525.Az

Rusiya-Ukrayna müharibəsinin əleyhdarları sürətlə artır - Xaqani Cəfərli yazır


 

Rusiya-Ukrayna müharibəsinin əleyhdarları sürətlə artır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Çinin xarici işlər naziri Vanq Yi və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Rusiyanı Ukraynada müharibəyə son qoymağa və böhranı danışıqlar yolu ilə həll etməyə çağırıblar. Ukraynanın ərazi bütövlüyünə sədaqətlərini ifadə edən nazirlər bütün tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə alan, balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturasını qurmasının tərəfdarı olduqlarını bəyan ediblər.

Xarici işlər naziri Subrahmanyam Caişankar qeyd edib ki, Ukraynada münaqişə qızışaraq davam etdiyi üçün tez-tez Hindistanın hansı tərəfdə olduğunu soruşurlar: "Biz yeganə çıxış yolu kimi dialoq və diplomatiya çağıran tərəfin yanındayıq".

Mətbuatda yer alan məlumatlara görə isə, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində Çin, Hindistan və Türkiyə liderləri Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibəni dayandırmağa çağırıblar. Hətta belə məlumatlar var ki, liderlər arasında mübahisə də yaranıb. Mətbuatın bu məlumatı rəsmən təkzib edilmədiyi üçün həqiqət kimi qəbul olunur. Yenə mətbuatın məlumatına görə, Rusiyadan Ukraynadakı müharibəni dayandırmağı tələb edənlər arasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev də olub.

Rəsmən təkzib edilməyən bu məlumatlar, eləcə də Çin və Hindistanın xarici işlər nazirlərinin müraciəti onu göstərir ki, Ukraynadakı müharibənin əleyhdarları artır. Bütün məlumatlar Rusiyanın sürətlə təkləndiyini göstərir. BMT Baş Assambleyasında Ukraynanın təklifi ilə bağlı keçirilən səsvermədə Hindistan, Türkiyə və Qazaxıstanın Kiyevin mövqeyini dəstəkləməsi Moskva üçün növbəti xəbərdarlıq idi. Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasına videoformatda müraciət etməsinə Baş Assambleyanın razılıq verilməsi ilə bağlı səsvermədə 101 ölkə Kiyevin təklifinin lehinə, cəmi 7 ölkə əleyhinə səs verib. Həmin 7 ölkədən biri Rusiyanın özüdür. Kiyevin təklifinə Rusiya ilə yanaşı, Belarus, Kuba, Şimali Koreya, Eritreya, Nikaraqua və Suriya çıxış ediblər. Çox maraqlıdır ki, bu səsvermədə hətta İran da Rusiyanı dəstəkləməyərək bitərəf qalıb. İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsi Kiyevlə Tehran arasında gərginlik yaradıb. Eyni zamanda, İran Rusiyaya hərbi yardımına görə Qərbin də qəzəbinə gəlib. Belə bir vəziyyətdə İran BMT Baş Assambleyasında da Ukraynanın əleyhinə gedə bilməyib. İran Rusiyanın qalib gəlməsində maraqlı ölkələrdən biri olmasına baxmayaraq, açıq şəkildə Ukraynaya qarşı çıxış etməkdən də çəkinir. Xüsusilə İranda yaşanan son olaylar Tehranı daha ehtiyatlı mövqe tutmağa vadar edir.

Rusiyanın özünü qorumaq üçün müxtəlif silahlardan, o cümlədən də, nüvə silahından istifadə edəcəyi ilə bağlı Prezident Vladimir Putinin sərt açıqlaması Moskvanın daha çox təcrid vəziyyətə düşməsinə səbəb olub. Xüsusilə də ABŞ rəsmilərinin açıqlamaları Rusiyanın vəziyyətin zamanla daha da pisləşəcəyindən xəbər verir.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan bildirib ki, biz ruslara nüvə silahından istifadənin fəlakətli nəticələrə səbəb olacağını söylədik: "Rusiya prezidentinin ölkəsinin nüvə potensialına dair əvvəlki qeydləri bizi Ukraynaya 15 milyard dollardan çox silah verməkdən çəkindirmədi. Eyni məsələyə istinadlar bizi indi də çəkindirməyəcək".

Cek Sallivanın ardınca ABŞ-ın daha bir yüksək rütbəli rəsmisi, Dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edərək deyib ki, Kremlin nüvə silahından istifadə ilə bağlı hədəsi məsuliyyətsiz ritorikadır: "Biz ruslara çox açıq şəkildə bildirdik ki, onlar nüvə silahları haqqında boş söhbətləri dayandırmalıdırlar". Dövlət katibinin nüvə silahından istifadənin nəticəsinin dəhşətli olacağı ilə bağlı fikri isə vəziyyətin hansı həddə çatdığını göstərir.

Rusiya geri çəkilmir və Ukraynanın dörd vilayətini saxta referendum vasitəsilə özünə birləşdirməklə vəziyyəti daha gərginləşdirir. Xarici işlər naziri Sergey Lavrov Rusiyanın tərkibinə daxil edilmiş yeni ərazinin "dövlətin tam himayəsi" altında olacağını bildirib. Bu isə o deməkdir ki, bu əraziləri geri almaq üçün Ukraynanın hərbi əməliyyatlarını Rusiyaya özünə qarşı hücum kimi dəyərləndirə bilər. Prezident Vladimir Putin isə bəyan edib ki, Rusiya özünü qorumaq üçün nüvə silahı da daxil olmaqla malik olduğu bütün silahlardan istifadə edəcək. Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı suallara qarşıdakı həftə, bəlkə qarşıdakı bir-iki gün içərisində aydınlıq gələcək. Çünki Ukrayna ordusu Rusiyanın özünə birləşdirdiyini elan etdiyi dörd vilayətin üçündə, Donetsk, Luqansk və Xerson vilayətlərində uğurlu hərbi əməliyyatlar həyata keçirir.

ABŞ-dakı Müharibənin Tədqiqi İnstitutunun (ISW) təhlilinə görə, Rusiya qüvvələri tezliklə Donetsk vilayətinin Liman şəhəri yaxınlığında ağır məğlubiyyətlə üzləşə bilər. Ukrayna Silahlı Qüvvələri üç istiqamətdən Liman şəhərini mühasirəyə alıb. Əgər Rusiya ordusunun yeganə əlaqə yolu kəsilsə, bir neçə min Rusiya əsgəri tam mühasirəyə düşəcək. Liman şəhərindəki qüvvələrin məhvi isə Rusiyanın Donetskin şimal, Luqanskın qərb hissəsindəki ordusu üçün təhlükə yaradacaq.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Rusiya ordusunun Xerson vilayətində də ağır vəziyyətə düşməsinə səbəb olub. Rusiyanın bu ərazidəki 20 minədək hərbçisinin mühasirəyə düşmə ehtimalı var.

Rusiyanın problemləri isə bununla da qurtarmır. Qismən hərbi səfərbərlik Rusiyada siyasi sabitliyi pozmaq ərəfəsindədir. Hərbi komissarlıqlar yandırılır, hərbi komissar güllələnərək öldürülür. Bütün Rusiya boyu səfərbərlik əleyhinə keçirilən etirazlar səngimək bilmir. Belə bir vəziyyət isə uzun müddət davam edə bilməz.

 

 





01.10.2022    çap et  çap et