525.Az

Əli Əmirlidən ustad dərsləri - "Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi


 

DRAMATURQUN LABORATORİYASI VƏ İŞ METODLARI

Əli Əmirlidən ustad dərsləri - <b style="color:red"> "Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi</b>

X DƏRS

 

Tələbələrimə söylədiyim mühazirələrdən biri yazıçının laboratoriyasına və iş metodlarına aiddir. Əgər keçmişdə bu laboratoriyada kitab dolu şkaf, yazı masası, kağız-qələm, pozan, yaxşı halda makina vardısa, bu gün kompüter və internet bütün saydıqlarımı əvəz edir, yüzlərlə kitabın səf-səf yığıldığı şkafa yaxınlaşmağa ehtiyac qalmır. Bir vaxtlar tanışlıqla "altdan" aldığım rus dilində iki cildlik "Böyük ensiklopedik lüğət"i, bəlkə, on ildir əlimə götürmürəm, amma iş otağımda görməyə vərdiş elədiyim, artıq dekorasiyaya çevrilmiş kitab dolu həmin şkaflar, arxasında oturduğum masa, klaviaturasına alışdığım kompüter, mənimlə az qala yaşıd olan divar saatının yarım saatdan bir zəng vurması mənə yazmaq üçün lazım olan komfort mühiti, şəraiti yaradır. Mən harda gəldi yaza bilmirəm, heç istəmirəm də. Axır vaxtlar təzə əsəri iyul-avqust aylarında yazıram, bu, mənim ən asudə vaxtımdır, daha doğrusu, bu aylarda yazmamağa daha heç bir bəhanəm qalmır.

Əlbəttə, şərti olaraq laboratoriya adlandırdığım bu otaqda bir növ real dünyadan ayrılır, yaratdığım xəyali dünyaya, aləmə daxil olur, tədricən boy göstərən qəhrəmanlarımla ünsiyyət qururam. Hər bir yazıçıya məlumdur, bu, çox intim prosesdir. Başqa bir adamın bu prosesə müdaxiləsi yeni yaranan əsərin hansısa məqamını şikəst eləyə bilər. Necə ki, Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, Cəfər Cabbarlı kənar müdaxilə nəticəsində "Sevil"in finalını korlamış, onu pyesin zəif yeri hesab etmişdir.

Laboratoriya öz yerində, amma hər bir dramaturqun müəyyən iş metodu formalaşır, vərdişləri yaranır. Dramaturq üçün ən vacib olan məsələlərdən biri məhz yazı vərdişinə yiyələnməsidir. Əgər dramaturq özündə yazı vərdişi tərbiyə edə bilməyəcəksə, nə üslub və qrammatikanın, nə savadlı orfoqrafiyanın, nə personajların, nə də dialoq və süjetin bir əhəmiyyəti olacaq. Yaradıcılıq prosesi onun üçün təbii həyat vərdişinə çevrilməlidir. Əks halda süjet üzərində ciddi nəzarətin, xarakterləri dərindən anlamağın, replika və dialoqları həssaslıqla duymağın, nəhayət, işgüzar səriştənin belə xeyri olmayacaq. 

İşə başlayan dramaturq yeni ideyalar axtarıb özünü yormaqdansa, hətta uğursuzluqla üzləşməkdənsə, saysız-hesabsız mövcud ideyalar içərisindən birini seçib qalanlarını bir qırağa qoysa, yaxşıdır. Əgər bu alınmırsa, ümumiyyətlə, ideya haqqında düşünməsin, onsuz da hər bir süjetdən mütləq hər hansı bir ideya doğulacaq. Dramaturq üçün ən vacib olan maraqlı pyes yazmaqdır, ideyanın nə olduğunu teatr tənqidçiləri müəyyən edəcəklər, onlar hətta pyesdə dramaturqun özünün belə görmədiklərini də görəcəklər. 

Yaradıcılıq prosesinin elə kritik məqamları olur ki, dramaturq gücsüzlüyünü hiss edir, kompüter qarşısında aciz qalır, hətta yazmaqdan qorxur. Yaradıcılıq çətinliyi, bəlkə də, böhranı yazıçını əzir, ona əzab verir. Bu böhrandan çıxmağın yeganə yolu yenə də yazmaqdadır.

2000-ci ildə artıq iyirmi illik dramaturq təcrübəm vardı, kifayət qədər tanınan dramaturqdum, ancaq heç vaxt tarixi mövzuya, tarixi şəxsiyyətlərə əsər həsr etməmişdim. O vaxtlar mədəniyyət nazirinin müavini, gözəl teatr bilicisi Ədalət Vəliyevin təklifi və ideyası ilə Hacı Zeynalabdin Tağıyev haqqında pyes yazmalı oldum. Təklif mənim üçün gözlənilməz idi. Əvvəl xeyli tərəddüd elədim: "Bacararammı?" Düşünmək üçün vaxt istədim. Pyesin strukturunu qurandan sonra yazmağı öhdəmə götürdüm. İşə başlamaq, ilk replikanı yazmaq məqamında, həqiqətən, qorxdum. Axı bu iyirmi ildə mənim qəhrəmanlarım ancaq müasirlərim, xasiyyətinə və xarakterinə yaxşı bələd olduğum insanlar olmuşdu. Onlar çox vaxt elə mənim kimi danışırdılar. Bəs yüz il qabaq insanlar necə danışır, necə davranırdılar? Sovetin bütün qorxu-qadağalarına baxmayaraq, "sinfi düşmən" olan Tağıyev xeyirxahlıq və mərhəmət rəmzi kimi qəlblərdə yaşayırdı, insanlar bunu bəzən ucadan da deyirdilər. İndi bu adamı mən necə danışdırım, onun ilk replikası nə olsun? Bu, mənim üçün çox çətin idi. Amma bu böhrandan çıxmaqda mənə yuxarıda dediyim üsul kömək elədi, yazmaq, yazmaq, yenə də yazmaq. Mən elə yazmalı idim ki, tamaşaçılar Hacının danışığına inansınlar. İnansınlar ki, Hacı elə belə danışırmış. Yazdım. İlk replika isə bu oldu: "Maşallah! Allah mənə necə gözəl övladlar bəxş eləyib!" Bu, ilk baxışda adi bir replikadır, amma burda unudulmaz mesenatın Allahın qüdrətinə dərin inamı və bütün işlərin axırının məhz Allaha gəlib çıxacağına şübhə etməyən bəndənin həyat fəlsəfəsinin ifadəsi var. İlk tamaşa göstərdi ki, tamaşaçılar xəyallarında yaxşı mənada mifə, bütə çevirdikləri Hacının səhnədəki əyani obrazını da sevdilər. Deməli, yaradıcılıq böhranından çıxmağın ən asan yolu - yenə də yazmaqdır.

Uzun illər ərzində yaradıcılıq böhranından, "tupik"dən çıxmağın çoxlu yolları formalaşıb: iş şəraitinin dəyişdirilməsi, yazı vaxtının yenilənməsi, texniki vasitələrin təzələri ilə əvəzlənməsi və sair, amma yenə də ən doğru yol yazmaq, işləməkdir. Müvəqqəti itirilmiş yazı qabiliyyətini məhz yazmaq hesabına qaytarmaq, bərpa etmək mümkündür. Dramaturq şair deyil, o, ilham pərisinin nə vaxt gələcəyini gözləməməlidir. Yaradıcılıq yollarında yaranmış çətinlikləri aradan qaldırmaq üçün dramaturq (bu, nasirlərə də aiddir) özünü kürsüyə yapışdırmağı bacarmalıdır.

Hər bir dramaturq öz iş üsulunu, gündəlik iş rejimini, saatını və vərdişlərini işləyib hazırlamağa məcburdur. Onsuz da müəyyən yaşa dolandan sonra dramaturqun iş vərdişləri öz-özünə yaranır. Əlbəttə, bu vərdişlər reallıqla da hesablaşmalıdır, axı Azərbaycan şəraitində dramaturq əsərlərinin gətirdiyi qonorarla keçinə bilməz. Mən bunu, Məşədi İbad demiş, öz şəxsi təcrübəmdən yaxşı bilirəm. İstənilən yazıçı, o cümlədən, dramaturq da sabit maddi təminat xatirinə hansı bir təşkilatda işləməyə məcburdur. Deməli, iş rejimini yaradıcı rejimlə uyğunlaşdırmağı bacarmalısan. Ona görə, bir az əvvəl dediyim kimi, mən axır vaxtlar yeni əsəri məhz məzuniyyətdə olduğum yay aylarında yazıram. Bir əsəri bitirməmiş ikinci əsər haqqında, demək olar ki, düşünmürəm. Paralel şəkildə iki əsər üzərində işləyə bilmərəm. Halbuki nəinki iki, bəzən üç əsər üzərində eyni vaxtda, paralel işləyən yazarların olduğundan xəbərdaram.

Əslində, bura qədər dediklərim metod deyil, sadəcə, yazı rejimi, yazı vərdişləridir. Metod isə pyesi necə yazmaqla bağlıdır, peşəkarlıq məsələsidir. Məsələn, mənim yazı metodum necədir? İlk növbədə yazmaq istədiyim pyesin planını tuturam. Bu plan yazılacaq əsərin bir növ konspektidir, kinodramaturgiyada buna sinopsis deyirlər, başqa sözlə, ssenarinin qısa məzmunu. Amma mənim üçün məhz planın qurulması vacibdir. Sinopsisdən fərqli olaraq, mən planda məzmunla yanaşı, pyesin əhvalatını, orada baş verəcək hadisələri ardıcıl şəkildə düzürəm, düz finalın özünə qədər. Burda əsas qəhrəmanların iştirakı da vacibdir, baxmayaraq ki, yazı prosesində personajların sayı arta da bilər, azala da.

Bir çox səbəblərdən pyesin planını tutmaq pyesin özünü yazmaqdan çətindir. Niyə? Cavab öz-özünə aydındır: təfərrüatlı plan-konspektin hazırlanması prosesində müəllif ilk dəfə heç yerdə olmayan, görünməyən, heçdən yaranan gələcək qəhrəmanları ilə görüşür, onların replikalarını, dialoqlarını eşidir, hərdən süjetin yaratdığı sürprizlərdən özü də heyrətə gəlir. Sanballı plan-konspektdə dramaturq hadisələrin, personajların konturlarını cızır, hələ tam formalaşmamış ideyanı göstərir və s. Bu efemer elementlərdən o, tamaşaçını həyəcanlandıra biləcək bir əsər yaratmalıdır. Elə bu səbəbdəndir ki, konspekt tərtib etmək elə də ləzzətli iş deyil, amma çox faydalıdır. Konspekt gələcək əsərin bünövrəsidir, özül keyfiyyətli olmalıdır ki, yazılacaq əsər müəllif istəyini, niyyətini daşıya bilsin. Elə ona görə də plan-konspektin hazırlanması çox vaxt aparır. Həcmi isə çox vaxt 5-6 səhifədən artıq olmur. Tarixi mövzuda yazılan əsərlərdə isə həcm fərqli olur. Məsələn, "Şah Qacar"ın konspekti 20-30 səhifədən az deyildi. Hərdən o qeydlərə rast gələndə o vaxtlar keçirdiyim qorxu hissini yenidən yaşayıram: hər şey hələ qabaqdadır, mən bu qeydlərdən pyes yazmalıyam. Sonra da dərindən bir nəfəs alıram: "Artıq YAZILIB!"

Konspekt dramaturqun müvəqqəti yol göstərənidir. Mən klaviatura arxasına keçib yazmağa başlayanda pyesin planı mənə bir arxayınlıq, toxtaqlıq gətirir, işə inamla başlayıram. Bilirəm ki, əsərin heç bir yerində daha nə yazım deyib dirənməyəcəm. Əgər iş prosesində ağlıma konspektdə olmayan gözəl bir səhnə gəlirsə (bu çox tez-tez olur), tərəddüd etmədən plandan kənara çıxır və həmin səhnədən istifadə edirəm. Bunu deməkdə məqsəd: konspekt dramaturqun yaradıcı fantaziyasını buxovlamamalıdır.

Bütün metodlar, onunla bərabər, vaxta görə iş rejimi, yazı vərdişləri, laboratoriya dediyimiz yaradıcı şərait, texniki avadanlıqlar, hamısı, hamısı bir məqsədə xidmət edir, yeni pyesin yaranmasına. Pyes yazıldı, sonra nə etməli? Cavab verirəm: işləməli, təkmilləşdirməli, yaxşılaşdırmalı! Bu məqsədlə əvvəllər pyesin üzünü dəfələrlə köçürmək lazım gəlirdi, kompüterin varlığı dramaturqu bu gün o ağır zəhmətdən xilas edir. Amma əsərin üzərində dəfələrlə işləmək, təkmilləşdirmək, yaxşılaşdırmaq - bir sözlə, redaktə etmək mərhələsi qaçılmazdır.

Yazdığı pyesin nəyin bahasına olur-olsun, tamaşaya qoyulmasını istəyən dramaturq bəzən teatrın, konkret olaraq rejissorun bütün şərtləri, tələbləri ilə razılaşır, amma çox vaxt bu cür yarınmaq pyesin, onun əsasında hazırlanan tamaşanın xeyrinə deyil, ziyanına işləyir. Axı təhtəlşüuru olsa da, rejissor gözləyir ki, dramaturq öz yaratdığını müdafiəyə qalxacaq. Əgər dramaturq hər deyilənə asanlıqla razı olursa, bəs onun yaradıcılıq prinsipi harda qaldı? Deməli, dramaturq yazdığını o qədər də qiymətləndirmir.

Nadir hallarda olsa da, mən də belə vəziyyətlə qarşılaşmışam. Deyim ki, bir çox hallarda rejissorun əsərdə müəyyən dəyişikliklərin və ya əlavələrin edilməsi tələbi ilə razılaşmalı olmuşam. Nəticə isə pis alınmayıb. Bunu niyə deyirəm: dramaturq deyilən iradları və təklif olunan dəyişiklikləri qətiyyətlə rədd etməyə tələsməməlidir, amma deyilənlərlə dərhal razılaşmaq da yaramaz, özü də verilən təkliflər əsərin mahiyyətinə mənfi təsir edirsə. Öz yaratdığını müdafiə edən dramaturq hörmətə layiqdir.

Elə bu yerdə "Ulduz" jurnalının baş redaktoru, əziz dostum Qulu Ağsəsin təklifi ilə gənc dramaturq həmkarlarıma ünvanladığım ustad dərslərini bitirmək qərarına gəldim. Bu, əslində, "Ulduz"la mənə çox doğma olan "525-ci qəzet"in birgə unikal layihəsi idi. Mən böyük məmnuniyyət hissi ilə Qulu Ağsəsə və yaradıcılığıma daim diqqət və qayğı göstərən əziz dostum Rəşad Məcid başda olmaqla "525"in istedadlı və zəhmətkeş kollektivinə təşəkkür edirəm.  

 

 





02.10.2022    çap et  çap et