525.Az

Vətən müharibəsinin xronikası: 1 oktyabr, 2020-ci il


 

Vətən müharibəsinin  xronikası: <b style="color:red"> 1 oktyabr, 2020-ci il</b>

(5-ci gün)

Müdafiə Nazirliyi xəbər verib ki, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmənin canlı qüvvədə, hərbi və döyüş texnikası baxımından xeyli sayda itkisi var. Düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib.

lll

Məlumat verilib ki, Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi sıradan çıxarılıb.

lll

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.

lll

Azərbaycanın Baş Prokurorluğun yaydığı məlumatda vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 evə, həmçinin, 40 mülki obyektə külli miqdarda ziyan vurulub.

 

 

 





01.10.2022    çap et  çap et