525.Az

"Şimal axını"nı nə əvəz edəcək? - Xaqani Cəfərli yazır


 

"Şimal axını"nı nə əvəz edəcək? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

"Şimal axını" və "Şimal axını-2" qaz kəmərləri Avropanın enerji bazarında Rusiyanın hegemonluğunu təmin edirdi. Danimarka və İsveç sahilləri yaxınlığında baş verən qəza bu kəmərlərin öz fəaliyyətini dayandırmasına səbəb olub. "Şimal axını" 2010-2012-ci illərdə inşa edilib və Yamal-Avropa qaz kəməri sisteminin Baltik dənizinin dibi ilə keçən magistral qaz kəmərinin bir hissəsidir. Uzunluğu 1224 km olan kəmərin layihə üzrə ötürücülük gücü ildə 55 milyard kubmetr idi. Ancaq bir qayda olaraq kəmər vasitəsilə daha çox qaz ixrac edilirdi. Bu kəmər vasitəsilə ixrac edilən qazın 62 milyard kubmetrə çatdığı zamanlar da olmuşdu. "Şimal axını-2" kəməri 2018-2019-cı illərdə inşa edilsə də, sanksiyalara məruz qaldığı üçün yalnız ötən il tamamlanmışdı. Ötürücülük gücü 55 milyard kubmetrdir. Danimarka və İsveç sahilləri yaxınlığında baş verən qəzadan sonra "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin dörd xəttindən üçü artıq sıradan çıxıb.

Qəzanın hansı səbəbdən baş verdiyini müəyyən etmək hələlik mümkün deyil. Ərazidə hava şərtlərinin əlverişsiz olması səbəbindən qəza yerində başladılan təhqiqatı sona çatdırmaq mümkün deyil. Buna görə də təhqiqat hələ uzaq məsafədən aparılır. Rusiya isə, belə görünür, qəzanın səbəbini və hətta günahkarlarını müəyyən edib. Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk "respublikalarının", Zaporojye və Xerson "vilayətlərinin" Rusiyanın tərkibinə daxil edilməsi mərasimindəki çıxışında qaz kəmərlərinin partladılmasına görə məsuliyyəti ABŞ və Böyük Britaniyanın üzərinə atıb: "Anqlosakslar faktiki olaraq Avropanın enerji strukturunun məhv edilməsinə başlayıblar".

Qalmaqallı açıqlamaları ilə tez-tez medianın gündəminə gələn təqaüddə olan amerikalı polkovnik, Pentaqon rəhbərinin keçmiş baş müşaviri Duqlas Makqreqorun fikrincə, "Şimal axını"na hücum ABŞ və ya Böyük Britaniya tərəfindən həyata keçirilə bilərdi: "Baxmaq lazımdır ki, hansı dövlət qurumlarının bunu etmək imkanı var. Bu, Kral Donanması, ABŞ Hərbi Dəniz Qüvvələridir".

Çinin Livandakı diplomatı Cao Yi də dolayı ilə ABŞ-ı ittiham edib. Diplomat ABŞ-ın "Şimal axını" və "Şimal axını-2"də partlayışlarda iştirakına işarə edərək bildirib ki, ABŞ Rusiya boru kəmərlərinə ən çox nifrət edən, onların tikintisinin qarşısını almağa çalışan ölkədir.

Qeyd etmək lazımdır ki, bu ittihamlar dəlillərlə yox, sadəcə siyasi fikirlərlə əsaslandırılır. Qərb dövlətləri isə beynəlxalq araşdırma israrı ilə bütün ittihamları rədd edirlər.

"Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində baş verən qəzanın səbəbi məlum olmasa da, təmir edilməsinin çox çətin olacağı dəqiqdir. Mütəxəssislər birinci "Şimal axını" xəttinin təmir edilməsinin mümkün olmadığını qeyd edirlər. Xüsusilə də sanksiyalara görə bunun mümkün olmadığını önə çəkirlər. Lakin "Şimal axını-2"də kəmərlərin iki xəttindən biri zədə almayıb və istifadə oluna bilər. Lakin hələlik onun da fəaliyyəti dayandırılıb. Ekspert Sergey Vakulenko hesab edir ki, hər iki qaz kəməri artıq işləməyəcək. Əgər ekspertin ehtimalı gerçəkləşsə, bu, Avropanın enerji bazarının yenidən qurulmasını qaçılmaz edəcək.

Ümumiyyətlə, bu qəzadan əvvəl də Rusiyanın Ukraynaya qarşı müharibəsinin qlobal yanacaq bazarlarını dəyişdirəcəyi ilə bağlı fikirlər səslənirdi. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar belə bir aqibəti qaçılmaz edirdi. Rusiyanın Avropa enerji bazarlarından kənarlaşdırılması tamamilə yeni düzən yaradacaq. Bu düzəndə isə Fars körfəzi ölkələri, xüsusilə Qətər qazanacaq. Hələ 2017-ci ildə Qətər böyük hissəsi Fars körfəzinin suları altında olan dünyanın ən böyük təbii qaz yatağının işlənməsinə qoyulmuş 12 illik qadağanı ləğv etdi. 30 milyard dollar sərmayə qoyulması nəzərdə tulan layihə sıxılmış təbii qazın (LNG) istehsalını hazırkı 77 milyon tondan 2026-cı ildə 110 milyon tona çatdırmağı nəzərdə tutur. Bu isə 152 milyard kubmetr qaza bərabərdir. Qətər bununla kifayətlənmək niyyətində deyil, sıxılmış təbii qazın (LNG) istehsalını 2027-ci ilə qədər ildə 126 milyon tona çatdırmaq, bugünkü LNG bazarının həcminin üçdə biri qədər artırmaq niyyətindədir. Ukrayna müharibəsi, Qərbin enerji bazarlarından Rusiyanın çıxarılması Qətərə marağı görünməz həddə çatdırıb. Qətərin paytaxtı Doha Qərb siyasi liderlərinin ən çox səfər etdikləri şəhərə çevrilib. Hökumət başçıları, nazirlər bir-birinin ardınca Dahoya səfər edərək Qətərdən qaz almağa çalışırlar. Qətər artıq Qərbin beş böyük neft və qaz şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu sazişlər qlobal enerji ticarəti sisteminin əsaslı şəkildə yenidən qurulmaqda olduğunu göstərir.

Dekabr ayından etibarən Avropa ölkələrinə Rusiyadan dəniz yolu ilə neft idxalına qoyulan qadağa qüvvəyə minəcək. Rusiya Avropanın imtina etdiyi nefti başqa istiqamətə, əsasən də Uzaq Şərqə yönəltməyə çalışır. Lakin təbii qazı da eyni şəkildə başqa istiqamətə yönəltmək mümkün deyil.

Avropa isə Rusiyadan qaz idxalatının tamam dayanacağı halda onu təmin edəcək 140 milyard kubmetr qaz tapmalı olacaq. Bu isə hər il hasil olunan qazın 14, LNG bazarının 27 faizinə bərabərdir.

Avropa Qətərlə yanaşı, Şimal dənizində hasilatın artırılmasına da ümidlidir. Avropanın digər bir ümidi isə Azərbaycan və Əlcəzairlə bağlıdır. Əlcəzair hasilatı azaltdığı və öz istehlakını artırdığı üçün ciddi qaynaq hesab edilmir. Əlcəzairdən fərqli olaraq Azərbaycanın qaz hasilatını da, ixracatını da artırmaq imkanı var. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qlobal enerji bazarında baş verən dəyişikliklərə də ciddi təsir göstərəcək. Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışından məlum olur ki, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Azərbaycan artıq TANAP-ın ötürücülük qabiliyyətini 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın ötürücülük qabiliyyətini isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirmək üçün tərəfdaşları ilə məsləhətləşmələr aparır.

Bütün bunlar qlobal enerji bazarlarının, xüsusilə də Avropanın enerji sistemlərinin yenilənmə mərhələsinə daxil olduğunu göstərir.

 





05.10.2022    çap et  çap et