525.Az

"Qarabağ hekayələri" Bişkekdə təqdim edilib


 

"Qarabağ hekayələri" Bişkekdə təqdim edilib<b style="color:red"></b>

Sentyabrın 23-də Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü, maliyyə dəstəyi və Qırğızıstan Milli Yazıçılar Birliyinin iştirakı ilə Bişkekdə ötən ilin əvvəlində qırğız dilinə tərcümə edilmiş "Qarabağ hekayələri" ("Karabax Anqemeleri") kitabının geniş təqdimatı keçirilib.

Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin 3-cü siyasi idarəsinin rəis müavini, Türkiyənin Bişkekdəki səfirliyinin diplomatları, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri, Qırğız-Türk Manas Universitetinin, Diplomatik və İdarəçilik akademiyalarının rektorları, professor-müəllim heyəti, Mərkəzi kitabxananın və Milli Filarmoniyanın direktorları, Qırğızıstanın ilk Parlamentinin sədri və Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medekan Şerimkulov, Çingiz Aytmatovun oğlu Askar Aytmatov, "Azərbaycanın qırğız dostları klubu"nun və diasporumuzun üzvləri, ölkənin tanınmış ictimai xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Lətif Qəndilov iştirakçılara kitab haqqında ətraflı məlumat verib, Qarabağdan və Ermənistandan köçkün düşmüş azərbaycanlıların faciəsi haqqında, onların üzləşdiyi problemlər barədə ətraflı danışıb.

L.Qəndilov Vətən müharibəsinin başlanmasından iki il ötdüyünü bildirib və tarixin geriyə qaytarılmasının mümkün olmadığını söyləyib. Azərbaycanın böyük oğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində əldə edilmiş Qələbənin xalqımıza böyük ruh verdiyini diqqətə çatdırıb.

"Azərbaycanın qırğız dostları klubu"nun prezidenti Assol Moldokmatova çıxışında azad olunmuş bölgələrə səfər etdiyini, Ermənistan tərəfindən törədilmiş dağıntıları öz gözləri ilə gördüyünü deyib, aparılan bərpa işləri barədə qürurla danışıb.

Sonra çıxış edən şair-tərcüməçi Altınbek İsmayıl kitabla bağlı geniş məlumat verib, onun ərsəyə gəlmə tarixçəsinə nəzər salıb.

Milli Yazıçılar Birliyinin sədri N.Kalıbekov, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan çıxışlarında Azərbaycanın haqq işinə dəstəklərini ifadə ediblər.

Tədbirin keçirildiyi müddətdə böyük ekranda kitabla və Şuşa şəhəri ilə bağlı hazırlanmış slayd nümayiş etdirilib.

Sonda səfir Lətif Qəndilov kitabı qırğız dilinə tərcümə edənlərə mükafat verib.

Tədbir səfirlik tərəfindən verilən ziyafətlə davam edib. Ziyafət boyu Vaqif Mustafazadənin əsərləri səsləndirilib.

Qeyd edək ki, 2021-ci ilin əvvəlində "Qarabağ hekayələri" ("Karabax Anqemeleri") kitabı qırğız dilinə tərcümə edilərək çap olunub. Kitabda 13 azərbaycanlı müəllifin 14 hekayəsi yer alıb. Kitabın qırğız dilinə tərcümə olunaraq çap edilməsinin təşəbbüskarı, müəlliflərdən biri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Onun təklifi ilə kitab beş nəfər tərcüməçi tərəfindən qırğız dilinə tərcümə edilib.

 





28.09.2022    çap et  çap et