525.Az

Məktəbdə psixoloji xidmət təhsildə yüksəlişə yardım edir


 

Məktəbdə psixoloji xidmət təhsildə yüksəlişə yardım edir<b style="color:red"></b>

Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm rolu var. Bu mənada, məktəbdə psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə, prinsip və funksiyalara əsaslanır. Məktəblərdəki  psixoloji xidmətin əsas  vəzifəsi təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqu öz vəzifələrini yerinə yetirmək, qarşıya qoyduğu məqsədə çatmaq, daha doğrusu, təhsilalanların psixoloji sağlamlığına, təhsil uğurlarına nail olmaq üçün məktəb rəhbərliyi, müəllim və valideynlərlə birgə fəaliyyət göstərir və məsləhətlər verir. Bir sözlə, məktəb psixoluqunun başlıca məqsədi təhsilalanlar və təhsilverənlər üçün əlverişli psixoloji inkişaf mühitinin yaradılmasına nail olmaqdır. Dünyanın bir çox ölkəsində -ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya, Türkiyə   məktəblərində iki, üç psixoloq xidmət göstərir. Azərbaycan məktəblərində də şagirdlər psixoloq dəstəyindən yararlana bilirlər.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, nəzərə alsaq ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir, bu halda məktəbə psixoloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Əlbəttə, söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir.

Ekspertin sözlərinə əsasən, müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur.

Təhsil eksperti qeyd edib ki, rəsmi məlumata görə hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində 3 mindən çox psixoloq çalışır. Bununla belə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir.

Elm və təhsil naziri Emin Əmrullayevin fikrincə, məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır: "Məktəb psixoloqlarının sayı sinif komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi öhdəmizə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir".

Nazirin dediyinə görə, hazırda məktəblərdə çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində işlər aparılır: "Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Əksər  ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada, çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaq, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Başqa sözlə desək, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlara ehtiyac var.

Təhsil ekspertinin dediyinə görə, ölkənın orta məktəblərində psixoloq xidmətin təşkilinə bir neçə ildir ki,  başlanılıb. Bu səbəbdən də orta məktəbdə çalışan psixoloqların bir qisminin ixtisas dəyişəndən sonra bu psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik: "Son illər ərzində Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi  bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu həyata keçirərlər. Çünki eyni bir proses səhiyyədə də baş verir. Klinik psixoloqlar  tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əməkhaqqı alsınlar. Eləcə də orta məktəbdə, onların ştat vahidini səhv etmirəmsə həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar. Yenə də deyirəm, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla işini görə bilsin. Yəni, konkret olaraq psixoloqun öz otağı olmalıdır ki, burada onlar testlər apara, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynovanın sözlərinə əsasən, ailədaxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir göstərir. Bu baxımdan orta məktəblərdə uşaqlara psixoloji xidmətin göstərilməsi yaxşı haldır: "Ancaq təssüflər olsun ki, bu gün məktəblərdə çalışan psixoloqların sayı azlıq təşkil edir. Hətta məktəblərin bəzilərində ümumiyyətlə, psixoloq yoxdur. Bu da təbii ki, şagirdlərə göstərilən psixoloji xidmətin keyfiyyətinə öz təsirini göstərir. Orta məktəblərdə psixoloq xidmətinin göstərilməsi olduqca vacibdir. Buna görə də hesab edirəm ki, orta məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Bəzən görürsən ki, uşaq 1-2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Belə olanda ya onun ailə problemi var, yaxud, təhsilində nöqsanlar olur, ya da uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. Gərək o dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini göstərsinlər. Biz bunu görmürük. Amma bu, çox vacib məsələdir. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır".

"Ümumi təhsil haqqında" Qanununun tətbiqi barədə" Prezidentin müvafiq Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara əsasən, Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı belə  müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid; 1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; 1.3. şagird sayı 3000-dən çox olduqda, 3 vahid. Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( BŞTİ) tərəfindən mütəmadi olaraq məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək məqsədilə layihələr, təlimlər həyata keçirilir. Təlim zamanı məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə intihara cəhd edən, eyni zamanda zorakılığa  məruz qalan uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilir.

Sevinc QARAYEVA

 





30.09.2022    çap et  çap et