525.Az

"Ölümü ömür seçənlər"in təqdimatı keçirilib


 

"Ölümü ömür seçənlər"in təqdimatı keçirilib<b style="color:red"></b>

Oktaybrın 1-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Yaqut Bahadurqızının "Ölümü ömür seçənlər" adlı kitabının təqdimat mərasimi olub. Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 39 kürdəmirli Vətən fədaisinin qısa, lakin şərəfli həyatından, döyüş yolundan bəhs edən 721 səhifəlik oçerklər yer alıb. Təqdimat mərasimi şəhid ailələri və səhiyyə işçilərinin iştirakı ilə gerçəkləşib. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tarix İslamov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu vurğulayıb. O, İkinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovduğunu qürurla qeyd edib.

Şəhidlər Adəm Əliyevi, Cəmil Həşimlini, Fərid Məmmədovu, Əli Məmmədovu boya-başa çatdıran analar - Akifə Ağayeva, Simuzər Bağıyeva, Kifayət Məmmədova, Nina  Məmmədova qəhrəman övladları haqqında kövrək xatirələrini bölüşüblər. Şəhid anaları eyni zamanda, kürdəmirli şəhidlərin haqqında yazılan bu kitabdan təskinlik aldıqlarını vurğulayıblar.

Mərkəzi Rayon Xəstəxanası Səhiyyə İşçiləri Həmkarlar təşkilatının sədri Rasim Əzizov "Ölümü ömür seçənlər" kitabını şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yolunda mühüm addım kimi dəyərləndirib, müəllifə minnətdarlığını bildirib.

Təqdimat mərasiminin sonunda kitabın müəllifi Yaqut Bahadurqızı söz alaraq 44 günlük Vətən müharibəsində həkimlərimizin göstərdikləri fədakarlıqlardan bəhs edib, nəşrə göstərilən diqqətdən məmnunluğunu  dilə gətirib.

 

 





03.10.2022    çap et  çap et