525.Az

Şəhid ocağının işığı və istisi


 

VƏTƏNƏ ƏMANƏT OLAN ŞƏHİD ÖVLADLARI QƏHRƏMAN ATALARININ ADINI VƏ ƏMƏLLƏRİNİ YAŞADACAQLAR

Şəhid ocağının işığı və istisi<b style="color:red"></b>

Qarabağ! Gözümüzün nuru, dilimizin sözü, qəlbimizin təpəri torpaq! Azərbaycan xalqı olaraq qədir-qiymət, dəyər anlayışlarını başımıza gələn müsibətlərlə öyrənmək yazılıb deyəsən, taleyimizə. Ən çox da vətəni sevməyi, torpağın müqəddəsliyini, azadlığın ucalığını tarix boyunca itirə-itirə, uğrunda vuruşa-vuruşa, çarpışa-çarpışa anlamışıq. Yəqin buna görədir dönməzliyimiz, qətiyyətimiz, vətən, el, yurd adı gələndə kimsəni gözümüzün görməməsi.

Müasir dünya daha çox texnologiya əsri, internet erası olduğundan, az qala bütün bəşəriyyəti cibimizdəki ovuc boyda telefona sığdıra bildiyimizdən bu kimi müqəddəs duyğulardan, ali dəyərlərdən uzaq düşdüyümüz düşünülürdü. Xüsusən, bizim kimi 30 ilə yaxın vətən həsrəti çəkib, silaha sarılmayan xalqa olan inam, etibar da azalmışdı sanki. Başqalarına nə hacət, elə özümüzün özümüzə etibarımız sarsılmamışdımı? Az idimi yaşlı və orta nəslin gənclərə-texnologiya əsrinin övladlarına tutduğu iradlar, "bunlardan torpaq alan olmaz, vətən qədri bilən olmaz" gileyləri?! Bəs nə oldu? Elə o internet erasının balaları zamanı yetişəndə durdular ayağa, göstərdilər qəlblərində alovlanan torpaq eşqini, sübut etdilər bütün dünyaya vətənə məhəbbətin yaşla, dövrlə əlaqəsinin olmadığını.

Şəhid leytenant Süleyman Bağırov da həmin gənclərimizdən biri idi. O, təkcə bu müharibədə deyil, cavan ömrünün son illərini vətəninə həsrət etmişdi.

O, 25 yanvar (sənəddə 1 fevral) 1992-ci ildə Sabirabadın Sərxanbəyi kəndində anadan olub. Doğulduğu ildən ailəsiylə birgə Şirvan şəhərinə köçüb, 1999-2010-cu illərdə burda Məftun Osmanov adına 20 nömrəli məktəbdə oxuyub. Məktəb illərində Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinə marağı olub, ölkə üzrə inşa yazı müsabiqələrində uğurlu nəticələr qazanıb. Eyni zamanda, şahmatla məşğul olub. O, 2010-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi, Sənətşünaslıq ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə təhsil alıb. O, tələbəlik ilərində universitetin Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı, həm də ictimai əsaslarla bir neçə televiziya kanalı ilə əməkdaşlıq edib.

2015-ci ildə Ağdam rayonunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Xidməti dövründə hərbi təhsilə cəlb edilib, leytenant rütbəsini qazanıb.

2016-cı il "Aprel döyüşləri"ndə mərdliklə vuruşan S.Bağırov II Qarabağ müharibəsinə ehtiyatda olan leytenant kimi çağırılmışdı. O, 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib. Şəhid məzunumuz 2020-ci il noyabrın 13-də Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Bayaq demişdim ki, Azərbaycan xalqının "Vətən" adı gələndə gözünə heç kim, heç nə görünmür. İki il öncə bu günlərdə gedən Vətən müharibəsi bunun ən bariz nümunəsi oldu. Silaha sarılan özünü cəbhəyə atmaq, düşmənlə üzləşmək, o torpaqları qanı-canı bahasına azad etmək istəyirdi. O an bu qəhrəman xalqın gözünə nə ailə görünürdü, nə uşaq, iş, nə can... Buna görədir ki, neçə-neçə balalarımız hələ doğulmadan bəxtlərinə atasızlıq yazıldı. Çünki onların atası onların gələcəyi, firavan və azad həyatı, başı dik ömrü üçün ölümü belə gözə alıb müharibəyə getdi, şəhidlik məqamına ucaldı. Bəli, onlar gənc yaşda, doğulacaq körpələrini görmədən, onlara bircə dəfə də olsun ata nəfəsini hiss etdirmədən, ata səsini eşitdirmədən getdilər bu dünyadan, amma onlar üçün "ata" adından daha uca, daha müqəddəs, daha ali ad qoydular: "Şəhid övladı"!

Şəhid leytenant Süleyman Bağırovun körpə qızı Nilufər də ata nəfəsini duymayan uşaqlardandır. Atasının şəhadətindən dörd ay sonra - 28 yanvar 2021-ci ildə dünyaya gözlərini açan bu körpə qızcığaz indi onu şəkillərindən və anasının, nənə-babasının söhbətlərindən tanıyır, onların ağzından eşidir "ata" sözünü. Süleyman müharibəyə gedəndə o, hələ anasının bətnində, olanlardan, olacaqlardan xəbərsizdi. Atası onun gəlişini elə böyük həsrət, elə sonsuz sevinclə gözləyirdi ki, tale bu sevinci ona çox gördü, bəlkə də.

Qızıyla bağlı arzuları, xəyalları vardı Süleymanın. Onun saçlarını özü darayacaq, ilk addımını atanda əlindən özü tutacaq, ona nağıllar, şeirlər, hekayələr oxuyacaqdı. Özü də bu nağılların, bu hekayələrin hamısının sonu xoşbəxtliklə bitəcəkdi. Onunla oyunlar oynayacaq, gördüyü hər şeyin adını ona ilk özü öyrədəcəkdi. Onu ilk dəfə bağçaya, sonra məktəbə özü aparacaqdı. Qızına xoşbəxt, firavan dünya hazırlayacaqdı Süleyman. Körpəsinin ilk kəlməsi də "ata" kəlməsi olacaqdı, bəlkə də, kim bilir... Ancaq zalım fələk onun bütün arzularını qəlbində, sevincini gözündə qoydu. Süleyman qızına xoşbəxt, firavan, sülh dolu dünya hazırlaya bilmək üçün canından, ömründən, hətta qızından belə keçdi.

Bu gün Süleymanın həyat yoldaşı, Nilufərin anası Mehriban xanım ömrünü iki amal üstündə kökləyib: Süleymanın xatirəsini yaşatmaq və onun qızıyla bağlı bütün arzularını, xəyallarını gerçəkləşdirmək. Əlbəttə, bir gənc qadın, gənc ana üçün bu, həm çətin, həm də ağrılı bir vəzifədir. Ancaq Mehriban xanım iki ildir bu layiqli vəzifənin öhdəsindən səbrlə, təmkinlə, ən yaxşı şəkildə gəlməkdədir. Çünki onun Süleyman kimi əbədi sevgisi, Nilufər kimi bu sevginin şipşirin meyvəsi var.

Nə yazıq ki, Nilufər tək deyil. Bu gün minə yaxın azərbaycanlı körpə atasının şəhadətindən sonra dünyaya gəlib, bircə dəfə də olsun, atasının nəfəsini duymayıb.

Bəli, "Vətən onlara "oğul" dedi". Ancaq nə yazıq ki, onlar öz övladlarına "oğlum", "qızım" deyə bilmədilər. Çünki onlar seçilmişlər, onlar müqəddəs yolun yolçuları idilər. Və onlar əbədi olaraq öz övladlarında yaşayacaqlar. Bu gün Nilufəri görən hər kəsin Süleymanı xatırladığı kimi...

 

 

 





29.09.2022    çap et  çap et