525.Az

"Azərbaycanda Özbəkistan mətbəxi həftəsi" keçirilib


 

"Azərbaycanda Özbəkistan mətbəxi həftəsi" keçirilib<b style="color:red"></b>

Özbəkistanın Azərbaycandakı səfirliyi "Azeri home chef " cəmiyyəti ilə birgə   üçüncü “Azərbaycanda Özbəkistan mətbəxi həftəsi”  festivalının finalını keçirib.

Tədbir Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 27-ci ildönümünə və Özbəkistanın müstəqilliyinin 31-ci ildönümünə həsr olunub.

"525"in məlumatına görə, açılışda çıxış edən Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Bəhram Qaripov deyib ki, tədbir ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir, özbək xalqının kulinariya ənənələri ilə daha yaxından tanış olmağa imkan verir.

"Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin və "Azeri Home Chef”in təsisçisi  layihənin müəllifi Fəxrəndə Həsənzadə bildirib ki, böyük maraq doğuran müsabiqədə yüzlərlə yemək çeşidi təqdim edən həvəskar aşpazlardan 25-i seçilib: "Biz bu tədbiri dördüncü dəfədir keçiririk və inanırıq ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəsini verir. Ümumilikdə 741 həvəskar aşpaz müsabiqədə iştirak etsə də, onlardan cəmi 25 nəfəri finalda iştiraka vəsiqə qazanıb. Qalibləri Azərbaycan Kulinariya Assosiasiyasının üzvü olan peşəkarlar aşpazlardan ibarət jüri seçəcək. Jürinin tərkibində baş aşpaz özbəkistanlı Şuxrat Nəsrəddinov da təmsil olunur".

F.Həsənzadə əlavə edib ki,  “Özbək yeməkləri həftəsi”nin  əsas məqsədi Azərbaycanla dost ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək üçün milli mətbəxləri təbliğ etmək, ən yaxşı kulinariya layihələrini həyata keçirməkdir. Daha sonra münsiflər heyətinin üzvləri finala təqdim olunmuş yeməkləri qiymətləndiriblər.

İştirakçı həvəskar aşpazlar arasından 10 qalib seçilib. Məryəm Məmmədova müsabiqənin qalibi elan edilib. İkinci yeri Yeganə Qaşqay, üçüncü yeri Luna Tağıyeva, dördüncü yeri Sevda Axundova, beşinci yeri Yuliya Əsgərova tutub.

Özbəkistanın “Vasilçuki” restoranı da öz növbəsində beş nəfəri qalib elan edib: 1-ci yer Yelena Korneva, 2-ci yer Vəfa Osmanova, 3-cü yer Mehriban Əliyeva, 4-cü yer Marqarita Günko, 5-ci yer Fidan Əmirbəyova.

Ən yaxşı yeməklərin müəllifləri Özbəkistan səfirliyi və sponsorların xüsusi mükafatları ilə təltif olunublar. Kulinariya müsabiqəsinin 1-ci, 2-ci və 3-cü yerlərinin qalibləri əsas mükafatı - Özbəkistana səyahət biletini əldə ediblər.

Tədbir çərçivəsində beynəlxalq müsabiqə və festivallar laureatı Emin Həsənin, gənc rəqqaslar Amal Axmadulin və Gülarə Xanmerzoyevin və başqalarının iştirakı ilə konsert proqramı təqdim olunub, müxtəlif viktorinalar keçirilib, lotereya oynanılıb. Özbəkistan səfirliyi iştirakçıları milli mətbəxlərinin təamlarına qonaq edib.

Qeyd edək ki, özbək mətbəxi özbək mədəniyyəti, dili və adət-ənənələri ilə sıx bağlı olan dərin tarixə malikdir. Özbəkistanda hər kəs yemək bişirə bilir və aşpaz peşəsi mübahisəsiz hörmətə malikdir. Özbək mətbəxində çeşidlər o qədərdir ki, onları saymaqla bitməz. Quzu ətindən hazırlanan çoxçeşidli yeməklər, maş və noxud xörəkləri, məşhur özbək şorbaları lağman və şurpa, plov və kabab, mantı və somsa. Plov özbək mətbəxinin əsas yeməyidir. Plov bişirmək üçün çoxlu reseptlər var.

Ümumiyyətlə, zəngin özbək mətbəxi əsl kainatdır, bir ömür sürə bilən səyahətdir.

Pərvanə Sultanova

 





01.10.2022    çap et  çap et