|
|
|
|
Avropa Parlamenti 2024-cü ilin sonuna qədər üzv ölkələrdə satılan smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda "USB-C" şarj portlarının istifadəsini məcburi edəcək qanun layihəsini təsdiqləyib.
525.az "Euronews"a istinadən xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında "USB-C", Micro "USB" və "Lightning" kimi müxtəlif elektron cihazların fərqli şarj portlarının standartlaşdırılması və elektron tullantıların azaldılmasını nəzərdə tutan qanun layihəsi müzakirə edilib.
Avropa Parlamentinin deputatları 602 "bəli" və 13 "xeyr"lə smartfonlara vahid şarj tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanuna əsasən, "USB-C" portativ elektronika üçün yeni standart şarj portu olacaq.
2024-cü ilin sonuna qədər bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ video oyun konsolları, dinamiklər və klaviaturalarda "USB-C" şarj portları olacaq. Beləliklə, tək bir şarj cihazı müxtəlif elektron cihazlarda istifadə edilə biləcək və istehlakçılar hər yeni cihaz üçün kabel və şarj cihazı almağa məcbur olmayacaqlar. Tənzimləmə 2026-cı ilin yazında noutbuklara da şamil ediləcək. Bu proqramla elektron tullantıların azaldılması hədəflənir.
Qeyd edək ki, qanun Avropa Şurası tərəfindən rəsmi olaraq təsdiqləndikdən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.
Məhəmməd Tağıyev