525.Az

Cənnət qoxulu gül bağçam - Qəzənfər Əkbərzadə


 

Cənnət qoxulu gül bağçam - <b style="color:red"> Qəzənfər Əkbərzadə</b>

Qəzənfər ƏKBƏRZADƏ

 

 

Anama

 

Anam - cənnət qoxulu gül bağcam mənim. Bu gün bu dünyada var olmağımın səbəbkarı. Öz sevgisi ilə məni bu dünyaya mənə bu dünyanı və insanları sevməyi öyrədənim.  Hər uğuruma məndən çox sevinənim, hansısa uğursuzluğuma məndən çox üzülənim.

Dünyanın ən ümdə duyğularından biri sevgidir. Birinci özünü sevməyi öyrənirsən, sonra ailəni, sonra da qalan insanları. Mən özümü və qalan hər şeyi sevməyi səni sevməklə öyrəndum, səsini ilk duyduğum qadın!..

İlk qoxusunu aldığım cənnət qoxulum... Bu gün sənin və əslində, geniş baxanda həm mənim dünyaya gəldiyimiz gündür. Əgər 1969-cu ilin 25 sentyabr günü sən doğulmasaydın,  nə bu ailəmiz olardı, nə də mən doğulardım.

Hərdən "Məni niyə dünyaya gətirmisən?" deyib səninlə zarafat edirəm. Amma fikirləşəndə anlayıram və sevinirəm ki, nə yaxşı ki məni dünyaya gətirmisən, həm də nə nə yaxşı ki məni sən dünyaya gətirmisən. Nə yaxşı ki mən ilk səni tanımışam, sənin ətrini duyub, qoxunu ciyərlərimə çəkmişəm. Kaş indi də yanımda olsaydın da, qoxunu sinəmə çəkə bilsəydim də... bax o zaman məni üşütməyə nə soyuğun, nə də şaxtanın gücü çatardı.

İlk doğum günündür ki, səndən uzaqdayam. Amma buna görə pis olmuram. Çünki  sənin daha gözəl doğum günlərin üçün bəlkə də, mənim bu gün burada olmağım şərtdir, ya da Allahın qismətidir.

Mətləbi çox uzatmaq olar, amma uzatmağın anlamı yoxdur. Onsuz da nə qədər uzun-uzadı yazsam da, səninlə bağlı fikirlərimi, düşüncələrimi, sənə bəslədiyim duyğuları, minnətdarlığı ifadə edə bilmərəm. Çünki bunları ifadə edə biləcək nə bir dil var, nə bir söz, nə də bir cümlə. 

Doğum günün qutlu olsun, mənim doğulma səbəbim!..

Doğum günün qutlu olsun, mənim yaşama səbəbim!..

Doğum günün qutlu olsun, mənim ilkim, sevgim, ruhum, qoxum, fikrim, istəyim, düşüncəm, nəfəsim, bir sözlə, mənim olma səbəbim!..

Sən mənim ikinci Tanrımsan. Tanrı mənə ruh veribsə, sən də öz bətnində yuva vermisən, məni bəsləyib-bəsləyib dünyaya gətirmisən. Səni, sən məni sevdiyin qədər sevə bilməsəm də, səni çox sevirəm. Heç kəs anasını anası onu sevdiyi qədər sevə bilməz. Məncə, bir ananın övlad sevgisi Allahın bəndəsin sevgisindən də böyükdür. Allah sonda o bəndəsinin canın alır, ama bir ana o insana can bəxş edir.

Bunları oxuyanda kövrəlmə, bu fikirlərin heç biri sənin gözünən düşəcək bir damla yaşa dəyməz.  Əgər o gözlərdən bir damla düşsə, onda bu fikirlər də, bu cümlələr də dəyərdən düşər...

Haqqını, əziyyətini, mənə bəxş etdiyin bu həyatı halal elə. Hə, bir də, məni əfv elə: məni bətnində gəzdirərkən, dünyaya gətirərkən və dünyaya gələndən sonra istəmədən, bilmədən yaşatdığım acılara və ağrılara görə...

25.09.2022.

Kazan şəhəri.

 

 





02.10.2022    çap et  çap et