525.Az

Şəhid Allahverdiyev Rövşən: “Ana, Vətən olmasa, sən məni harada böyüdəcəkdin?"


 

Şəhid Allahverdiyev Rövşən: “Ana, Vətən olmasa, sən məni harada böyüdəcəkdin?" <b style="color:red"></b>

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan biri də şəhid Allahverdiyev Rövşən Fərrux oğludur. 

Allahverdiyev Rövşən Fərrux oğlu 1991-ci il 10 noyabrda Ağcabədi rayon, Qaraxanlı kəndində anadan olub. 1998-2009-cu illərdə Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitrdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olub.

Şəhidimizin ailəsi onunla bağlı xatirələri bizimlə bölüşüb. Valideynləri deyir ki, uşaqlıqdan xüsusi istedadı ilə seçilən Rövşən tar məktəbinə gedib. Çox gözəl əl qabiliyyəti olub, uşaq vaxtı taxtadan tapança düzəldər, deyərmiş ki, mən də hərbçi olacağam, erməniyə izn verməyəcəyəm torpağımıza girsin. O, evə, ana-atasına çox bağlı uşaq idi. Həmişə evin yükü onun çiynində idi.  

Qeyd edim ki, şəhidin atası Allahverdiyev Fərrux bəyin atası İkinci Dünya  müharibəsi iştrakçısı olub. Anası Allahverdiyeva Güleyşə xanımın iki qardaşı isə Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Şəhidimizin əmisi oğlu Fərzəliyev Sərvər Əkbər oğlu da Vətən müharibəsi qazisidir.

Rövşən Allahverdiyev 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə Beyləqan rayonunda, "Həmlə" Taborunda davam etdirib.

Şəhidimizin anası deyir ki, Beyləqanın "Həmlə" taborunda hərbi xidmətdə olub. Sonra özü hərbiyə müddətdən artıq hərbi xidmətçi kimi könüllü gedib:

"MAXE kimi xidmətinin 3 ili tamam oldu, təkrar 5 il üçün müqavilə bağladı. Sənədlərin düzəldib gətirdi, bizdən gizlədirdi ki, icazə verməyəcəyik. Dedi mən bu yolu seçmişəm, bu yoldan qayıtmayacağam. O, general-mayor Polad Həşimovun ölümünə çox pis olmuşdu. Həmişə deyirdi ki, o boyda generalımız şəhid olub, deyirsən, mən hərbidən çıxıb gəlim sizin yanınıza? Qətiyyən! Generalımızın qisasını almadan rahat ola bilmərik. Genral-mayoru Polad Həşimovu çox  istəyirdi. Deyirdi, ana, general özünü bizdən seçməyən oğul idi, elə sadə general idi, mərd adam idi. 

Rövşən 1 il 10 ay idi ailə qurmuşdu. Əvvələr tez-tez gəlib-gedirdi. Beyləqanda ev tutmuşdu, ailəsi ilə kirayədə qalırdı. Şəhidliyindən əvvəl son dəfə avqustun 18-də atasının ad gününü qeyd etdik. Hər maaş zamanı bizə pul  göndərirdi. 

Müharibədən əvvəl Mingəçevirin Boz dağında türklərlə təlim keçirdilər, balam çox əziyyyət çəkirdi. Paltarının qolları, dizləri yeyilmişdi. Çox dözümlü oğul idi, deyirdi bu əziyyətlərin qarşılığında Şuşanı azad edəcəyik, sizin hamınızı ora aparacağam".

Güleyşə ana deyir ki, ölümündən 2-3 gün qabaq sentyabrın 24-ü zəng etmişdi, qardaşı Rəhbərlə danışırdı:

"Dedi ki, yanında kim var? Oğlum dedi heç kəs. Dedi, anam bilməsin biz getdik, özünüzə yaxşı baxın. Bunu eşitdim, evə kimi ağladım. 
Gəldik evə çatdıq, mənə zəng etdi, dedi niyə ağlamısan? Dedim ağlamamışam, təzyiqim qalxıb. Başqa heç nə demədim. Hiss etmişdi ki, çox məyusam. Yazıq balam.

.

Həmişə deyirdi ki, bizim nə qədər Fidanlarımız, nə qədər Zəhralarımız öləcək? Polad kimi general-mayorumuz şəhid olubsa, biz necə dözə bilərik?! Bir gecə mənə zəng etmişdi. Gördüm bərk səs gəlir. Soruşdum ki, bala, o nə səsdir? Dedi yuxarıda 2-ci mərtəbədə uşaqlardı. Dedim ki, gecə saat 3-də o uşaqlar niyə yatmır? İndi anlayıram ki, o müharibədə idi... Oğlum çox igid oğul idi, Peka atırdı. Ona pekaçı Rövşən deyirdilər. 

Uşaqlıqdan heçnədən qorxusu yox idi. Həmişə məsəl çəkirdi ki, ana alnımda ölüm varsa, öləcəyəm. Qorxma, ağlama, şəhidlik böyük zirvədir, təki mən Vətən uğrunda şəhid olum!

Bir gün sevincək atası ilə danışırdı dedi Füzulinin 7 kəndinə girmişik. Hər şey lap əladır sel kimi Ordumuz, dağ kimi oğullarmız var. Tezliklə bu müharibənin sonuna çatacağıq. Sonuncu dəfələrdə deyirdi mənə zəng çatmasa, narahat olmayın. Sən demə, öləcəyini bilirmiş. Bir neçə gün sonra şəhid oldu..." (red. ağlayır)

Şəhid ailəsini bu yaxınlarda ziyarət edən əsgər yoldaşı deyib ki,  mənim qolumda bayraq yox idi, çox pis olmuşdum. Gördüm, Rövşən sol çiynimə əlini qoydu. Dedim, mənim bayrağım yoxdu,  zəng etdi mənə bayraq gətirdilər.

Şəhid atası danışır ki, oğlum deyirdi Vətəni qorumaq hər bir oğulun işidir. Əbəs yerə demirlər ki,  oğul düşmən çəpəridir: "Dörd övladımız var, 3 oğul, bir qız. Rövşən evin sonbeşiyi idi.  Deyirdi mən olmasam, evdə 3-ü qalar. Amma mən döyüşə getməsəm, bəlkə erməni hamımızı öldürər. Təsaəllimiz onlara yazılmış mahnılar, şeirlər, kitablardır. Onları dinləyib elə onunla təsəlli tapıram.  Deyirəm yaxşı ki, belə oğlum var".

Qarabağ çağırır müzəffər ordum
Başqa yol qalmadı, bir yol var - savaş!
Yeni nəsillərə qalmasın deyə...
Bu ağrı, bu acı, bu qan qalx savaş!
Sən bizim fəxrimiz, həm qürurumuz.
Zəfərin mübarək şanlı ordumuz!

Şəhidimizin anası deyir ki, müharibə başlayan gündən ermənilər Qaraxanlını səhərdən axşama kimi vururdular. Bu kənd demək olar ki, od-alov içində idi:

"Hardasa səhər saat 7 olardı axşam, həmin an mən Füzuli tərəfdə döyüş gedirdi, hava dumanlı idi. Sanki qulağıma "oy" deyə səs gəldi, hələ də o səs qulağımdadı. 27 sentyabr axşam xəbər gəldi, dedilər yaralanıb.
Getdilər, amma Rövşəni tapmadılar. Dedim, ay Allah, balam şəhid olsun, amma erməniyə əsir düşməsin. Uzun axtarışlardan sonra şəhid kimi tapıldı. Balam qəhrəmancasına şəhid oldu..." 

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Rövşən Allahverdiyeb Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Bir zamanlar yaşadığı küçə indi şəhidin adını daşıyır. Qaraxanlı kəndindən olan şəhidlərimizin adına kəndin xaricdə yaşayan iş adamları Quliyev qardaşlarının dəstəyi ilə abidə-park kompileksi tikilir. 8 Noyabr Zəfər Günüə kimi istifadəyə verilməsi nəzərdə tutulur.


 

 





03.10.2022    çap et  çap et