525.Az

Müharibə haqqında ən kədərli mahnıları əsgərlər oxuyur - Sosial şəbəkədə yazılanlar


 

Müharibə haqqında ən kədərli mahnıları əsgərlər oxuyur - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Hacıbəy Heydərli, jurnalist:

- Ermənilər informasiya müharibəsində yenə də fəallaşıb. Harada, hansı şəraitdə və kim tərəfindən çəkildiyi bəlli olmayan videoya görə Azərbaycana qarşı misli görünməmiş informasiya hücumu edirlər. Bu kampaniya xüsusən tviterdə özünü göstərir.

Məncə, sosial şəbəkə fəalları olaraq heç bir halda arxayınlaşmalı deyilik, düşmənin cavabını yerində verməliyik.

Müharibə bitsə də, informasiya müharibəsi davam edir, ayıq-sayıqlığı heç bir halda itirməməliyik. Bu işi koordinasiyalı şəkildə görməli və ermənilərin istər 30 il ərzində, istər Vətən müharibəsi günlərində, istərsə də son sərhəd təxribatlarında törətdiyi barbarlığı dünyaya nümayiş etdirməliyik.

 

Aqşin Kərimov, jurnalist:

- Madam ki, jurnalistika mövzusu gündəmdir, bir neçə fikir də mən səsləndirim:

Ən ümdə məsələ jurnalistikanın etik prinsipləri materiallarda əks olunmalıdır. Hər şey buradan başlayır.

Bundan əlavə, hər bir redaksiyanın beynəlxalq jurnalistikada qəbul edilmiş prinsipləri özündə cəmləşdirən etik kodeksləri olmalıdır.

Zorakılıq, intihar, terrorla bağlı hadisələr həssas kontent olduğundan mətndən tutmuş, foto seçiminə qədər diqqətli olmaq mütləqdir.

Jurnalistikada ifadə azadlığı ilə medianın etik dəyərlərinin sərhədi ayrılmalıdır. Etik kontekstdəki ifadə azadlığı ilə ümumi anlamdakı ifadə azadlığı bir-birindən fərqlənir.

Operativliklə peşəkar məzmun arasında əlaqə olmalıdır. Bu olmayanda, ilk mənbə operativ olsa da, xeyli səhvlərə yol vermiş olur.

lll

- Hesab edirəm ki, Putin həyəcanlı idi. Zalda əyləşən elita, əsasən, Sergey Şoyqu daha narahat görünürdü.

Bəşəriyyət fəlakətə sürüklənir. Qərb Rusiyanı yerində oturda bilməsə, yeni dünya nizamı Çin, Rusiya və Britaniya mərkəzli formalaşacaq.

Düşünürəm ki, ən böyük təhdid Avropa İttifaqı üçündür.

Avropa İttifaqının dağılması da baş tuta bilər.

Britaniya neçə il əvvəl riskləri hesablayıb İttifaqı tərk etmişdi.

Ümumiyyətlə, oyun qaydaları hansı sonluqla nəticələnsə də, ən çox qazanan iki tərəf olacaq: Britaniya və Çin.

 

Fərid Pərdəşünas, texnobloger:

- 2020-nin yanvarından bəri dünyada heç nə əvvəlki kimi deyil. Ola bilər artıq həyatımızın axşına görə bu vəziyyətə alışmışıq, amma bu 3 il çox stresli və gərgin keçib. Meşə yanğınları, təbii fəlakətlər ilə başlayan həmin ili pandemiya əvəzlədi. Ardından gələn müharibə, qlobal başlayan inflyasiya, qiymət artımları və III Dünya müharibəsinin astanası. Birdən fikirləşirəm ki, sanki heç nə daha əvvəlki kimi olmayacaq. Bill Gates də bir yandan hər həftə təbiətə milyonlarla geni dəyişilmiş ağcaqanad buraxır. Həyat çətinləşib. Bu dəqiqə hamı fikirləşir ki, qarşıdan gələn bəladan sağ çıxsam böyük şeydir.

 

Yeganə Hacıyeva, politoloq:

- Fransa Xarici İşlər Nazirliyi Qərbi Afrika dövləti Burkina Fasoda Fransa səfirliyinin binasına hücumu pisləyib.

Yerli hakimiyyət orqanlarını diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb. Diplomatik mülkiyyətə qarşı hər hansı hücum qəbuledilməzdir.

Fransa XİN-i həm də hiddətlənib ki, yerli hakimiyyət Fransa diplomatik nümayəndəliklərinə qarşı zorakılığı niyə ən kəskin şəkildə pisləmir.

Yerli polis səfirliyi qorumur və s.

Fransa XİN-i bütün maraqlı tərəfləri beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini təmin etməyə çağırır.

Keçən həftələrdə Avropanın Burkino Fasosu Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinə hücum ediləndə Fransa hakimiyyətinin nə səsi çıxmışdı, nə də yerli polis səfirliyin binasını müdafiə etmişdi.

Nə də Fransa dövlətinin diplomatik mülkiyyətə qarşı öhdəlik və məsuliyyət tələb edən beynəlxalq konvensiyalara əməl etmək yadına düşmüşdü...

Avropanın mərkəzində səfirliyə hücuma göz yuman fransızlar, Afrikanın savannasında səfirliyə hücuma niyə təəccübləniblər?

 

Elşən Əzim, filoloq:

- Bir video gördüm. Bir nəfər şəxsi dü

kanının qarşısında dövlət bayrağını asıb, İcra Hakimiyyətinin işçisi isə bayrağı hörmətsiz bir şəkildə dartıb qopararaq içəri atır. Hər kəs bu hərəkəti qınayır. Ancaq hər iki şəxs - həm bayrağı asan, həm bayraqla hörmətsiz davranan qanunu pozur. Dövlət bayrağının istifadəsi haqqında Azərbaycan Respublikasının qanunu var. Qanunun birinci maddəsində bayraqla hörmətsiz davranmaq qadağan edilir. Eyni zamanda, bayrağın daimi olaraq hansı binalarda asılması dəqiq göstərilir. Digər yerlərdə bayraq müəyyən tədbirlərdə - bayram və anım günlərində qaldırıla bilər, bu şərtlə ki bayrağın ətəyi yerdən ən azı 3 metr yüksəkdə olsun (Hətta bu halda da bayrağın asılmalı olduğu yerlər dəqiq göstərilir ki, burada hər hansı ticarət obyektinin adı yoxdur). Bəzən məktəblərdə bayraq şagird partalarının üzərinə örtülür. Bu hal sözügedən qanunla qəti qadağan edilib.

 

Orxan Cəbrayıl, həkim:

- Abgül Süleymanovun müsahibəsinə baxdım. Guya Azərbaycanda hicaba qadağa varmış, bu da etiraz etdiyi üçün həbs edilib. Yenə olsa, yenə edərəm deyir.

Şarlatanlığın dərəcəsinə bax ki, jurnalistin İranda hicabla bağlı baş verən son hadisələrlə bağlı sualına "hər yerin bir qanunu var, oranın da qanunu budur" deyib, İran hökumətinin hicab məcburiyyətinə haqq qazandırır.

Mənə görə, başqalarının azadlığına sayğısı olmayanlar azadlığı haqq etmirlər.

Bu zehniyyətdə olan adamlar Azərbaycanda hakimiyyətə gəlsələr, ilk işləri ölkəni şəriət qanunları ilə idarə etmək olar. İrandakı kimi bizdə də hicabı məcburi edər, etiraz edənləri də ən yaxşı halda həbs edər, ən pis halda isə İrandakı kimi öldürərlər.

Demokratiya yaxşı zaddır, amma bu cür rəzil bir zehniyyətlə nə qədər mümkündür, orası müəmmadır.

lll

- Bu gün Qafanda konsulluq açan İran, Şuşada konsulluq açmaq üçün Azərbaycana da müraciət edə bilərdi. Sözün həqiqi mənasında İslam dövləti olsaydı...

 

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:

- Məlum videoya mən də baxdım. Çox təəssüf.

Ermənilərin bizə etdiyi ən böyük pislik torpaqlarımızı işğal etmələri deyil, bizi də özlərinə oxşatmalarıdır.

Bizim ordumuz cəllad, başkəsən deyil, torpaqlarımızı işğaldan azad edən ordudur.

Ona bu cür ləkə yaxan şəxslər mütləq cəzalanmalıdır!

 

İbrahim Nəbioğlu, jurnalist:

- Patriarx Kiril koronaya yoluxub.

Rus Pravoslav Kilsənin rəhbəri, ölkənin Dini lideridir.

Ancaq gəl-gör ki, sosial şəbəkələrdə izləyicilər ona şəfa deyil, ölüm arzulayırlar.

"Din adamlarına bəslənən nifrət nədən qaynaqlanır?" kimi ritorik sual verməyək. Çünki cavabını hər kəs bilir.

Ancaq bir həqiqətdir ki, Qərbdə Ruhani liderlər cəmiyyətin ən nüfuzlu və ən güvənilən insanlardırlar.

Rusun əli dəyən hər coğrafiyada isə...

 

Fərhad Mehdiyev, professor:

- Yayılan kaska videosunun məqsədli şəkildə yayıldığını başa düşmək olar.

Onun belə bir məqsədi ola bilər ki, düşməni panikaya salsın. Amma mənfi təsirləri də olacaq, onu təxmin etmək olar. İndi bu videonun yayılması xeyirdir, ya zərərli, bunu da düşünmək olar. Məqsədli şəkildə yayan da kimə işləyir, o da ayrı müzakirə mövzusudur.

"Atəşi kəs" əmrinə baxmayaraq, əsirləri güllələyən həmin o əsgər və videonu çəkərkən digər yaralını da öldürən əsgər MÜTLƏQ məsuliyyətə cəlb olunmalıdır.

İslam dinində belə təslim olmuş və aman diləyən düşməni öldürmək OLMAZ. Cenevrə Konvensiyalarını da bilirsiniz. Hansı adət-ənənəyə görə bu törədilir? Erməni adət-ənənəsinə görə?

 

Qulu Məhərrəmli, professor:

- Azərbaycan qazının Bolqarıstana, oradan isə Avropaya çıxması ölkəmiz üçün möhtəşəm tarixi hadisədir. Burada dostları sevindirən, düşmən ölkələri qəm dəryasına qərq edən məqamlar var. Hətta arada "Qərb qazı, yoxsa insan haqlarını seçəcək?" kimi suallar da sayrışır. Amma bütün hallarda Avropadakı indiki qaz qıtlığı şəraitində bu, böyük siyasi və iqtisadi hadisədir.

 

Mir Səməd, bloger:

- Yeni tədris ili başlayandan, insanların nəqliyyatda, yolda böyük problemlər yaşaması barədə statusların sayı-hesabı yoxdur.

Saatlarla tıxaclarda qalmaq, avtobusların az olması səbəbindən gec gəlməsi, metroda havasızlığa görə dözülməz vəziyyət.

Bu hal ciddi və təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.

Amma nə etmək olar, heç kəs bilmir.?!

P.S. Hər gün ölkəyə yüzdən çox avtomobil gətirilir... Bir azdan maşınlar məhəllədən çıxan kimi tıxaca düşəcək.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Ukraynanın parçalanması baş tutarsa, növbə Moldovanın olacaq.

MDB "geopolitik zəlzələnin" episentrinə düşür.

1939-cu ildə xəritəyə "yapışqanla yapışdırılan" Bukovina, Qərbi Ukraynanın yenidən qoparılması Potsdam sisteminin iflasıdır.

Savaşın bir yolu Qafqaz cəbhəsinə gəlir.

Qafqaz cəbhəsi düz İrana dirənir. Britaniya və Rusiyanın "Böyük Oyun"da hədəfi İranın logistika savaşında harda yer almasını müəyyən etməkdir.

"Zəngəzur dəhlizi" Tehranı Asiyaya birbaşa apara bilən enerji yolundan kənarda saxlayacaq. İranı dəhşətə salan budur. Əgər İranda da ikinci "Ukrayna zolağı" planı -Bəlucistan, ərəb əraziləri və Kürdüstanda üsyan planı baş tutsa, o zaman Əfqanıstan-Türkmənistan enerji oxu yerini dəyişəcək.

Bu, "Qlobal Britaniya" planının mühüm istiqamətidir.

O zaman Moskva Cənubi Qafqazda geopolitik zəlzələ yaradaraq Avrasiya İttifaqının sərhədini çəkəcək.

MDB üzərində aparılan bu proses bütövlüklə Avropanın yeni simasını ortaya qoyacaq. Vaşinqton yeni Avropa üçün dominant ölkə yerini tutacaq.

Çox qanlı, rəhmsiz və mürəkkəb oyundur.

İkinci Dünya müharibəsi atom bombasının Xirosimaya atılması ilə başa çatdı.

Yeni Avropa doğuldu.

Bir daha müharibənin olmayacağına təminat verən SSRİ-ABŞ və Britaniyanın dominant olduğu Avropa...

80 ildən sonra başlanan "çip və logistika" savaşında da yeni Avropanın ilk işartıları görünür.

lll

- Müharibə haqqında ən kədərli mahnıları həmişə əsgərlər oxuyurlar...

 

 





04.10.2022    çap et  çap et