525.Az

Vətən müharibəsi - xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi


 

Vətən müharibəsi - xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi<b style="color:red"></b>

2020-ci il 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsi 44 gün sonra Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsi tariximizə əbədi həkk olunmaqla, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsinə çevrildi. Bu gün hər bir azərbaycanlı həmin salnamə ilə qürur duyur. Çünki Azərbaycan Ordusu torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına qısa müddətdə - 44 gün ərzində son qoydu.

Ermənilər tarix boyu yaranmış ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək xalqımıza qarşı soyqırımı aktları törədib, torpaqlarımızı ələ keçirməyə çalışıb. Bu mənfur niyyətlərini həyata keçirməkdə isə onlara havadarları dəstək olub. Müstəqilliyimizin ilk illərində Azərbaycandakı gərgin daxili vəziyyətdən, qeyri-sabitlikdən, hakimiyyət uğrunda gedən mübarizədən yararlanan ermənilər işğal əməllərini genişləndirməyə başladılar. Beləliklə, ərazimizin 20 faizini işğal etdilər. Azərbaycan işğala məruz qalsa da münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlarda iştirak etməklə, sülhə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Çünki müharibənin nə demək olduğunu, hansı faciələr, ağrı-acılar gətirdiyini izah etməyə ehtiyac yoxdur. Təəssüf ki, beynəlxalq ictimaiyyətin ötən müddət ərzində sərgilədiyi ikili standart, işğalçıya qarşı hər hansı təzyiq göstərməməsi, Ermənistanın törətdiyi soyqırımlara, vandal aktlarına göz yumması sonda müharibəni qaçılmaz etdi. Üstəgəl, münaqişənin həllində vasitəçi qurum olan ATƏT-in Minsk qrupu da ümidləri doğrultmadı. Minsk qrupu 30 ilə yaxın fəaliyyəti dövründə məsələnin həlli istiqamətində hər hansı addım atmadı, sadəcə münaqişənin dondurulmasına çalışmaqla işini bitmiş saydı.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi də kağız üzərində qaldı və icra edilmədi. Digər tərəfdən, Ermənistan öz təxribatlarını davam etdirməklə, Azərbaycanı müharibəyə sürükləyirdi. Qarşı tərəfin 27 sentyabr 2020-ci ildəki növbəti genişmiqyaslı təxribatı Azərbaycanı əks hücum əməliyyatına başlamasına məcbur etdi. Onsuz da güc tətbiq etməkdən başqa yol qalmamışdı. Çünki Ermənistan silahlı qüvvələrinin təxribatları bitib-tükənmirdi, atəşkəsi hər gün pozurdular.

Azərbaycan Prezidenti İlham Əliyev müharibə günlərində - 9 oktyabr tarixində xalqa üçüncü müraciətində bu barədə deyib: "Azərbaycan xalqı bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi... Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin "qəhrəmanlığın"?! Deyirdin "Qarabağ Ermənistandır". Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən, bu gün Ermənistanın başında oturanlar da bilməlidir... Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin".

Ermənistanın illərlə davam edən işğalı bir milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur etdi. İşğal dövründə  Ermənistan talançılıqla məşğul olub, mülki və təsərrüfat obyektləri ilə yanaşı Azərbaycanın misilsiz mədəniyyət abidələrini məhv edib, dini-tarixi isimizə qarşı terror həyata keçirib. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illərlə viran qalıb.

İkinci Qarabağ müharibəsi yenilməz Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Vətən müharibəsi Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi.

Azərbaycan Prezidenti 9 oktyabr müraciətində status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: "Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir".

2020-ci il 10 noyabr üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın hərbi əməliyyatlarsız azad olundu.

Prezident İlham Əliyev müharibə günlərində  həmçinin, informasiya mübarizəsinə rəhbərlik etdi. Dövlət başçısı informasiya cəbhəsində Ermənistanın ölkəmizə qarşı apardığı antitəbliğatı dünyanın aparıcı media qurumlarına müsahibələri ilə puç etdi: "Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm... Müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir".

Azərbaycan müharibədən sonra da öz fərqini ortaya qoydu. Məğlub Ermənistana sülh əlini uzatdı. Üçtərəfli bəyanatlarda üzərinə düşən öhdəlikləri yerinə yetirməklə və qarşı tərəfdən də bunu tələb etməklə, sülhpərvər, humanist siyasət apardığını bir daha nümayiş etdirdi.

 

 

 





05.10.2022    çap et  çap et