525.Az

3 oğlu müharibədə iştirak edən ata: “Kaş balamın bir övladı olardı…”


 

3 oğlu müharibədə iştirak edən ata:<b style="color:red"> “Kaş balamın bir övladı olardı…”</b>

Bu gün sizə işğal altındakı torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş qəhrəman şəhidimiz Məmmədov Ceyhun Qafar oğlundan söhbət açacağıq. Ceyhun Məmmədov 20 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 2004-2014-cü bu  kəndin tam orta məktəbində təhsil alıb.
 
Ceyhun Məmmədov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Ceyhun Məmmədov hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində iştirak edib və fərqlənib. 2018-ci ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Beyləqan rayonunda yerləşən minaatan korpusda xidmət edib, minaatan kursunu keçib və minaatan vəzifəsinə başlayıb.
 
Şəhidin anası Məmmədova Qətibə ortancıl övladı olan Ceyhunla bağlı xoş xatirlərini ürək yanğısı ilə danışırdı:  “O, Aprel döyüşlərində əsgər kimi iştirak etmişdi, hərbiyə çox böyük həvəsi vardı. Biz istəyirdik ki, polis olsun, ancaq o, israrla hərbiyə getmək istədiyni deyirdi. Elə dediyini etdi də. Həmişə deyirdi, ana, sən xeyir-dua et, mən bu yolu tutub gedəcəyəm. Düşmən torpaqlarmızda at oynada, biz də oturaq yerimizdə sakit?! Buna mən heç cür dözə bilmərəm”.
 
Şəhid anası deyir ki, Vətən müharibəsi vaxtı 3 övladım Vətənə xidmət edirdi, əlim ürəymin başında idi, balalarımdan ötrü çox narahat idim. Ceyhungil 4 qardaş idilər. Müharibə vaxtı əkiz qardaşları da hərbi xidmətdə iştirak edib. Şəhid Ceyhun ortancıl oğlum idi:
 
“Ceyun balamın döyüş yolu – Füzuli-Xocavənd-Şuşa istiqamətində keçib. O, müddətdən artıq 2 il 6 ay xidmət etmişdi, 3 ili tamam olanda müqaviləsin yeniləyəcəkdi. Çox israr edirdim ki, bala sizi nə əziyyətlə böyütmüşük, yaşlı adamlarıq müqavilən bitəndə qayıt, gəl evimizə. Mənə cavabı bu oldu ki, mənim işim, sənətim, peşəm də hərbçidi, mən yerimdən məmnunam.  Hər gələndə mənə ətir alıb gətirirdi. Həmişə zarafat edirdi ki, ana, məni haçan evləndirirsən? Sevdiyi qız da var idi... (red.ağlayır)”.
 
Şəhidin böyük qardaşı Məmmədov Nurxan bildirib ki, böyük qızımın adını Lalə qoymuşdu, onun bu addan xoşu gəlirdi. İkinci qız övladımın adını Ceyhunə qoydum.
 
Şəhidin atası Məmmədov Qafar deyir ki, o heç kəsə sirrin deməzdi, nə də mənə danışardı: “Deyirdi ki, tezliklə Şuşaya gedəcəksiz, sizi aparıb orada qulluq edəcəyəm, o günlərə az qalıb. O cür torpaqları erməniyə vemək olmaz! Balam Vətən müharibəsində minaatan idi, həm də çox bacarıqlı texnar idi, hərbi maşınları da idarə edirdi. Füzuli istiqamətində döyüşdə 1 gündə erməninin bir neçə Uralını çıxarıb qənimət kimi təhvil vermişdi. Müharibdən bir həftə qabaq dedi ki, ata, mən bilirəm əmilərim də, sən də çıxmayacaqsan, ancaq xahiş edirəm, uşaqları kənddən çıxart onlardan çox narahatam.
 
Oktyabrın 19-u idi, dedi, yarım saata çata bilərsən Beyləqan yolunun üstündə “Xudafərin” restoranının yanına? 18 dəqiqəyə çatdım, qucaqladım balamı. Ona pul aparmışdım, şəhid olanda həmin pulları portmanatında idi.. Dostlarını da qucaqladım, dedilər əmi, narahat olma biz qalib gələcəyik!

Orada balalarımızla son görüşüm oldu. Oktyabrın 20-si ad günü idi. Subay idi, 24 yaşı vardı, ad gününə 4 gün sonra şəhid oldu. Kaş balamın bir övladı olardı.. (red.ağlayır)”
 
Şəhid atası Məmmədov Qafar deyir ki,  müharibənin ən qızğın vaxtları idi, əkizlərim mənə zəng etdi, onlar da Vətənə qulluq edirdilər:
 
“İnanın, canımı 3 yerə bölmüşdüm sanki. Hər an sək-səkədə idim, gözlərimə yuxu getmirdi. Əkizlərimlə  danşdığım vaxtı icra nümayəndəsi Şahin müəllim də zəng edirmiş ki, Ceyhun yaralanıb. Qardaşım dedi ki, icra nümayəndəsi səni gözləyir, qaçaraq getdim. Birdən zəng gəldi, özümdən asılı olmayaraq telefonuma əlimi atıb qulaq asdım, gördüm Şahin müəllimə dedilər ki, dərdinizə şərikik. Yol boyu hələ mənə heç nə çatmırdı, şokda idim. Deyirdim ki, dərdinizə şərikik nə deməkdir? Balama nə olub ki? Qudamın maşını ilə getdik Füzuliyə. Orada diaqnostikaya girdik. Dedim müəllim, dərdinizə şərikik nə deməkdir? Axı Şahin müəllim mənə deyir ki, Ceyhun yaralanıb. Vəsiqəni təqdim edib girdik içəri, içəri girəndə ürəyim getdi. Ayağından tanıdım ki, 6-ci mənim balamdır. Qəlpə böyrünə dəymişdi, balamın...”
 
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ceyhun Məmmədov 25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə",
"Cəsur döyüşçü" medalları ilə təltif edilib.
 
Bir zamanlar şəhidin yaşadığı küçə indi onun adını daşıyır.
Şəhidin atası Məmmədov Qafar tərəfindən Qaraxanlı kəndinin yerdən qaynama bulağı bərpa edilib. Ailəsi tərəfindən adına bulaq inşa edilib.
 
Qaraxanlı kəndindən olan şəhidlərimizin adına kəndin xaricdə yaşayan iş adamları Quliyev qardaşlarının dəstəyi ilə abidə-park kompleksi tikilir və  8 Noyabr Zəfər Günüə kimi istifadəyə verilməsi nəzərdə tutulur.



 

 





03.10.2022    çap et  çap et