525.Az

Silos yemi nədir və nə üçün ona yenidən nəzər salınmalıdır?


 

QIŞDA HEYVANLARIN YALNIZ QURU OT BAĞLAMASIYLA DEYİL, ŞİRƏLİ YEM İLƏ DƏ BƏSLƏNMƏSİ MƏQSƏDƏUYĞUNDUR

Silos yemi nədir və nə üçün ona yenidən nəzər salınmalıdır?<b style="color:red"></b>

Müasir heyvandarlıqda keyfiyyətli istehsal heç sübhəsiz, yemləmə işinin səmərəli təşkili məsələlərinə söykənir. Azərbaycanın xoş təbii şəraitini, həmçinin, ölkəmizdə maldarlığın zəngin ənənələrini nəzərə alsaq, heyvan yemləməsi sahəsində necə deyərlər, geniş improvizasiya imkanlarımızın olduğunu görərik. Elə yaxın keçmişimizdə rayonlarımızda, xüsusən maldarlığın geniş yayıldığı bölgələrdə birbaşa bu işə xidmət etmək üçün ərsəyə gətirilmiş silos quyuları və ya qüllələrinə çox tez-tez rast gəlmək mümkün idi.

"Silos" ispan sözüdür - müəyyən məhsulların saxlanılması üçün yeraltı və ya yerüstü, çox vaxt şaquli, bəzən isə xəndək formasında salınmış anbarlar məhz belə adla tanınır. Siloslara heyvandarlıq üçün faydalı yem bitkiləri və məhsulları (əsasən yaşıl hissəsi olmaqla, qarğıdalı, günəbaxan, yonca, zəhərli olmayan alaq otları, tərəvəz qalılqarı, eləcə də yeyinti sənayesinin faydalı maddələrlə zəngin olan  tullantıları və s.) sıx şəkildə doldurulur və onun ağzı qapadılır. Bir müddətdən sonra bitki kütləsində təbii fermentləşmə sayəsində "yetişmə" baş verir və bu zaman şirəli, qidalılığı yüksək olan yem əldə edilir. Belə yem ilə bəslənən heyvanlar daha dözümlü və məhsuldar olurlar.

Göründüyü kimi, mal-qara üçün qüvvəli və keyfiyyətli silos yeminə qayıdarq, onun yerlərdə heyvandarlar tərəfindən daha geniş miqyasda istifadəsində böyük fayda var. Heyvandarlığın inkişafına birbaşa müsbət təsir edən bu məsələ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən də diqqətdə saxlanlır. Həmin təşkilatın xətti ilə Göygöldə səmərəli yemləmə üsullarının izahı üzrə fermerlərə görüşdə də bu haqda söhbət  gedib.

Belə ki, silosun alınması, onun heyvandarlıqda üstünlüyü ilə bağlı  FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı  üzrə "Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vastəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi" adlı layihə çərçivəsində reallaşan bu tədbirdə Göygöl və Goranboydan olan fermerlər iştirak ediblər. Türkiyədən gələn heyvandarlıq üzrə mütəxəssis tərəfindən onlara yeni tələblərə cavab verən yemləmə üsulları izah edilib.

Görüşə qatılan fermerlərin verdiyi məlumatlardan bəlli olub ki, onlar təsərrüfatlarındakı iribuynuzlu mal-qaranı əsasən bağlamasının birini 5-7 manata aldıqları quru ot presi ilə bəsləyirlər və  daha keyfiyyətli və çox süd almaq, eləcə də heyvanları ətlik istiqamətdə inkişaf etdirmək üçün qüvvəli və sərfəli yemə ehtiyac duyurlar. Əlbəttə, silos yemi bu baxımdan ən uyğun vasitə hesab edilə bilər. Fermerlər bu baxımdan, yerlərdə silos yemi istehsalı ilə məşğul olan təsərrüfatların yaradılmasının da heyvandarlığa təkan verə biləcəyini qeyd ediblər.

Hələlik isə yerlərdə kiçik təsərrüfatı olan fermerlərimiz də bu yöndə özlərinin işinə yarayacaq bir çarə tapa bilərlər. Hər halda türkiyəli mütəxəssis Engin Unayın dediklərindən bu qənaətə gəlmək mümkündür.

"Kiçik fermerlər öz yerlərində qarğıdalı, yonca və digər bu kimi yem bitkilərini əkib-biçdikdən sonra sadə üsulla silos edə bilərlər. Silos etmək üçün elə də böyük yerlərə ehtiyac da yoxdur. Düz qazılmış yerə tökülüb sıxıldıqdan sonra quyunun üstü bağlanarsa, iki aya bu qidalı yem hazır olacaq"- deyə, E. Unay bildirib.

Amma əlbəttə ki, məsələnin perspektiv həlli üçün daha miqyaslı işlər görmək lazımdır. FAO-Azərbaycan Ofisinin mütəxəssisi Elməddin Namazov da bu haqda fikirlərini bildirib.

"Kiçik təsərrüfatlarda silos etmək həmişə əlverişli olmur. Çünki bunun üçün müəyyən avadanlıqlar lazımdır. Dünya təcrübəsində var ki, silos yemi istehsalı və onun satışı  ixtisaslaşmış iri təsərrüfatlarda həyata keçirilir. Fermerlər də bu məhsul üçün məhz  onlara müraciət edirlər. Hazırda məqsədimiz bu yemləmə üsulunun səmərəliliyini fermerlərə çatdırmaqdır və onları silosun təsərrüfatlarda geniş tətbiqinə sövq etməkdir" - deyə, E. Namazov qeyd edib.

Zakir MURADOV, Gəncə-Göygöl

 





30.09.2022    çap et  çap et