525.Az

Haqq yolundan dönməyən qəhrəman - Şahanə Müşfiq yazır


 

Haqq yolundan  dönməyən qəhrəman - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Hazırda yaşadığımız bu günlər artıq iki ildir ki, xalqımız üçün ən həssas, ən kövrək, ən qürurlu dövrlərdən biridir və üstündən neçə illər keçməsinə baxmayaraq, belə olaraq da qalacaq. Çünki 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən haqq savaşımız-Vətən müharibəsində bu günlərin hər birində hansısa mühüm hadisələr baş verirdi. 44 günün hər günündə duyğudan-duyğuya keçdik, hissdən-hissə qapıldıq. Torpaqlarımızın bir-birinin ardınca gələn azadlıq xəbərlərinə sevindik, qürurlandıq, xoşbəxt olduq. Eyni zamanda, demək olar ki, hər gün gələn şəhid xəbərləriylə də üzüldük, darmadağın olduq. Sanki gülə-oynaya, sonsuz fəxrlə, bitib-tükənməz ümidlə yola saldığımız, vətənimizi, bayrağımızı, varlığımızı əmanət etdiyimiz oğullarımız o əmanətlərimizə can bahasına sahib çıxaraq torpaq-torpaq qayıtdılar üstümüzə. 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaq indi həm də o şəhidlərimizin qanı qarışdığı üçün müqəddəsləşdi.

Məhz buna görədir ki, bu günlər hər birimiz üçün ən həssas, ən kövrək günlərdir. Çünki bu günlər şəhidlərimizin anım ildönümləridir.

Sizin 30 sentyabrda oxuyacağınız bu yazını mən 29 sentyabrda qələmə alıram. Özü də o saatlarda ki, hazırda onlarla şəhidimizin qapısında, məzarında onun Anım günü yad edilir. Onlardan biri də şəhid Amanov Əhməd Tahir oğludur. Sentyabrın 28-də-döyüşlərin ikinci günündə qəhrəmancasına şəhadətə ucalan tankçı Əhməd iki il öncənin məhz bu günündə torpağa tapşırılıb. İndi onun atası, bacıları, sevənləri və bütün el-oba məzarı başındadır, ruhuna dualar oxuyurlar. Biz də qələmə aldığımız bu yazı vasitəsiylə şəhid Əhməd Amanovun timsalında bu gün Anım günü olan bütün şəhidlərimizi yad edir, Allahdan rəhmət diləyirik.

lll

Şəhid Əhməd Amanov 1994-cü il sentyabrın 4-də Yevlaxın Salahlı kəndində doğulub. Orta təhsilini B.Alıyev adına orta məktəbdə alıb. Anası Almaz xanım xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün Əhməd təhsilini davam etdirə bilmir. 2009-cu ildə 9-cu sinifdən çıxmaq məcburiyyətində qalır. Atasıyla işləyir ki, anasının dərmanlarını ala bilsin. Lakin təəssüf ki, anası 2011-ci ildə vəfat edir. 2012-ci il oktyabrın 1-də Füzulinin Horadiz kəndində Kəşfiyyatçı çavuş olaraq xidmət edib. 2014-cü ildə qayıtdıqdan sonra bir müddət HMD (Hərbiləşdirilmiş Mühafizə Dəstəsində) işləyir. 2017-ci ildə yenidən hərbi xidmətə qayıdır, Gəncədə MAHHXHQ tankçı, baş mexanik, sürücü olaraq xidmət edib, xidmətinin davamını isə Mingəçevirdə edib.

Gənc yaşından taleyin acı sınaqlarıyla baş-başa qalan Əhməd iki bacısına, xəstə atasına, gənc ailəsinə baxmaq üçün gecə-gündüz çalışıb, yorulmadan işləyib. Əlbəttə, bütün bacıların arzusu qardaş toyu görməkdir. Şükür ki, tale Əhmədin bacılarına bu sevinci yaşadım. 2018-ci ilin 18 noyabrında bacılar qardaş toyunda qol götürüb oynayıb, onun sevincinə seviniblər. 2020-ci ilin 7 mayında isə ailə yeni bir sevinclə mükafatlandırılıb: qardaşlarının oğul balası dünyaya gəlib. Əhmədin arzusuyla körpəyə atasının adı verilib. Onun başqa bir arzusu da qızının olması və ona da anasının adını vermək imiş. Heyhat! Tale biz deyənləri desəydi...

Ürəyi hər zaman vətən eşqiylə döyünən Əhməd Qarabağın işğalıyla heç zaman barışa bilmirmiş. Bizə aid, əzəli-əbədi torpaqlarımızda gəzən düşmən tapdağı onun ən böyük qəzəb, kin yeriymiş və o, hər bu haqda söz düşəndə "alçaqlar bizim torpaqlarımızda ağalıq etmək istəyirlər" deyərmiş. Yox, o alçaqlar öz arzularına çatmayacaqdılar. Çünki bu yurdun. Bu torpağın Əhməd kimi igidləri, qəhrəman oğulları var.

Beləcə, Əhmədin və digər vətən eşqiylə alışıb-yanan oğullarımızın gözlədiyi məqam yetişir, Qarabağa qovuşmaq üçün ümid işığı yanır. Təbii ki, bu cür ürəyə və qeyrətə sahib oğul bu ümid işığının arxasıyca sonuna qədər getməli idi. Elə də olur. İki bacının tək qardaşı olan Əhməd 2020-ci ilin yayında Tovuz döyüşlərinin iştirakçısı olur. Son dəfə isə sentyabrın 27-də Talış-Suqovuşan istiqamətində döyüşlərə qatılır.

O, təcrübəli tankçı kimi ən öndə gedirmiş. Döyüş yoldaşlarının dediyinə görə, idarə etdiyi 2 tankı düşmən tərəfindən vurulmasına baxmayaraq, heç nədən qorxmadan irəli gedirmiş. Hətta ilk tankı vurulanda komandiri şəhid olsa da, Əhməd o tankdan sağ çıxmağı bacarır və daha qətiyyətlə önə atılır. Bu dəfə onun qəlbində həm də komandiri başda olmaqla, şəhid olan döyüş yoldaşlarının qisas hissi vardı. Buna görə də ikinci tankıyla o, düşmənin üstünə yeriyir, xeyli sayda düşmən məhv edir. Nə yazıq ki, onun bu tankı da vurulur. Burada isə onunla birlikdə olan tuşlayıcı əsgər şəhid düşür. Əhməd yolundan dönməyərək döyüşə piyada davam edir. Döyüşlərin ikinci günündə ona üçüncü tank verilir. Lakin o, artıq təcrübəli tankçı kimi düşmənin hədəfində idi. Sentyabrın 28-i idarə etdiyi növbəti tankdan sağ çıxa bilməyən Əhməd şəhidlik zirvəsinə ucalır.

O, şəhadətindən 55 dəqiqə öncə ailəsiylə və dostuyla danışıb. Dostuna vəziyyətin pis olduğunu, çox güman qayıtmayacağını, qayıda bilməzsə, ailəsini ona əmanət etdiyini deyib. Ə.Amanov doğulduğu Salahlı kəndində anasının yanında dəfn edilib. 18 noyabr 2018-ci ildə ailə həyatı quran şəhidimizin Vətənə əmanət bir oğlu qalıb. Ailəsi körpənin adını dəyişib atası Əhmədin adını qoyub. Şəhadətindən sonra Ə.Amanov "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bu gün şəhid Əhmədin evində onun adını daşıyan əmanəti böyüyür. Bibiləri qardaşlarının qoxusunu, anası ömür-gün yoldaşının nəfəsini bu körpədən alır. Əhməd kimi şəhidlərimiz cavan ömürlərini bu yurd uğrunda fəda edərkən vətəndən və qələbədən başqa heç nəyi, heç kimi düşünmürdülər. Ancaq bu gün böyük bir xalq onları düşünür, yad edir, açdıqları yolda qürurla addımlayır, onların şəhid adını hər şeydən uca, məzarlarını qibləgah, səcdəgah bilir. Cavan ömrünü doğulduğu aydaca başa vuran, balasına doya bilmədən bu dünyadan nakam köçən Əhməd və onun kimi minlərlə şəhidimizin xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Tək diləyimiz isə hər zaman onların ruhlarına layiq vətəndaş olmaqdır!

 

 





30.09.2022    çap et  çap et