525.Az

Sibir meşəsindəki 59 saylı qəbir


 

BÖYÜK HÜSEYN CAVİDİN NƏŞİNİN VƏTƏNƏ GƏTİRİLMƏSİ: 1982-Cİ İLİN 3 OKTYABRINDAN BAŞLANAN YOL

Sibir meşəsindəki 59 saylı qəbir<b style="color:red"></b>

Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açan böyük sənətkar Hüseyn Cavidin taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış, zaman, siyasi mühit parlaq zəka sahibi haqqında haqsız qərarlar qəbul etmiş, onun ölümündən çox-çox sonralar isə tarix öz ədalətli hökmlərini vermiş, böyük sənətkarın xatirəsi ona layiq şəkildə əbədiləşdirilmişdir. Bu istiqamətdə görülən işlərdə Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi və doğma yurdu Naxçıvanda torpağa tapşırılması tarixdə nadir hadisələrdən olaraq qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamda qeyd etdiyi kimi, "Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir".

Böyük sənətkar Hüseyn Cavidin 140 illlik yubileyi ərəfəsində 1976-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi vəzifələrində çalışmış Həmid Cəfərovla söhbətimiz də elə böyük Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi  haqqındadır.

 

 

- Hüseyn Cavidlə bağlı ədəbi tariximizin şanlı səhifələrindən biri 1982-ci il oktyabrın 3-də yazıldı. Həmin gün Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, "sovsekretno" sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət, onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. 

1982-ci il oktyabrın 3-də Heydər Əliyevin  Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua verməsi tarixdə çox nadir hallarda təsadüf edilən bir nəcib işə start verdi. Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra - 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq.

- Həmid müəllim, "gedər-gəlməz" bir məkan sayılan Sibirə səfər etmək - onilliklər ötməsinə baxmayaraq, heç bir sorağı olmayan bir yerə getmək, çox böyük müşkül məsələlərin həllinə sinə gərmək,  bu, böyük məsuliyyət deyildimi?

- Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət  gedə bilməzdi. Əksinə, Ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Naxçıvanın tarixinə şanlı səhifələr kimi yazılacaq şərəfli bir missiyanın həyata keçirilməsində Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi. Ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev "Bakinski raboçi" qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin "birinci şəxsinə" - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdir. Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, bütün bunları isə millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan şəxsiyyət - Heydər Əliyev edə bilərdi. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında çox haqlı olaraq qeyd edilir ki,  "Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir".  Biz hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndərin yüksək rəhbərlik keyfiyyətlərinin şahidi idik.

- Cavid soraqlı Sibir səfərinizdə nədən başladınız?

- Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının  yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərəncam verildi.

Sibirdə olarkən Cavidin "sakini olduğu" əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki  Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin "gedər-gəlməz" saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatıldılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin "həbs evində" - islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O, qətiyyətlə bildirirdi ki, "Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb".  Oktyabrın 21-də Şevçenko kəndini "ram etdik". Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı.  İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı...

Heç nə hədər getməmişdi, Hüseyn Cavid "59"da uyuyurdu. Hüseyn Cavid "tapılmışdı"! Azərbaycanın böyük oğlunun - öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi bir tapşırığı yerinə yetirilmişdi...

Əvvəlcədən planlaşdırdğımız kimi, Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna "qayıtmalı" idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: "Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız".

Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin "ayağı" İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.

1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya, sonra isə Naxçıvana "uçdu". Naxçıvanda - evinin qarşısında torpağa tapşırıldı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirildi. Bu tədbirlərin hər biri, xüsusən də Hüseyn Cavidin onilliklərdən sonra doğma torpağa tapşırılması tarixi hadisə idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930-cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür".

Hikmət XUDİYEV

Əməkdar jurnalist

 

 





04.10.2022    çap et  çap et