525.Az

Nə olar, bizə qanad ver... - Gülşən Nail yazır


 

Nə olar, bizə qanad ver... - <b style="color:red"> Gülşən Nail yazır</b>

Bayırda şiddətli külək əsir, illərdir bar verməyən alça ağacının sonsuz budaqlarını şüşələri laxlamış taxta pəncərəyə çırpırdı. Şimşək çaxarkən divarda qaçışan kölgələrdən qorxan qızcığaz yorğanını gözünə qədər çəkmiş, alçaq kənd evinin xudmani otağı yatanların nəfəsi ilə isinmişdi. Yan-yana düzülmüş ağır yun döşəklərin mələfələri köhnəlmiş, saralmışdı. Bir tərəfdən göy gurultusu, o biri tərəfdən fərqli notlar üzrə səslənən xorultular bu çəlimsiz qızın yuxusuna haram qatmışdı. Otağın qapısına qədər ayaq basmağa yer yox idi. İşdir, ürəyin su istəsəydi, ya yatanları ayaqlamalı,  ya da səhərə qədər dözməli idin. Yaxşı ki, su içmək istəmirdi.

Sağ tərəfində yatan böyük bacısı ayağını düz onun ürəyinin üstünə qoymuşdu. Nəfəs almaqda çətinlik çəksə də, qorxusundan cınqırını çıxarmırdı. Çox şüvən bacısı var idi, həm də ondan güclü idi. Dava düşsə, mütləq döyülərdi. Ona görə kəsik-kəsik nəfəs alaraq birtəhər dözürdü. Tərslikdən, yuxu tutmurdu ki, bu qorxunc gecə bitəydi. Söhbət etməyə heç kim olmadığına görə döşəyin içində itmiş balaca qız düşüncələrə dalmışdı. O, görmədən danışa biləcəyi tək varlıqla - Allahla bölüşürdü  düşüncələrini:

- Görəsən, oyuncaqlarım tək qalanda canlanırlar? Allahım, nolar, mənimlə də danışsınlar. Söz verirəm, heç kəsə demərəm. Bir mən bilərəm, bir də sən. Heç anama da demərəm. Axı başqa dostum yoxdu. Bircə sarı hörüklü kuklam danışsa da, bəsdi. Ən sevdiyim oyuncağım odur. Atam ad günümə hədiyyə almışdı. İndi azca köhnəlib, gözlərindən biri də qopub. Amma heç eybi yoxdur, atam düzəldər. Nənəm deyir ki, sən uşaqların dualarını tez eşidirsən. Mən ki aylardır dua edirəm. Bəs niyə istədiklərim olmur? Yoxsa mən uşaq deyiləm? Axı hələ də qənd yeyirəm. Söz verirəm ki, böyüyəndə yeməyəcəm, heç çayla da... Dişlərim tökülər, gözəl qız olmaram. Bacım anama oxşayır, o gözəldi. Mən isə çirkinəm. Güzgüyə heç baxmaq istəmirəm. Yaxşı ki, boyum da çatmır. Babam özü üçün asıb onu.  Mən baxmaq istəsəm bircə gözlərimi,  barmaqlarımın ucuna qalxanda isə burnumu da görə bilirəm. Ancaq atam qucağına alanda güzgüyə çatıram. Yaxşı ki, atam məni çox qucağına almır... Bir də niyə mənim qanadlarım çıxmır ki? Anam hər dəfə toyuq bişirəndə qanadlarını mənə verir. Deyir, ye, qanadların çıxsın. Mən onların hamısını yedim axı. Əslində... bircə dəfə... məstanımız üzümə elə baxdı ki, yazığım gəldi. Payımı ona verdim. Ancaq, ancaq bir dəfə. Daha heç vaxt etmərəm. Mənə qanad vermirsən ki, o biri uşaqlara haqsızlıq olar? Nənəm deyir, sənin edə bilməyəcəyin şey yoxdu. Gəl, belə eləyək: sən bizim hamımıza qanad ver. Söz verirəm ki, onlarla danışaram, heç kimə demərik. Elə bilmə ki, uşaqlar sirr saxlaya bilmirlər. Bir dəfə də olsun, bacımın döşəklərin arasındakı şokoladdan oğurladığını anama deməmişəm. Yaxşı... boynuma alıram, ondan bir az qorxuram, çox az ha. Neynəyim, məni gücsüz yaradan sənsən. Əllərim bapbalaca, qollarımda güc yox. Məni ipdartdı oyununa heç vaxt götürmürlər. Hansı tərəfdə olsam, uduzur. Bax indi bu ayağı üstümdən qaldırmağa belə gücüm yoxdur. Fikrimi dəyişdim... Qanad istəmirəm, kuklalarım da danışmasın, daha  qənd də yemərəm. Əvəzində mənə böyük əllər, güclü qollar ver. Axı uduzmaqdan yorulmuşam... Nənəm deyir ki, səni hər kəsdən, lap anamdan da çox sevməliyəm. Mən səni sevirəm, sən də məni... sev..., olar...mı...?"

Düşüncələrə dalan qızcığazın kirpikləri yavaş-yavaş qovuşdu. Həzin fısıltısı otağı götürən xorultuların arasında eşidilməz oldu. Artıq yağış dayanmış, göy üzü açılmışdı. Çöldə sərin meh əsirdi. Yuxuda danışan nənədən başqa heç kimin səsi gəlmirdi. Birdən səmadan otağa parlaq bir yol açıldı. Buludların əsarətindən xilas olan Ay alça ağacının titrəşən yarpaqları arasından gümüşü şüalarını uzadaraq mışıl-mışıl uyuyan mələyin yanaqlarını tumarladı. Üzü qıdıqlandığından dodaqları çəkildi, yatdığı yerdə gülümsədi. Özü də bilmədən yuxulu əlləri ilə döş qəfəsini sıxan ayağı itələyib üstündən atdı. Sən demə onun qollarında düşündüyündən də çox güc var imiş. Bacısı bir az qurcuxub yatmağına davam etdi, onun üçün heç nə dəyişmədi. Ancaq o gecədən etibarən bizim balaca qəhrəman üçün  çox şey dəyişəcəkdi.

 





30.09.2022    çap et  çap et