525.Az

İctimai Teleradio yeni mövsüm üçün planlarını açıqlayıb


 

İctimai Teleradio yeni mövsüm üçün planlarını açıqlayıb<b style="color:red"></b>

İctimai Televiziya yeni mövsümə start verir. Bu mövsümdə futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kuboku da İctimai TV-dən izləniləcək. Mövsümün sonuna kimi isə İngiltərə premyer liqasında hər turun 2 ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də "Səs Azərbaycan. Doğma nəğmələr" teleşousunun bu  mövsüm premyerası olacaq. Əyləncəli-musiqi proqram olan "The Masked Singer" (Türkiyədə "Maske Kimsin Sen?", Rusiyada isə ŞOU "MASKA") beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirinə çıxacaq.

İctimai TV-nin digər yeni layihələrindən "Savaş şəhəri" hərbi yarış proqramı, "Yaxşı həkim" sağlamlıq verilişi, "Kainat necə qurulub?" maarifləndirici veriliş, "Şənbə axşamı" məlumatlandırıcı-əyləncə proqram, "Rakadarum" musiqili proqram geniş ictimaiyyət üçün maraqlı olacaq. "Camaat nə deyir?" əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq.

Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən "Milyonçu", "61!", "Breyn-rinq", "Nə? Harada? Nə zaman?" kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək.

Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış "Görünməyən qəhrəmanlar" silsiləsindən daha bir filmin çəkilişləri davam edir. Milli qəhrəmanlarımıza həsr edilən "Heç kim unudulmur, heç nə yaddan çıxmır!", 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən "Döyüşçü" layihəsi, "Radius" hərbi analitik-informasiya proqramı da efirdə olacaq. Tamaşaçılar "Qarabağ gündəliyi"ndə Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. "Şuşa İli" ilə əlaqədar sosialyönümlü "Mənim Şuşam" videoçarxlarının yeni buraxılışları da təqdim ediləcək.

Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi "Diqqət Mərkəzi"ndə olacaq. İctimai-siyasi mövzular eyni zamanda, müəllif proqramlarında - tanınmış politoloq Eldar Namazovun "Aydınlıq", tanınmış jurnalist Elçin Şıxlının "Pressinq", Orxan Fikrətoğlunun "Halbuki", Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında "Sabaha saxlamayaq" və sair verilişlərdə işıqlandırılacaq, "3D" verilişinin fərqli buraxılışları efirə gedəcək.

Tamaşaçılar hər səhər "Sabahın xeyir, Azərbaycan", "Dikdaban" verilişlərini həftəiçi izləyə biləcəklər.

İctimai Televiziya yeni mövsümdə tamaşaçılara yerli istehsal olan seriallar da təqdim edəcək. Tanınmış rejissor Emil Quliyevin rejissorluğu ilə maraqlı üslubda hazırlanan "Əqrəb mövsümü", "Körpü" serialları izləyicilər üçün çox cəlbedici olacaq. Ötən mövsümdə tamaşaçıların rəğbətini qazanmış "Simurq" serialının 2-ci sezonu həftəiçi yayımlanacaq.

"Ustad dərsi", "Ozan məclisi" proqramlarının yeni buraxılışlarının yayımı da İTV-də davam edəcək. Milli azlıqlardan bəhs edən "Bura Vətəndir: sıradan birimiz" layihəsi yeni mövsümdə də efirə çıxacaq.

İctimai Radio da yeni mövsümə maraqlı layihələrlə start verib. İlk növbədə, ölkənin radio məkanında ən çox dinlənilən, Fateh və Rəvan Bağırovun təqdimatında "MANPASI" səhər şousu və DJ Turalla "AvtoStop" verilişinin yayımı davam edir. Yeni maraqlı layihələrdən - Nərmin Aşurzadə ilə "Əsas Dərs" verilişində təhsil, fərdi inkişaf, ixtisas seçimi, təhsil sistemində yeniliklər və imkanlar barədə iş günləri saat 17:00-da müzakirələr olacaq.

 

 





28.09.2022    çap et  çap et