Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə sonu Bolqarıstanda rəsmi səfərdə oldu. Səfər zamanı dövlət başçısı bir sıra yüksək səviyyəli görüşlər keçirdi, eyni zamanda, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak etdi.
Son illər Azərbaycanla Bolqarıstan arasında strateji əlaqələr güclənməkdədir. Burada enerji sahəsi xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm oyunçuya çevrilməkdədir. Ölkəmiz Avropaya, o cümlədən, Bolqarıstana daha çox qaz tədarük etmək imkanına malikdir. Lakin iki ölkənin əlaqələrinin inkişafı üçün prioritet ola biləcək digər sahələr də var. Görüşlər zamanı həmin sahələrə diqqət yetirilib. Bolqarıstan lideri digər strateji sahələr kimi innovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu, mədəniyyət, elm kimi sahələri vurğulayıb. O, Azərbaycanı arzuolunan, etibarlı tərəfdaş adlandırıb.
Prezident İlham Əliyev isə bildirib ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir və bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var.
Prezident Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir: "Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır".
Həmçinin, rəsmi Bakı TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarla artıq məsləhətləşmələrə başlayıb. Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Dünyada cərəyan edən proseslər, yeni çağırışlar Azərbaycan qazına tələbatı da artır.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Bolqarıstan son illər strateji əlaqələrimizin daha da gücləndiyi Avropa ölkələrindəndir. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 72 milyon 693 min dollar olub. Bu ilin ilk 7 ayında isə ticarət dövriyyəmiz 80 milyon 694 min dollaradək yüksəlib: "Rəqəmlər göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsində kəskin artımlar var. Amma təbii ki, potensial daha böyükdür".
Deputatın sözlərinə görə, Azərbaycan ilə Bolqarıstan arasındakı əməkdaşlqda vacib istiqamətlərdən biri də enerji əməkdaşlığıdır: "Son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfindən Avropaya 2022-ci ildə 11 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Yunanıstan daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı Bolqarıstana nəql edilir. Bu il yarım milyard, gələcəkdə il ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.
Bu baxımdan, Azərbaycan Prezidentinin Bolqarıstana səfəri iki ölkə arasındakı strateji münasibətlərin yeni mərhələyə daxil olmasına imkan verəcək".
çap et