525.Az

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri açılıb


 

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri açılıb<b style="color:red"></b>

Bu gün Bakıda Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin (ABMM) açılış mərasimi keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Türkiyənin beynəlxalq təhsilə açılmış pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif Məktəbləri və 50.000-ə yaxın şagird təhsil alır.

Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən biri də şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarətdir.

Yeni tədris ilindən etibarən Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Maarif Məktəbləri təhsil fəaliyyətinə başlayıb. Təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək.

Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”də (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib ki, istənilən təhsil ocağının əsas hissəsi orada yaradılan şərait və infrastrukturdan ibarətdir. Onun sözlərinə görə, bu məktəbdə həmin nüanslar yüksək səviyyədə nəzərə alınıb: “Əminəm ki, bu məktəbdə də müasir çağırışlara cavab verəcək gənclər yetişdiriləcək. Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Ümumilikdə, təhsil istənilən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son 2 ildə Türkiyədən olan şagirdləri Azərbaycana dəvət edirik. Azərbaycandan da Türkiyəyə şagirdlər gedir".

Sevinc Qarayeva

 





03.10.2022    çap et  çap et