525.Az

Təhsil tariximizdə Şuşa müstəsnalığı


 

TƏHSİL SAHƏSİNDƏ DƏ AZƏRBAYCANA BÖYÜK TÖHFƏLƏR VERMİŞ ULU MƏDƏNİYYƏT PAYTAXTIMIZDA BU ƏNƏNƏLƏR UĞURLA DAVAM ETDİRİLƏCƏK

Təhsil tariximizdə Şuşa müstəsnalığı<b style="color:red"></b>

Sentyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirib ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Ölkənin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verir. Şuşada 1 saylı tam orta məktəbin inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları yerlə-yeksan edilib. Şuşa Realnı Məktəbi də ermənilər tərəfindən dağıdılıb.

Hazırda işğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülür. Qarabağda həyata keçirilən infrastruktur layihələrinin başında məhz təhsil müəssisələrinin yenidən qurulması, məktəblərin və ali təhsil ocaqlarının bərpası dayanır. Düşmənin məhv etdiyi tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə tam cavab verəcək, Azərbaycan təhsilinə əhəmiyyətli töhfə vəd edən təhsil ocaqlarının tikintisi planlaşdırılır.

Elm və təhsil naziri Emin Əmrullayevin dediyinə görə, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə, işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb: "Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək. Qeyd edim ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək. Ermənilər tərəfindən xarabalığa çevrilən Şuşa Realnı Məktəbi hər kəsə məlumdur. Ən qədim təhsil ocaqlarından hesab edilən Realnı məktəbinin əsası 1881-ci ildə qoyulub. Tarixi qədim, əhəmiyyəti böyük olan təhsil müəssisəsi dövrünün nümunəvi maarif ocağı sayılırdı".

Təhsil eksperti Şahlar Əsgərov deyir ki, artıq işğaldan azad edilən Qarabağımızda təhsil müəssisələrinin yaradılmasına başlanılıb. Məlumdur ki, ermənilər ərazilərimizdə 30 ilə yaxın müddətdə bütün təhsil infrastrukturunu darmadağın ediblər. Bizim məktəblərimizdən əsər-əlamət belə qalmayıb. Orta məktəblərin binaları, ali təhsil ocaqlarının vaxtilə yaradılmış filialları, orta-ixtisas təhsili müəssisələri, peşə məktəbləri erməni vandalizminin qurbanı olub: "Qarabağın yenidən qurulmasına, orada elmi tədqiqatların genişləndirilməsinə, təhsilin yenidən dirçəlməsinə mühüm töhfə olacaq. İstənilən halda ermənilərin məhv etdiyi təhsil infrastrukturunu Qarabağda daha mükəmməl şəkildə yeniləyəcəyik".

Şahlar Əsgərovun sözlərinə əsasən, erməni işğalı nəticəsində Qarabağda olan mindən artıq təhsil müəssisəsi tamamilə dağıdılıb. Bu, qətiyyən kiçik rəqəm deyil, hətta kifayət qədər böyük rəqəmdir: "Bu səbəbdən də hesab edirəm ki, azad olunan ərazilərdə dağıdılan məktəblərin bərpası bir az vaxt alacaq. Çünki bu, göründüyü kimi asan məsələ deyil. Bir məktəbin tikintisi, təmiri üçün bir ildən artıq vaxt tələb olunur. Mindən artıq məktəbin tikintisi də müəyyən qədər zaman alacaq. Dağıdılan mindən artıq məktəbi 1-2 ilə bərpa etmək təbii ki, mümkün iş deyil. Zaman lazımdır. Amma mən əminəm ki, dövlət tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində bu iş də mümkün olacaq. Zamanla bu ərazilərdə təhsil infrastrukturu bərpa ediləcək. Şuşada, Ağdamda və digər işğaldan azad olunan ərazilərimizdə məktəblər, liseylər, peşə məktəbləri, universitetlər inşa olunacaq".

Ekspertin dediyinə görə, 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada bir çox tarixi, dini yerlərimizi məhv etdi, o cümlədən, Şuşa Realnı Məktəbini yandıraraq xarabazara çevirdilər: "30 ildən sonra İlahi Ədalət zəfər çaldı. 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə erməni işğalçılarının böyük xülyalarını puç etdi. Onların qurduqları və neçə illərdir ki, həyata keçirməyə çalışdıqları planlar tarixin zibilliyinə atıldı. Təhsil ocaqlarımızı məhv edərək, xarabazarlığa çevirən işğalçı ermənilər isə bu dəfə "sinif"də qalmadılar, bütövlükdə "məktəb"dən qovuldular".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühiti böyük rol oynayıb. Ötən yüzilliklərdən üzü bəri müxtəlif sənət və peşə sahiblərinin, xüsusilə görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub. 1830-cu il dekabrın 30-da Şuşada 19 şagirdlə açılan qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin bünövrəsi qoyulub: "Şuşa şəhərində dünyəvi məktəbin açılması böyük əlamətdar hadisə idi. Şuşada bu məktəbin açılması ilə Şimali Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuş oldu. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayıb. Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Şagirdlərin sayına görə bu məktəb nəinki bütün Zaqafqaziyada və  Qafqazda, hətta Rusiyada birinci yeri tuturdu. Qəza məktəbləri yerləşdikləri ərazidə yeganə təhsil müəssisəsi olmaqdan əlavə, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərirdi. Şuşa məktəbi bu sahədə geniş mədəni-maarif işi aparırdı. Şəhərdə musiqiyə, ədəbiyyata maraq göstərilməsi məktəbdə müxtəlif mədəni tədbirlərin keçirilməsinə kömək edirdi. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrkü inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bunların arasında məşhur müəllim Əliş bəy Tahirov, Azərbaycanın elmi-pedaqoji fikir tarixində görkəmli ədəbiyyatşünas pedaqoq kimi yer tutan Firudin bəy Köçərli və tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyov da var idi. 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov və görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli həmin məktəbin məzunlarından olublar. Azərbaycan SSR-in Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Süleyman Ələsgərov ilk həyat hazırlığını məhz Şuşa 7 illik nümunə məktəbində oxuyarkən alıb. Şuşanın ermənilər tərəfindən 1992-ci ilin 8 may tarixində işğalından sonra Şuşanın məktəbləri ölkənin müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Hazırda Şuşa rayonunda 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə çalışan 480 nəfərə yaxın pedaqoji işçi 4 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə 1982-ci il yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyi təntənəli şəkildə keçirilib. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə Cənubi Qafqazda birinci dünyəvi məktəb olan Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi dövlət səviyyəsində qeyd olunub".

Sevinc QARAYEVA

 





01.10.2022    çap et  çap et