525.Az

İrəvanın təxribatlarının məqsədi 


 

VƏ YA QƏRBDƏ DƏSTƏK AXTARAN ERMƏNİSTANIN RUSİYAYA DEMARŞI

İrəvanın təxribatlarının məqsədi <b style="color:red"></b>

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın sülh çağrışlarına baxmayaraq, regionda gərginliyi artırmağa, normallaşma prosesini pozmağa yönəlmiş addımlarını davam etdirir. Sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatdan sonra Ermənistan silahlı qüvvələri sentyabrın 28-də yenidən təxribata əl ataraq, atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Ordumuzun hərbi qulluqçusu Nicat İsgəndərov yaralanıb. Bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Müdafiə Nazirliyi, həmçinin, Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşkəsin pozulması barədə yaydığı məlumatları təkzib edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı bəyanatının əsassız olduğunu, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamlarının açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü açıqlayıb: "Ermənistan tərəfinin artıq "ənənə" xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur... Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir".

2020-ci ildə 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyllərinin getdikcə güclənməsi açıq şəkildə özünü büruzə verir. Müharibədə böyük zəfər qazanan Azərbaycan məğlub tərəfə sülh sazişi təklif etsə də, İrəvan öz təxribatları, revanşist addımları ilə sülhə, normallaşmaya, qonşuluğa hazır olmadığını sübut edir. Paşinyan hökuməti xalqı sülhə hazırlamaq üçün heç bir addım atmır, əvəzində təxribatlara, sülh prosesini pozmağa yönəlik addımlara əl atır.

Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından hələ də boyun qaçırması, xüsusilə rusiyalı sülhməramlıların olduğu Azərbaycan ərazisində qalmış silahlı dəstələrini və texnikanı çıxarmaması, müxtəlif yollarla Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa və gücləndirməyə çalışması İrəvanın yalnız sülhlə manipulyasiya etdiyini açıq şəkildə göstərir. Fakt budur ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla beynəlxalq ictimai rəylə manipulyasiya edir, Azərbaycanı hədəfə gətirməyə, müxtəlif gücləri regiona cəlb etməyə, bununla da Cənubi Qafqazda durumu alovlandırmağa çalışır. Bu günlərdə Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bəyan etdi ki, beynəlxalq müşahidəçilər missiyasının Ermənistan-Azərbaycan sərhədinə bitişik rayonlarda olması regional sabitliyin mühüm amilə çevriləcək. Ermənistanın baş naziri sərhəddəki toqquşmalardan sonra onun yardım çağırışlarına KTMT və Rusiyadan gözlənilən cavabı almadıqdan sonra belə bir bəyanatla çıxış edib.

Azərbaycanın hazırda işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı tikinti-quruculuq işlərini Ermənistan tərəfi yaxşı görür, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir və bu prosesə zərbə vurmağa çalışır. Əgər əvvəlki dövrdə Ermənistan Rusiyaya arxalanır və işğalçılıq siyasətini davam etdirirdisə, son hadisələr artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını nümayiş etdirir. Ermənistanda açıq şəkildə Rusiya əleyhinə siyasət aparılır, bəyanatlar verilir. İrəvan NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür. Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Ermənistan regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir, açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Dünya gücləri Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətlərini düzgün qiymətləndirməli və Ermənistanı bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər. Bunun əksi, Ermənistanın təxribatlarına göz yummaq, 30 ilə yaxın Azərbaycanın üzləşdiyi ədalətsizliyi, haqsızlığı yenidən davam etdirmək cəhdlərinin daha ağır nəticələri ola biləcəyini hesablamaq lazımdır. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindədir. 44 günlük müharibə ərzində ölkəmiz Ermənistandan fərqil olaraq hər hansı müharibə cinayətinə əl atmadı, mülki şəxsləri hədəfə almadı. Bu gün də Azərbaycanın irəli sürdüyü təkliflər, normallaşma, sülhyaratma istiqamətindəki çalışmalar bütün regionun, ilk növbədə Ermənistanın özünün maraqlarına cavab verir. Təəssüf ki, revanşizm, qonşulara qarşı ərazi iddiaları, digər güclərin əlində alət olan İrəvan müstəqil qərar verə, addım ata bilmir.

Politoloq Zaur Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ən azı 3 erməni əsgəri ölüb. Hadisədən dərhal sonra baş nazir Nikol Paşinyan status paylaşaraq Azərbaycanı Ermənistan sərhədləri daxilində təxribat törətməkdə və atəşkəsi pozmaqda günahlandırıb: "Burada gəlirik əsas mətləbə! Paşinyan insidentlərin qarşısını almaq üçün beynəlxalq monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini qeyd edib. Xatırladım ki, bundan əvvəl Paşinyan ABŞ-da və Fransada səfərlərdə olarkən bir neçə dəfə beynəlxalq missiyanı ölkəsinə dəvət etmişdi. Qarabağdan fərqli olaraq hazırkı toqquşmalar zamanı Ermənistanın baş naziri de-yure istədiyi ölkə və təşkilatı Qərbi Zəngəzura və Göyçəyə dəvət edə bildiyini yaxşı anladığı üçün belə bir addım ataraq Rusiyaya qarşı demarş etmiş olur. Rusiya sərhədçilərinin, Federal Təhlükəzislik Xidməti və 102-ci bazasının Ermənistanda olduğu bir vaxtda İrəvanın son bir aydakı bəyanatları İrəvan - Moskva arasında iplərin qopması deməkdir".

Politoloqa görə, Ermənistan ordusunun dövlət sərhədi boyunca törətdiyi təxribatlar və İrəvanın Qərbdəki bəzi dövlətlərlə bağlı qapılar arxasında əldə etdiyi razılaşmalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda daha bir qapaz başlarında çatlayacaq: "Bu arada, ərköyün Ermənistanın Qafqaza beynəlxalq qüvvələri gətirmək istəyi fonunda İranın susqunluğu qəribə və başadüşülən deyil. Sərhədlərin dəyişməsinə qarşı çıxan Tehran bir azdan müxtəlif bayraqlarla silahlı əsgərləri görəndə nə edəcək? Birmənalı şəkildə qeyd edə bilərik ki, Qarabağla bağlı vaxtın uzatmasının tərəfdarı olan müxtəlif istiqamətli qüvvələrin fəaliyyəti bölgəni geosiyasi toqquşma meydanının hərbi mərhələsinə çatdıra bilər. Bu isə olduqca təhlükəlidir. Baş verənlərlə bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür".

 

 

 





30.09.2022    çap et  çap et