525.Az

Yetim şeirlər - Gülşən Nail yazır


 

Yetim şeirlər - <b style="color:red"> Gülşən Nail yazır</b>

 Bəzi kitablar yetim doğulurlar. Sahiblərinin əlinə heç vaxt toxunmur, toxuna bilmirlər. Çünki onlar dünyaya gəlməmiş müəllifləri dünyadan köçmüş olur. Atasını heç vaxt görməyən yetim uşaqlar kimi... Boynubükük dururlar rəfdə, imzalı kitablara həsəd aparırlar. "Görəsən, bizi yazan kim imiş, nəyə bənzəyirmiş?" - deyirlər. Ürəklərində həmişəlik xal qalır. Dedim axı, yetim uşaqlar kimi. Sən "Eynəkli qız"ı yetim qoydun, Məlik. Özün demişdin: "Uçuruma qaçınca, xoşbəxtliyə iməklə". Niyə belə oldu bəs? Niyə şeirlərini atasız qoydun? Dəydimi "məzarını misra-misra qazmağa"? Bilirəm, səni anlayıram desəm, inanmazsan. Yəni inanmazdın... Düzdür, "qanadsız quş kimi kolluqda çırpınmaq" nədir, bilməmişəm. Evimin damı salamat, çayımın suyu isti olub. Sənin kimi yağışlı gecələrdə pəncərələrə dikilməyib gözlərim, xəstələnsəm, qulluğumda duran olub. Haqqım yoxdur səni qınamağa. Ancaq sevimli şairinin yeni şeirlərindən həmişəlik məhrum etdiyin bir oxucu kimi ərk edib deyirəm: səhv etdin, Məlik, səhv etdin. Sevgin səni ucaltmalı idi, torpağın altına aparmalı deyildi.

 

Mən gələn deyiləm bir də dünyaya,

Öləndə unudun, yox sayın məni.

Bir köhnə paltarda, köhnə geyimdə

Torpağa tapşırın arxayın məni".

 

"Öləndə unudun", - demisən. Heç düşünmədin ki, bu misralar səni unutmayacaq, unutdurmayacaq? Kaş heç yazmazdın, Məlik. Kaş bilməzdim kim olduğunu, nə düşündüyünü, nələr çəkdiyini və niyə getdiyini. Ya da o "1 saat 1 dəqiqə" əvvəl yolum düşəydi yanından. Tanıyaydım səni, ürək-dirək verəydim, "bir şair də əskiltmə dünyadan", - deyəydim... O qızı sözlərinlə də incitmədin. Bəs bizi niyə düşünmədin, Məlik? Heç ağlına gəlmədi yoxluğunun ağrısı necə olacaq? Sən ki ağrı nədir yaxşı bilirsən. Yazıq Xəzəri də üzüqara elədin. Müşfiqin fəlakətini təzə-təzə unudub sevməyə başlamışdım ləpələrini. Axı özün demisən:

Tanrı verən ağrılara şükür eləmək,

Özü də bir ibadətdir...

Bəs niyə Xəzərə belə zülm verdin? Eh, Məlik, eh... Yaşasaydın, sənə yaman acığım tutardı. İstedadını qısqanardım, bəlkə də. Amma sən yoxsan. "Həftələr aya dönür, aylar gəlib il olur", sən isə yeni heç nə yazmırsan. Xəzərin sularını ələk-vələk etsəm də, bir kəlmə belə tapmayacam. Sən onu bağışladın. Mən səni bağışlamıram, Məlik, səni bağışlamıram...

 

 

 





04.10.2022    çap et  çap et