Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi Pakistanda 5,7 milyon daşqın qurbanının ərzaq böhranı riski altında olduğunu açıqlayıb.
525.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin hesabatında Pakistandakı daşqın fəlakətinin ərzaq təhlükəsizliyini artıracağı və daşqınlardan zərər çəkmiş bölgələrdə yaşayan 5,7 milyon insanın oktyabr ayında ərzaq böhranı riski ilə üzləşəcəyini bildirib.
Hesabatda Sind və Bəlucistan əyalətlərində su yolu ilə bulaşan xəstəliklərin artdığı vurğulanıb və müvəqqəti düşərgələrdə yaşayan 130 min hamilə qadının təcili tibbi yardıma ehtiyacı olduğu bildirilib.
Çoxsaylı ölkələr və BMT agentlikləri daşqından zərər çəkən Pakistana 131-dən çox yardım təyyarəsi göndərsə belə daşqın qurbanları az və ya heç bir yardım almadıqlarını və hələ də kömək gözlədiklərini bildirirlər.
İslamabad administrasiyası isə ərzaq təminatında təcili narahatlığın olmadığını vurğulayıb.
Malik Atilay