və patentin, 2 ixtiranın müəllifidir. Həmmüəllifi olduğu 18 bitki sortu rayonlaşdırılaraq patentləşdirilib. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 11 fəlsəfə, 3 elmlər doktoru hazırlanıb.

Zeynal Əkpərov səmərəli elmi fəaliyyətinə görə 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə  "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun kollektivi Zeynal Əkpərovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirlər.

 





28.09.2022    çap et  çap et