525.Az

Munis ömrün dəyəri


 

Munis ömrün dəyəri<b style="color:red"></b>

Hər zaman qəlbimdə gəzdirdiyim duyğuları indi məqamı düşdüyü üçün dilə gətirirəm: Rəhimə müəllimə yüksək mənəvi simaya, zəngin daxili aləmə, böyük fəzilətə malik, dedikcə munis, xeyirxah bir insandır. Hər kəsə ömür yolunda yaxşı ad qazandıran belə keyfiyyətlərin hələ neçəsini də Rəhimə müəllimin adı ilə yanaşı çəkə bilərəm. Necə deyərlər, buna haqqım da çatır. Çünki Rəhimə mənim böyük bacımdır.

Aramızda dörd yaş fərq olsa da, sinəsində Vətəninə, xalqına, ailəsinə, bacı-qardaşlarına, sənətinə hədsiz sevgilər gəzdirən bacımla uşaqlıq vaxtlarımızdan bu günə kimi həm də yaxın dostuq. Bu ahıllıq  (qocalıq deməyim) dövrümüzə qədər, sözümüz-söhbətimiz, sirrimiz həmişə bir olub.

İşimiz, peşəmiz, ailə qayğılarımız nə qədər başımızı qatsa da, (daha çox mənəvi) hər zaman bir-birimizin yanındayıq. Mən onun məsləhətlərini, tövsiyələrini minnətdarlıqla qəbul edirəm, o isə mənim dediklərimə, az qala, balaca bir qız kimi qulaq asır, yerinə yetirir.

Mən Rəhimə bacımdan bir çox insanlıq dərsi almışam. Həssaslığı, təvazökarlığı, adamı sonacan dinləmək bacarığını ondan görüb-götürmüşəm. Ən əsası isə kitab oxumağa meyil salmaq, mütaliəni sevdirmək bacımın mənim üzərimdə olan danılmaz, unudulmaz, ölçüsüz, ilahi bir haqqıdır. Kitablar da mənə qələm tutmağı öyrədib. Belə hesab edirəm ki, neçə kitabım çap olunubsa, Rəhimə müəllimə mənimlə birgədir, həmmüəllifdir.

Rəhimə müəllimə bu yaşında da kitab oxumağından, mütaliəsindən qalmır. İmkan düşdükcə onların müzakirəsini də aparırıq, hətta mübahisə də edirik.

Rəhimənin bir məziyyətini də dilə gətirməyi özümə borc bilirəm. O nəyi qəbul edirsə, hansı işdən yapışırsa, ona böyük sevgi ilə, məsuliyyətlə yanaşır. Onu yüksək peşəkarlıqla, işgüzarlıqla yerinə yetirir. Məsələn, Rəhimə müəllimə yarım əsrdən çox məşğul olduğu pedaqoji sənətin ürəkdən vurğunudur. Xaçmaz rayonunun müxtəlif tədris ocaqlarında dərs dediyi müddətdə neçə-neçə həkimin, alimin, müəllimin yetişməsində zəhməti hüdudsuzdur. Neçə dəfə şahidi olmuşam ki, dünənki şagirdləri Rəhimə müəlliməyə necə məhəbbət, sayğı bəsləyirlər. Bu məni də çox fərəhləndiridi.

Elə bu insanın öz işinə, peşəsinə belə yanaşmasının, sevgisinin nəticəsidir ki, onun qızı Sevinc də, nəvələri Elvin də, Günel də bu gün biologiya müəllimləridir.

Əlimə qələm almağımdan duyuq düşən xatirələr hər tərəfdən boylanır ki, məni də de... Yox, mən bu xatirələri başqa vaxta, daha geniş yazım üçün saxlayıram...

Ömrün aqillik çağlarını yaşayan Rəhimə müəllimənin təbiətində, oturub-durmağında, hər kəsə münasibətində özünü açıq-aşkar biruzə verən, rəğbət, sayğı doğuran, hətta bəzən qarşısındakının çöhrəsinə təbəssüm bəxş edən bir saflıq, bir səmimiyyət, bir sadəlik var. Bu sadəlik, səmimiyyət, təvazökarlıq onun canında, ruhundadır. Zatən kökündə, mayasında, mənəvi dünyasında, tərbiyəsində, əxlaqındadır. 75 sinnində də qəlbi coşqun həyat eşqi ilə döyünən, könlündəki solmaz-sönməz arzuları ilə çiyin-çiinə addımlayan, yaxşılığı, xeyirxahlığı, mərhəməti, savab əməlləri, haqqı-ədaləti özünə həyat amalı bilən əziz bacım Rəhimə müəlliməni öz yaşına görə belə cavan, şux saxlayan da yəqin elə onun bu keyfiyyətləridir.

Mənim bu yaşıma qədər rastlaşdığım özünəməxsus xarakterə malik çox az qadınlardan biridir ki, Rəhimə qeybət, şayiə nə olduğunu bilmir, heç kimin arxasınca danışmağı, sadəcə, bacarmır.

Düz 75 ildir ki, Rəhimə Quliyeva həyat yollarında dərin zəka, aydın əqidə, hallalıqla, məğrurluqla addımlayır. Yol yoldaşı da bizim dağ çeşmələri kimi dupduru saf niyyət, xeyirxahlıq hissləridir.

Bu məqamda mərhum şairimiz Zöhrab Tahirin bu misraları yadıma düşür:

 

Qızıl taxıl dənəsidir yaxşılıq,

Kimə versən, dönəcəkdir yaxşılıq.

 

Əziz bacım, sənə möhkəm cansağlığı, ömrünün daha mənalı səhifələrini yazmağı arzulayıram.

Nizami RƏHMANLI

 





29.09.2022    çap et  çap et