525.Az

Rusiya elə deyir, ABŞ belə deyir... - Sosial şəbəkədə yazılanlar


 

Rusiya elə deyir, ABŞ belə deyir... - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Rusiya deyir ki, nüvə zərbəsi blef deyil, ABŞ da deyir ki, Rusiyanın bütün nüvə potensialı nəzarətdədir. Ukrayna müharibəsi başlayan andan ABŞ Rusiyaya qarşı sanksiyalara başladı.

İlk öncə bütün ABŞ şirkətləri Rusiyanı tərk etdi.

Ardınca geniş masştabda texnoloji sanksiyalar başladı.

Daha sonra iqtisadi sektora, maliyyə bank sektoruna, rəsmi şəxslərə və oliqarxlara qarşı sanksiyalar başlandı.

Amma son günlərdə ABŞ-da bu sanksiyaların uğursuz olması və gözlənilən nəticəni verməməsi haqqında müzakirələr başlayıb.

Belə olan vəziyyətdə ABŞ öz vətəndaşlarına, səyahət edənlərə Rusiya ərazisini tərk etməyi təklif edir.

Eyni anda Rusiya tərəfindən Ukraynanın hansı ərazilərinə və haradan nüvə zərbəsi endirəcəyi haqqında, Rusiyanın bütün nüvə buraxılış nöqtələrinin ABŞ tərəfindən nəzarətdə saxlanılması haqqında məlumatlar yayılır.

Soyuq müharibə illərində bəzi dahilərə sual verəndə ki, 3-cü Dünya müharibəsində əsas silah hansı olacaq, onlar bildirirdilər ki, 3-cü Dünya müharibəsinin silahı müəyyən olmasa da, 4-cü Dünya müharibəsinin silahı ox və kaman olacaq.

İndi görünür ki, böyük dövlətlər artıq bunu məqbul hesab etmirlər, görünür ki, hərbi texnologiyalar çox inkişaf edib və böyük dövlətlər ayrıca götürülmüş bir ərazidə nüvə silahından istifadəni məqbul hesab edirlər. Nüvə zərbəsinə qarşı əks-hücum texnologiyalarına güvənirlər.

Bəzi ölkələrdə mülki-müdafiə ilə bağlı aktivlik də bunun göstəricisidir.

Yəni böyük dövlətlər artıq lokal nüvə müharibələrini göz altına alıblar.

Putin deyir ki, nüvə zərbəsi blef deyil. ABŞ da deyir ki, Rusiyanın nüvə potensialı nəzarətimizdədir. ABŞ nüvə hücumuna qarşı əks-hücum texnologiyalarının daha effektiv olacağına əminlik nümayiş etdirir.

Hələlik Putini dayandırmaq mümkün olmayıb və bu, real da görsənmir. Yəni Rusiya xalqının, dünyanın sülh tərəfdarlarının onu dayandıra biləcəyi indiki anda ağlabatan görsənmir.

Qaranlıq qalan odur ki, Rusiya nüvə zərbəsini nə zaman, haradan və haraya endirəcək ?

 

Fərhad Mehdiyev, professor:

- İranda hadisələrin daha da alovlanması erməniləri təxribata çəkib Azərbaycana preventiv zərbə endirmələri üçün həvəsləndirə bilər. Belə bir şey olsa, Azərbaycan Ordusu Zəngəzura daxil olaraq oranı tam əhatə edən bufer zonası quracaqdır.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Levon Ter-Petrosyan balabanda ABŞ-a deyib ki, vəziyyətimizi ağırlaşdırma... Bizi qırğına vermə. Sülh bağlanmasa, Ermənistan yox ola bilər.

Onun son müsahibəsi revanşist xəyallarla yaşayanlar üçün "soyuq duş" effektidir.

 

Fərhad Məmmədov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru:

- ABŞ-ın fəallığı nəyə gətirib çıxara bilər?

Brüssel görüşü və Ermənistanın axırıncı təxribatından sonra ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında xüsusi aktivlik nümayiş etdirir. Buna qədər ABŞ Aİ-nın təşəbbüsünü dəstəkləyirdi. Lakin Blinkenin regiona xüsusi diqqəti və yeni xətt kimi ABŞ-ın müdafiə nazirinin müavininin Azərbaycan və Ermənistan hərbçiləri ilə danışıqları ABŞ-ın təşəbbüsü ələ keçirməyə çalışdığını göstərir. ABŞ-ın beynəlxalq vəziyyətə təsir göstərə bilməsi Dövlət Departamenti ilə Pentaqonun ümumi çağırışlara birgə cavab verə bilməsindən asılıdır. Bu mənada H.Hacıyevin müdafiə nazirinin müavini ilə də görüş keçirməsi təsadüfi deyil.

Niyə məhz indi?

ABŞ Rusiyanın resurs və regiona təsir vasitələrinin məhdudlaşdığını görüb yaranan nüfuz vakuumunu doldurmağa çalışır. Lakin Moskvanın nüfuzunun azaldılması Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını tələb edir. Baydenin Paşinyana göndərdiyi təbrik məktubunda "rifah və dinc gələcək naminə Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırma"lı olması xüsusi qeyd edilir. ABŞ dərk edir ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması onun Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılılığını aradan qaldıracaqdır.

Məktubda ABŞ-ın regional proseslərə "ikiqat" çox diqqət ayırmaq niyyətində olmasının Azərbaycan üçün mənfi və müsbət tərəfləri vardır.

Mənfi tərəf ondan ibarətdir ki, ABŞ region ilə bağlı planlarını axıra qədər açıqlamır. ABŞ səfirinin Şuşaya səfərdən imtina etməsi və ya Baydenin məktubda "münaqişə" və "Dağlıq Qarabağ xalqı" ifadələrindən istifadə etməsi ABŞ-ın bu ərazini hansısa "status" çərçivəsində nəzərdə keçirdiyini düşünməyə əsas verir. Azərbaycan haqlı olaraq bu yanaşmaya kəskin reaksiya verir.

Müsbət tərəf ondan ibarətdir ki, ABŞ-ın aktivliyi sülh sazişinin imzalanmasını məntiqi sonluğa yaxınlaşdırır. İndiyə qədər mövqeyini təsbit edə bilməyən Ermənistan güc mərkəzlərinə üzünü tutub sülh prosesini hər vasitə ilə uzatmağa çalışırdı. ABŞ Ermənistanın üz tutduğu sonuncu güc mərkəzidir.

Bakı artıq Moskva və Brüssel formatlarında Qarabağ məsələsinin qaldırılmamasına nail ola bilmişdir. Eyni siyasət Vaşinqtona qarşı münasibətdə də aparılacaqdır: ABŞ Ermənistan-Azərbaycan gündəliyi üzrə konkret mövqe formalaşdırmalı, Azərbaycan isə milli təhlükəsizlik prioritetləri baxımından bu mövqeyə lazımi düzəlişlərin edilməsinə nail olmalıdır.

Misal üçün, Aİ-nin ilk bəyanatında "münaqişə", ikinci bəyanatında isə "Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyi" ifadələri yer alsa da, sonuncu bəyanatda "Qarabağ", "status", "münaqişə" və ya "Minsk qrupu" ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır.

Eyni ilə prezidentlik uğrunda mübarizə aparan Bayden Azərbaycana qarşı 907-ci düzəlişi işə salmağı tələb edirdi. Prezident seçildikdən sonra isə 907-ci düzəlişi dondurmuş, 2022-ci ildə isə Azərbaycan Prezidentinə qısa fasilələrlə bir neçə məktub göndərmişdir. 2021-ci il məktubunda Bayden ABŞ-ın Minsk qrupunun həmsədri kimi "münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını" bildirsə də, 2022-ci il məktublarında ABŞ-ın "regional barışığı təşviq etmək üçün Azərbaycanla birgə işləyəcəyi", ABŞ-ın "Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyi" qeyd edilmişdir. 2021-ci ildə Azərbaycanı demokratiya sammitinə dəvət etməyən Bayden, 2022-ci il məktubunda "qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi" istiqamətində Azərbaycan Prezidentinin davamlı addımlarını alqışladığını bildirmişdir.

Beləliklə, ABŞ-ın regional məsələlərdə xüsusi aktivlik nümayiş etdirməsi sülh prosesinin son mərhələyə qədəm qoymasından və Azərbaycanın 44 günlük müharibənin nəticələrini möhkəmləndirmə şansı əldə etməsindən xəbər verir. Sülh sazişinin qısa zamanda imzalanması ABŞ-dan mövqeyini konkretləşdirmək, Azərbaycandan isə lazım gəldikdə bu mövqeyi diplomatik yollarla korrektə etmək tələb olunur.

 

Asif Nərimanlı, jurnalist:

- Ermənistanın PKK-nın iki üzvünü Türkiyəyə təhvil verməsi maraqlı məqamları da ortaya çıxardı.

Birincisi, bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu;

İkincisi, tarix boyu erməni terror təşkilatları ilə çiyin-çiyinə addımlayan, I və II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş PKK ilə İrəvan arasında narazılıqlar yarandı;

Üçüncüsü, bu, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlarından biri olaraq qəbul edilə bilər;

Atilla Çiçek (kod adı "Lexenk") və Hüseyn Yıldırım (kod adı "Alişer") 2021-ci ilin 16 avqustunda Araz çayı üzərindən Ermənistana qanunsuz keçməkdə və silah-sursat keçirməkdə ittiham olunublar. Birinci instansiya məhkəməsi 7 il həbs cəzası versə də, apellyasiya məhkəməsi 3 il şərti cəza ilə sərbəst buraxmaq haqda qərar qəbul edib.

Qərar 23 fevral 2022-ci il tarixində verilsə də, terrorçular sərbəst buraxılmayıb. Onlar haqda məlumat Türkiyəyə təhvil verildiyi zaman ortaya çıxıb.

Ermənistan Ədliyyə Nazirliyi "təhvil vermə" prosesindən xəbərsiz olduğunu deyir. "Ermənistan" fraksiyasının deputatı Qeqam Manukyan Atilla Çiçək və Hüseyn Yıldırımın Türkiyə kəşfiyyat orqanı olan MİT-ə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təhvil verdiyini desə də, MTX bunu "böhtan" və "qarayaxma kampaniyası" adlandırıb.

O zaman terrorçuları MİT-ə kim təhvil verib?

PKK terror təşkilatının Ermənistana ünvanlanan etiraz açıqlamasında bu suala cavab tapmaq mümkündür. Terror təşkilatı bəyan edir ki, Atilla Çiçək və Hüseyn Yıldırım aplleyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılmalı olsalar da, onları Ermənistanın xüsusi xidmət orqanları "oğurlayıb" və MİT-ə veriblər.

Bu, Ermənistanın PKK əleyhinə ilk addımıdır və terror təşkilatı ilə İrəvanın əlaqələrində problemlərə yol aça bilər.

Erməni və PKK terror təşkilatları Azərbaycan və Türkiyəyə qarşı tarix boyu birgə mübarizə aparıb. Hətta yaralı PKK-çıların Emənistanda müalicə olunduğu, o cümlədən, Avropaya getmək üçün bu ölkədən istifadə etdiyi haqda məlumatlar var. Terrorçular 44 günlük müharibədə də Ermənistan tərəfindən döyüşürdü. İndi "sərbəst buraxılacağı" vədi verilən terrorçuların Türkiyəyə təhvil verilməsi PKK-Ermənistan əlaqələrində çatların yaranması ilə nəticələnə bilər. Terror təşkilatının etiraz açıqlamasının mətni də bunu deməyə əsas verir.

Ermənistan hakimiyyəti isə bu addımla Türkiyə ilə münasibətlərin normallaşması prosesində jest edir. Mümkündür ki, Ankara-İrəvan danışıqlarında terrorçuların təhvil verilməsi məsələsi də masada olub.

 

Səbinə Məlikova, jurnalist:

- Avropa İttifaqı Ukraynaya 5,5 milyon kalium yodid dərmanı göndərir. Bu dərman insanları radiasiyanın təsirlərindən qorumaq üçündür. Dərmanlar Ukrayna hökumətinin istəyi ilə göndəriləcək.

Polşada isə bu dərmanlar məktəblilərə verilmək üçün hazır vəziyyətdə saxlanılır.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya

Nüvə zərbələri üçün ilkin olaraq bir neçə obyekt seçib. Onlardan biri Lvov yaxınlığındakı Yavrovoyskiy poliqonudur. Güman ki, Rusiya niyyətinin ciddi olduğunu sübut etmək üçün öncə poliqona bomba atacaq.

"3 günlük dünyadır" dediyimiz vaxt gəlib çatıb deyəsən.

 





30.09.2022    çap et  çap et