525.Az

Azərbaycan "Qırmızı Kitab"ının III nəşri daha əhatəli olacaq


 

Azərbaycan "Qırmızı Kitab"ının III nəşri daha əhatəli olacaq<b style="color:red"></b>

Fauna və flora növlərinin mühafizə olunmasının  effektiv üsullarından biri "Qırmızı Kitab"ın təsis edilməsidir. Hələ 1977-ci ildə Azərbaycanın flora və faunasının genefondunun mühafizəsi üçün Azərbaycan Respublikası "Qırmızı Kitab"ının təsis edilməsinə dair qərar qəbul edilib.

Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilir. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycanın bütün ərazisində, o cümlədən,  Xəzər dənizinin (gölünün) ölkəyə mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilib. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilib.

"Qırmızı Kitab"ın son nəşrində (2013-cü il) mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki  və 223 heyvan növünü əhatə edən Azərbaycanın "Qırmızı Kitabı"nın II nəşri yenidən işlənilib.

Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilmiş, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilib. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə"yə uyğun olaraq "Qırmızı Kitab"ın hazırlanması və dövri nəşri ilə bağlı işlərin maliyyələşdirilməsi Dövlət büdcəsi hesabına həyata keçirilir və hər 10 ildən bir nəşri nəzərdə tuutlub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, "Qırmızı Kitab"ın III nəşri ilə bağlı tədqiqat işləri yekunlaşmaq üzrədir: "Artıq 2023-cü ildə "Qırmızı Kitab"ın III nəşrini təqdim etməyi düşünürük. Bununla bağlı komissiyalar yaradılıb, lazımi çöl-tədqiqat işləri də yekunlaşmaq üzrədir".

Vüqar Kərimovun sözlərinə görə, "Qırmızı Kitab"ın III nəşrində işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsi öz əksini tapacaq: "Qırmızı Kitab"ın III nəşrinin kitabın əvvəlki nəşrlərlə müqayisədə fərqlidir. Əsas fərq işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsinin "Qırmızı Kitab"ın III nəşrində öz əksini tapacağı ilə bağlıdır. 10 ildən bir beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan Respublikasının Qırmızı Kitabında verilən siyahılar mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən nəşr edilməlidir. Kiçik Qafqazın böyük ərazisinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması səbəbindən isə bir çox nadir və təsərrüfat əhəmiyyətli növlərin yaşadığı bu unikal regionun faunası nəzarətsiz qalıb. Oradakı vəziyyət naməlumdur. Biz 30 il idi ki, bu torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. Artıq 2 ildir minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan eyni zamanda bitki aləmi kitabda öz əksini tapacaq".

Nazir müavini bildirib ki, birinci "Qırmızı Kitab"da 140 flora, 108 fauna növü təmsil olunub. O qeyd edib ki, bu rəqəm ikinci "Qırmızı Kitab"da iki dəfə artıqdır. Eyni zamanda, ikinci kitabda 300 flora və 226 fauna növü əksini tapıb. Üçüncü kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq.

Qeyd edək ki, "Qırmızı Kitab"ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və İşçi qrupun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində Azərbaycanın "Qırmızı Kitabı"nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib. Növ mənsubiyyətinin dəqiqləşdirilməsi əvvəllər Azərbaycanda qeydə alındığı barədə məlumat verilib. Son illərdə İnstitutda aparılan tədqiqat işlərinin nəticələrinə görə sədəf ilbizi - Unio mingrelicus və tibb zəlisi - Hirudo orientalis növlərinin saylarının azalması qeydə alınır. II nəşrə daxil edilmiş 3 növ su onurğasızı və 9 növ balığın monitorinqi ilə yanaşı, adıçəkilən növlərin və 2 sümüklü balıq növünün də Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə aydınlıq gətiriləcək. II nəşrə Həşəratlar sinfinə aid 77 növ daxil edilib. III nəşrdə 14 növün siyahıdan çıxarılması, 55 növün isə əlavə edilməsi ilə yenilənmiş siyahıda olan növlərin sayının 118-ə çatdırılması təklif edilir. Digər tərəfdən II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Lakin 2013-cu ildən bu günə qədər növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyi üçün bu növlərin monitorinqi aparıldıqdan sonra yeni təsnifat statusu ilə Qırmızı Kitabın III nəşrinə daxil edilməsinə zərurət yaranıb.

Hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən, daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər həyata keçirilib.

Aparılan müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq "Qırmızı Kitab"ın II nəşrində yer alan çay qızılxallısının (Salmo fario Linneus, 1758) və qızılı şirbitin (Zərdəpər) (geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun "Qırmızı Kitab"ın növbəti nəşrinə tövsiyə edilib. Herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib.

Tədqiqat ərazisindən "Qırmızı Kitab"ın növlərinə aid materialların toplandığını bildirib. 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.

"Qırmızı Kitab" növlərinin öyrənilməsinə dair ornitoloqların Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün, Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün  sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb. Terioloqlar tərəfindən tədqiqatlar isə Böyük Qafqaz ərazisində aparılmış, "Qırmızı Kitab"a daxil ediləcək Cırtdan ağdiş, Kiçik köstəbək, Talpa talyschensi -, Hind tirəndazı,  Cırtdan siçan,  Qafqaz qar siçanı, Kiçik Asiya qar siçanı, bəbir, vaşaq, Bezoar keçisi, Asiya muflonu  növləri haqqında materiallar toplanıb.

Azərbaycanın "Qırmızı Kitab"ının III nəşrinin hazırlanması məqsədilə Yarasalar dəstəsindən  olan növlər üzrə məlumatları toplamaq üçün Azərbaycanın müxtəlif təbii vilayətlərinə ekspedisiyalar təşkil edilib. Bu məqsədlə "Qırmızı Kitab"ın II nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə materiallar toplanmış, original fotoşəkilləri çəkilmiş, məlumat bazası üçün səs qeydiyyatları xüsusi olaraq yazılmış, spektoqramları əldə edilib.

Sevinc QARAYEVA

 





05.10.2022    çap et  çap et