525.Az

Tələbə biliyinin qiymətləndirilməsində yeni qaydalar


 

UNEC İMTAHANLARDA TAM ŞƏFFAFLIQ VƏ OBYEKTİVLİK NAMİNƏ DAHA BİR MÜHÜM ADDIM ATIR

Tələbə biliyinin  qiymətləndirilməsində yeni qaydalar<b style="color:red"></b>

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022-2023-cü tədris ilindən tələbə biliyinin qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaq. Əyani təhsil alan bakalavrlarda imtahanlar (kollokvium və sessiya imtahanları) ixtisas fənləri üzrə yazılı, qeyri-ixtisas fənləri üzrə test üsulu ilə keçiriləcək. IV kurslarda imtahanlar yalnız test üsulu ilə aparılacaq. Beynəlxalq magistratura və doktorantura mərkəzi, eləcə də UNEC Biznes Məktəbində imtahanlar yalnız yazılı formada olacaq.

Tədrisi mühazirə və seminar dərslərindən ibarət olan fənlərdə cari qiymətləndirmə üzrə 50 baldan 20 balı aktivlik (seminar), 30 bal isə ara qiymətləndirmə balı əsasında formalaşacaq. Aralıq imtahanı (sessiya) 50 bal üzərindən qiymətləndiriləcək. Test üsulu ilə keçirilən ara imtahanında (kollokvium) 30 test təqdim olunacaq və hər doğru cavab 1 bal qiymətləndiriləcək, səhv cavab, düz cavablara təsir etmir. Yazılı üsulda isə tələbəyə 3 sual təqdim ediləcək, hər sual 10 bal üzərindən qiymətləndiriləcək.

Qabiliyyət tələb edən fənlərdə ara qiymətləndirmə semestr ərzində yerinə yetirilən və hər biri 5 bal üzərindən qiymətləndirilən 6 fərdi işin (hər ay ərzində 2 iş olmaqla) qiymətləndirilməsi əsasında təmin olunacaq. Test üsulu ilə olan aralıq imtahanlarında (sessiya) 50 test təqdim olunacaq və hər doğru cavab 1 bal qiymətləndiriləcək. Yazılı üsulda 7 sual təqdim ediləcək, tələbələr 5 sualı cavablandıracaqlar. Düzgün cavabların hər biri 10 bal üzərindən qiymətləndiriləcək.

Qabiliyyət tələb edən fənlər üzrə aralıq qiymətləndirmə, çəkilən 1 rəsmin komissiya tərəfindən qiymətləndirilməsi əsasında təmin ediləcək.

TUDİFAK və BMDM-də cari qiymətləndirmə üzrə 50 baldan 20 balı - 1 layihənin qiymətləndirilməsi, 30 balı - ara qiymətləndirmə (kollokvium) balı əsasında formalaşacaq. Aralıq imtahanı üzrə qiymətləndirmə 50 baldır.

UNEC Biznes Məktəbində (MBA) cari qiymətləndirmə üzrə 50 balın 15 balı aktivlik (seminar) balı, 20 balı 1 layihənin qiymətləndirilməsi, 15 balı isə ara qiymətləndirmə (kollokvium) balı əsasında formalaşacaq. Aralıq qiymətləndirmə 50 baldır.

Bakalavriat səviyyəsində qabiliyyət tələb edən fənlərdə cari qiymətləndirmə üzrə 50 balın 20 balı praktik məşğələ, 30 balı semestr ərzində (hər ay 2 iş olmaqla) yerinə yetirilən və hər biri 5 balla qiymətləndirilən 6 fərdi işin qiymətləndirilməsi əsasında müəyyən ediləcək.

Magistratura səviyyəsində qabiliyyət tələb edən fənlərdə cari qiymətləndirmə üzrə 50 balın 20 balı 1 layihənin qiymətləndirilməsi, 30 balı ara qiymətləndirmə balı əsasında müəyyən ediləcək.

Bakalavriat və magistratura səviyyələrində yazılı imtahanlarda hər fənn üzrə imtahan suallarının ümumi sayı 75-dən az olmamaqla tərtib ediləcək. Suallar fənnin sillabusuna əlavə edilməklə, tələbələrə 3-cü tədris həftəsində təqdim ediləcək. Qiyabi təhsil alan tələbələrdə imtahanlar əvvəlki qaydada, yəni test üsulu ilə təşkil olunacaq.

Zaqatala filialında isə bütün imtahanlar test üsulu ilə keçiriləcək.

UNEC rektoru, professor Ədalət Muradov deyir ki, əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir: "Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir".

Millət vəkili Etibar Əliyevin dediyinə görə, müşahidələr göstərir ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür və biz əminliklə söyləyə bilərik ki, bu nümunə universitetdə təhsilin keyfiyyətinə də öz təsirini göstərir: "UNEC də tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhfəsini verəcəkdir".

Millət vəkili vurğulayıb ki, UNEC müəllimlərinin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır: "UNEC-də tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoyulub".

Professor Hikmət Əlizadə bildirib ki, UNEC-də imtahan sessiyası obyektiv və şəffaf təşkil edilir: "Universitetlər cəmiyyətin aparıcı qüvvəsidir. Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. Mən dəfələrlə imtahanlarda iştirak edib prosesi izləmişəm. İmtahanlarda tətbiq edilən proqram təminatından çox razı qalmışam. Bu sistem neqativ halların qarşısının alınmasına imkan yaradır. Tələbə imtahanın sonunda öz nəticələrini kompüterdə görə bilir. Sistemə heç bir kənar müdaxilə mümkün deyil. UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır. Sessiya dövründə keçirilən "Açıq qapı" günlərində şura üzvlərinin iştirakı çox mühüm amildir. İmtahan prosesinin ictimaiyyətə açıq keçirilməsini müsbət hal kimi dəyərləndirirəm. Bu, tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amildir. Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm".

Əməkdar elm xadimi Şahlar Əsgərov UNEC-in fəaliyyətini yüksək dəyərləndirdiyini deyir: "UNEC elə bir universitetdir ki, onun keçmişi bizə məlumdur. Bu təhsil ocağı ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində öz sözünü demiş, təhsil sistemi ilə Azərbaycan təhsilinə nümunə olan bir universitetdir. UNEC ona qarşı irəli sürülən bütün qarayaxmaların qarşısını öz uğurlu və şəffaf fəaliyyəti ilə alıb. Bu universitet müasir idarəetmə sisteminə sahibdir. O, Azərbaycan təhsilində gələcək universiteti modelini hazırlayır. Belə desək, XXI əsrin universitetini qurur. Fəaliyyətini hər istiqamətdən dəyərləndirərək UNEC-in fəaliyyətini yüksək dəyərləndirirəm".

Millət vəkili Fazil Mustafa bildirib ki, ali təhsil müəssisəsində istər dərs, istər imtahan, istərsə də "Açıq qapı" günlərinin ictimaiyyət nümayəndələrinə açıq keçirilməsi dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir: "UNEC bu sahədə uğurla irəliləyir. Həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm də tələbə məmnuniyyətinin önə çəkilməsində UNEC-də mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik və bu, qürurvericidir. Əminəm ki, qısa müddətdə UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, UNEC uğurlu inkişafı ilə digər universitetlərdən seçilir: "Son illər ölkədə təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. Ali təhsil müəssisələrinə yeni rektorlar təyin edilir, universitetlərin özlərində müəyyən islahatlar aparılır. Ümumilikdə bu ali təhsil müəssisələri arasında bir sıra universitetlərin ciddi inkişaf mərhələsinə qədəm qoyduğunu müşahidə edirik. Bu universitetlər arasından UNEC fəaliyyəti və inkişafı ilə xüsusi ilə seçilir. UNEC həm distant təhsil, həm təhsil keyfiyyəti, həm də müəllimlərin qiymətləndirilməsi istiqamətində kifayət qədər uğurlara nail olub".

Deputat ali təhsil müəssisəsinin gələcək fəaliyyətinin inkişaf məqsədlərinə diqqət çəkib: "Belə desək, UNEC-in inkişafı ümumilikdə Azərbaycan təhsilinin inkişafına ciddi təsirini göstərir və öz töhfəsini verir. Hesab edirəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti öz fəaliyyəti ilə kifayət qədər uğurlara imza atıb. Eyni zamanda düşünürəm ki, ali təhsil müəssisəsi olaraq daha böyük uğurlara imza atılması istiqamətində səylər davam etdirilməlidir. Bu inkişafın özünü xüsusi ilə də dünya universitetlərin reytinq sıralamasında göstərməsi arzuolunandır. İnanırıq ki, UNEC uğurlu fəaliyyəti və inkişaf mexanizmi ilə bu məqsədə nail olacaq və daha böyük uğurlara imza atacaq".

Sevinc QARAYEVA

 





29.09.2022    çap et  çap et