525.Az

Kişilər niyə müəllim işləmək istəmirlər?


 

PROBLEMİ ARADAN QALDIRMAQ ÜÇÜN HANSI ADDIMLARIN ATILMASINA EHTİYAC VAR?

Kişilər niyə müəllim işləmək istəmirlər?<b style="color:red"></b>

Bu gün ölkənin ümumtəhsil məktəblərində çalışan pedaqoji heyətin əksər hissəsini qadınlar təşkil edir. Müəllimlik peşəsini seçən qadınların sayı kifayət qədər çoxdur. Direktor vəzifəsində çalışan qadınların da sayı az deyil, hətta kişilərlə müqayisədə üç-dörd dəfə daha çoxdur. Qadınlardan fərqli olaraq məktəblərdə çalışan kişi direktor və müəllimlərin sayı nəzərəçarpacaq dərəcədə azdır. Onların sayı hər keçən il daha da azalır.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149 min 602 nəfər müəllimin 80 faizini qadınlar, 20 faizini isə kişilər təşkil edir.

Məsələnın ciddiliyi rəsmi qurumların da diqqətindən yayınmayıb.  Hətta Elm və təhsil naziri Emin Əmrullayev bi çıxışında mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayınının artırılması vacibliyini də vurğulayıb: "Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var. Təhsildə qadınların çox olması, kişilərin sayca azlıq təşkil etməsi gələcəkdə problemlərə səbəb olacaq".

Araşdırmalar göstərir ki, məktəblərdə kişi müəllimlərinin sayı 1992-ci ildən azalmağa başlayıb. O dövrdə ölkədə yaranan böhranlı vəziyyət kişi müəllimlərin kütləvi şəkildə məktəbdən uzaqlaşmasına səbəb olub. Düzdür, sovet dönəmində də məktəblərdə kişi müəllimlərin sayı çox deyildi. Ancaq onların sayı indiki qədər da azlıq təşkil etmirdi.

Bəs, kişiləri təhsil mühitindən, orta təhsil müəssisələrindən uzaq salan səbəb, yaxud səbəblər hansılardır? Niyə onlar müəllim olmaq, təhsilə öz töhfələrini vermək istəmirlər?

Keçmiş coğrafiya müəllimi Nadir Quliyev deyir ki, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 12 ilə yaxın ixtisası üzrə müəllim işləyib: "Müəllimliyi, öyrətməyi çox sevirdim. Sözün əsl mənasında yaxşı müəllim olmaq üçün daim öz üzərimdə çalışırdım, sıravi müəllimlikdən direktor vəzifəsinədək yüksəlməyi qarşıma məqsəd qoymuşdum. Düzdür deyirlər ki, peşəni sevdikdən, gördüyün işdən mənəvi zövq aldıqdan sonra işin maddi tərəfini o qədər də düşünmürsən. Ancaq bir çox sosial problemlər öz həllini tapmayanda insan ruhdan düşür. Mənim də aylıq məvacibim ailəmin dolanışığı üçün yetərli olmadığından sevimli peşəmdən uzaqlaşıb, başqa işlə  məşğul olmağa başladım".

Sosioloq Mahir Sadıqov deyir ki, kişilərin müəllimlik peşəsinə o qədər də maraq göstərməməsinin əsas səbəbi əmək haqqının aşağı olmasıdır: "Düzdür, son vaxtlar müəllimlərin əmək haqqısının artırılması istiqamətində müəyyən addımlar atılıb. Ancaq Azərbaycan cəmiyyətində hər bir ailəni kişi saxlayır, evə əsas qazancı kişi gətirir. Müəllim qazancı isə  aləni dolandırmaq üçün yetərli olmadığından kişilər müəllimlik  peşəsindən uzaqlaşır.  Müəllim maaşı  ailəni dolandırmağa yetmədiyi üçün onlar bu peşəni atıb daha artıq qazanc üçün başqa işlərdə çalışırlar. Əgər aldıqları məvacib dərs deyənləri qane etsə, zəruri ehtiyaclarını ödəsə, o zaman bu peşəni seçən kişi müəllimlərin sayı da sürətlə artar. Əmək haqqının az olması kişiləri müəllimlik peşəsindən uzaqlaşdıran ən başlıca səbəbdir".

Sosioloqun sözlərinə görə, bu gün hər bir gənc oğlan ona daha çox gəlir gətirəcək ixtisası seçməyə üstünlük verir. Müəllimlik gəlirli sahə olmadığı üçün onlar da digər ixtisasları seçirlər: "Bu gün çox az sayda oğlan gəliri olmayan müəllimlik peşəsini seçir. Seçsə belə, bir neçə ildən sonra maddi problemlərlə üzləşəndə müəllimliyi atır, məcbur qalıb başqa işlə məşğul olmağa başlayır".

Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində müəllim maaşı ümumi orta əməkhaqqı göstəricisindən yüksəkdir. Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, dünyanın əksər ölkələrində müəllimlər yüksək əməkhaqqı alır:  "Fransanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə aylıq 2200 evro maaş verilir. Almaniyada müəllimlər 6000 evro əmək haqqı alır. Böyük Britaniyada müəllimlərin aylıq maaşı 5, ABŞ-da isə 4-5 min dollar təşkil edir. Finlandiyada müəllimlərin əməkhaqqısı 3900 evro, Yaponiyada 5250 evrodur. Bu ölkədə müəllimlik ən prestijli peşə hesab olunur, ən yüksək maaş müəllimlərə verilir. Avstraliyada isə müəllimlər ayda orta hesabla 2500 dollar maaş alırlar. Sözügedən ölkələrlə müqayisədə Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlər çox aşağı əməkhaqqı alırlar".

Ş.Əsgərovun sözlərinə əsasən, dövlətin güclü inkişafı üçün təhsil ön planda olmalıdır: "Yaponiya, Sinqapur, Finləndiya kimi inkişaf etmiş ölkələrdə təhsil birinci, iqtisadiyyat isə ikinci sıradadır. Azərbaycanda isə iqtisadiyyat ön sırada, təhsil isə ikinci planda yer alır. Fikrimcə, ölkədə təhsilə baxış dəyişməlidir. Müəllimlik peşəsinə lazımi dəyər verilməlidir. Əgər müəllimin əziyyətinə qarşılıq ona maddi və mənəvi haqqı verilərsə, o da canla-başla öz peşəsini layiqincə icra edər".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili  Ceyhun Məmmədov da hesab edir ki, tədris prosesində kişilərin azlığı müəllim maaşının aşağı olması ilə əlaqədardır. Kişilər ailə başçısı olduğu üçün əsasən yüksək maaşlı işlərə üstünlük verirlər. Onları müəllimlərə verilən maaş qane etmir. Düzdür, son illər müəllimlərin maaşında Prezidentin sərəncamı ilə artımlar var. Amma ümumən götürdükdə özəl sektorda, bir sıra qurumlarda maaş yüksək olduğu üçün kişilərin müəllimliyə marağı nisbətən azalıb: "Müəllimlik peşəsinin cəzbedici olması, bu peşəyə marağın artması üçün stimullaşdırıcı alətlər olmalıdır. Yəni məsələn, mən müəllimlik peşəsini seçirəm və mənə təklif olunur ki, ev, torpaq aldıqda hansısa güzəştlər olacaq. Və ya kredit götürəndə hansısa güzəştlər tətbiq ediləcək. Bunların hamısı müəllimlik peşəsinə marağı artırmış olar".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, hazırda ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır: "Məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var. Hesab edirəm ki, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir sözlə əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var".

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu gün uşaq bağçalarından tutmuş yuxarı siniflərədək şagirdlər daha çox qadın müəllimlərlə ünsiyyətdə olurlar. Yuxarı siniflərdə də qadın müəllimlərin çoxluğu məktəblilərin xarakterinin formalaşmasına mənfi təsir edir. Çünki məktəblərdə bəzən şagirdlər qadın müəllimlərin zərif cinsin nümayəndəsi kimi zəif olduğunu düşünüb dərsi pozur, bu və digər formada xoşagəlməz ifadələr işlədirlər. Bəzən şagirdlər qadın müəllimlərdən çəkinməsə də, kişi müəllimlərdən çəkinirlər, nizam-intizama əməl edirlər: "Elə məktəblər var ki, orada hərbi hazırlıq və idman dərslərini qadınlar keçir. Mənim fikrimcə, bu düzgün deyil. Hərbi hazırlıq dərslərini məktəblərdə yalnız kişi müəllimlər keçməlidir. Şagirdlərin, xüsusilə də oğlanların paralel şəkildə həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha düzgündür. Ailədə uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv ancaq qadınlardan ibarətdir və burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayı digər təhsil müəssisələri ilə müqayisədə  çox azdır. Bunun başlıca səbəblərindən biri də sözügedən müəssisələrində kişi müəllimlərin üstünlük təşkil etməsidir. Buna görə də məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var".

Sevinc QARAYEVA

 





04.10.2022    çap et  çap et