525.Az

Gürcüstanla Belarus arasında gərginlik


 

Gürcüstanla Belarus arasında gərginlik<b style="color:red"></b>

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri Tbilisi ilə Minsk arasında diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnə bilər. Gürcüstan rəsmiləri və ictimaiyyəti Lukaşenkonu beynəlxalq normaları və Gürcüstanın dövlət sərhədini pozmaqda ittiham edir. Vətəndaş cəmiyyəti fəallarının təşəbbüsü ilə Belarusun Tbilisidəki səfirliyinin qarşısında "Abxaziya - Gürcüstandır" şüarı ilə izdihamlı mitinq keçirilib. Aksiya iştirakçıları Belarus liderinin ünvanına təhqirlər səsləndirib, Aleksandr Lukaşenkonun portretini yandırıblar.

Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı Gürcüstan rəsmiləinin açıqlamalrı da sərt olub. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Belarus prezidentinin Abxaziyaya səfəri ilə Minskin Gürcüstanla münasibətlərdə qırmızı xəttə yaxınlaşdığını bildirib. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini pisləyərək bu addımın Lukaşenkonun Gürcüstanın "İşğal olunmuş ərazilər haqqında" qanunu pozduğunu və ölkələr arasında ikitərəfli münasibətlərə zərər verdiyini qeyd edib.

Aleksandr Lukaşenkonun Abxaziyaya səfərinə ən sərt reaksiyanı isə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili verib. Mixail Saakaşvilinin feysbuk səhifəsi vasitəsilə yayılan açıqlamasında bu fikirlər yer alıb: "İndi vəziyyətdən çıxmaq üçün hələ şansınız var. Əgər siz Abxaziyanı tanıyırsınızsa və xüsusən də sizin ərazinizdən Ukraynaya yeni işğala cəhd edilirsə, onda siz ağıllı adam kimi başa düşməlisiniz ki, bu, sondur! Nikolaşkanın şəkillərini gördüm, o, yaraşıqlıdır. Fikirləşin ki, onun sağlam və azad ataya ehtiyacı var!"

Bununla Saakaşvilinin nəyə işarə etdiyi çox aydındır. Saakaşvilinin açıqlamasından belə qənaət yaranır ki, Lukaşenko Abxaziyanın müstəqilliyini tanısa və Belarus ərazisindən Ukraynaya müdaxiləyə yol versə, öldürüləcək.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya Soçidən, Putinlə görüşdən sonra ayaq basması belə qənaət yaradıb ki, Minsk bu addımı Moskvanın təzyiqləri ilə atıb. İddialara görə, Rusiya Belarusdan Abxaziyanın "müstəqilliyini" tanımağı, hərbi səfərbərlik etməsini və Ukraynaya qarşı müharibəyə qoşulmasını tələb edir. Belarus Prezidenti Aleksandr Lukaşenko isə belə görünür ki, bu tələblərdən birinə, Abxaziyanın "müstəqilliyini" tanımağa hazırlaşır. Əgər belə bir addım atılsa, bu, Gürcüstanla Belarus arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olacaq. Eyni zamanda, belə bir addım Belarusun əlavə sanksiyalara məruz qalmasına gətirib çıxaracaq. Ancaq Rusiya ilə ittifaq dövlətində birləşən Belarusun da manevr imkanları tükənməkdədir. Moskva Minskdən əməli fəaliyyət tələb edir. Bu əməli fəaliyyət isə Belarus üçün çoxsaylı problemlər vədd edir. Ancaq buna baxmayaraq, artıq Minsk Moskvanın göstərişlərinə müqavimət göstərmək imkanında deyil. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri də bunu təsdiq edir.

 

 





03.10.2022    çap et  çap et