525.Az

"Şah İsmayıl Xətai"


 

"Şah İsmayıl Xətai"<b style="color:red"></b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Onunla Əməkdar rəssam Natiq Fərəcullazadənin "Şah İsmayıl Xətai" əsəri haqqında danışmışıq.

Zəngin vizual bədii dil vasitəsilə çağdaş incəsənətdə hər zaman fərqlənən, ənənəvi bədii təsvir üsullarını kökündən dəyişərək, yenidən individual biçimdə formalaşdıran əməkdar rəssam Natiq Fərəcullazadə realizmdən ilhamlanaraq, onu fərdiləşdirir və incəsənətin bir çox sahəsində onu tətbiq edir. İdeyalarını həm forma, həm də məzmun kimi istifadə edən rəssam zəngin, dekorativ elementlər vasitəsilə kətan üzərində sərhədləri aşaraq, sənətin qapılarını yeni bir metafora dünyasına açmağa nail olur. Milli kolorit və eksperimental həssaslığın cəsarətli sintezinə dəfələrlə müraciət edən rəssam həm ekzotik, həm də emosional səciyyə daşıyan mürəkkəb mövzuları stilizə edərək, fərdi baxış tərzinin mahir təmsilçisi kimi bu gün də öz yaradıcılıq fəaliyyəti ilə sənətsevərlərin diqqətini çəkir.

 

- Nigar xanım, Natiq Fərəcullazadənin "Şah İsmayıl Xətai" əsərində ən çox bir məqam diqqətimi çəkdi. Sanki rəssam burada Xətainin hökmdar kimliyindən çox, şair, yaradıcı adam kimliyini önə çəkir. Sizcə, rəssamın bu istiqaməti tutmasında əsas səbəb nədir?

- Şah İsmayıl Xətai obrazı hər zaman həm şairlər, həm yazıçılar, həm də sənətkarların diqqətində olub. Şah İsmayıl Xətainin təsvirlərinə bu günədək çox sənətkarlar müraciət edib. Kimisi onu at belində, kimisi cəng meydanında, kimisi də hökmdar qiyafəsində kətan üzərinə köçürüb. Fərəcullazadə isə bu haqda dəfələrlə düşünür və sonunda Xətainin mütəfəkkir kimliyini ön plana çıxarmaq qərarına gəlir. Beləcə, usta sənətkar Azərbaycan fatehinin yeni bir obrazını təsviri-incəsənətə bəxş edir. Bu kompozisiya haqqında qeyd edə biləcəyimiz ən maraqlı nüans rəssamın əsərin qəhrəmanına tamamilə fərqli nöqteyi-nəzərdən yanaşması ola bilər. Tarixə dərindən bələd olan hər kəsin Şah İsmayılın 14 il ərzində 14 məmləkəti fəth etdiyi, Dərbənd şəhərindən İran körfəzinə qədər böyük bir imperiya qurduğu barədə məlumatlı olduğunu düşünürəm. Lakin rəssamın yaratdığı kompozisiyada biz bu böyük sərkərdənin məhz "Xətai" kimliyinin təqdim olunduğunu görürük.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Rəssam cəsarətli və dekorativ kolorit seçimindən istifadə edib. Parlaq və isti rənglərlə dekorativ formalar arasında balans yaradan rəssamın kətan üzərində qırmızı, qızılı və sarı rənglərin pulsasiya edən enerjisinin kombinasiyasını görürük. Əsərdə həcmi vurğulamaq üçün rəssam təmiz, modulyasiya edilməmiş rəngin geniş tonallığından istifadə edir. Dekorativ elementlərin zərif, solğun konturları isti çalarları tamamlayır. Qırmızı rəngin bu əsərdə üstünlüyünün orientallıqla yanaşı, şahın ədəbiyyata olan bağlılığını, şövqünü də simvolizə etdiyini düşünürəm.

- Bəs kompozisiya haqqında nə düşünürsünüz?

- İlk baxışdan müdrikliyi ilə seçilən səliqəli və əzəmətli fiqur əsl "şərq" ab-havasını özündə təcəssüm etdirməkdədir. O, çox düşüncəlidir... Əsl imarət hissi yaradan, daş-qaşlı taxt, qalın və qiymətli xalça kompozisiyada izləyicinin diqqətini çəkən əsas ünsürlərdəndir. Bir qədər melanxolik, ancaq dərin düşüncələrə qərq olan baxışların həlimliyi ilə obrazın daxili təlatümünü rəssam ustalıqla təsvir edib.

- O baxışlar hara tuşlanıb bəlli deyil.

- Xətai özü də ona baxan tamaşaçıların varlığından xəbərsiz görünür. Şah qısa və enliqol, naxışlarla bəzənmiş, fakturalı uzun qırmızı xalatda və parlaq qızılı rəngdə baş geyimində təsvir olunub. Bu, onun səltənətinin zənginliyindən xəbər verir. Dizinin üzərindəki kitablar və kağızlar isə onun dünyagörüşünü simvolizə etməkdədir. Onun xarakterinin ağırlığı və əzəməti vurğulu bir şəkildə əks olunub. Həqiqətən də hökmdar öz intellektinə arxayın bir şəkildə təsvir edilib.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Burada əsərdən ziyadə, rəssamın izləyiciyə çatdırmaq istədiyi fikir məncə, daha vacibdir. Rəssamın gözündə Şah İsmayıl təkcə bir sərkərdə və hökmdar deyil, yazmağa kiçik yaşlarından başlayan, ilk şeirlərini Yunus Əmrə, Qazi Bürhanəddin və xüsusilə Nəsiminin təsiri altında yazan, həm lirik, həm epik növə müraciət edən dahi şairdir. Lirik ruhlu hökmdarın ədəbi irsi ana dilində olub. Xüsusilə qoşma və gəraylılarının əsas qayəsi şiə və qızılbaş təriqətlərinin tərənnümü idi. Sufizmə həsr etdiyi hər bir misrasında isə şair humanizmin ali qüdrətini vurğulayıb. Həm Azərbaycan ədəbiyyatında, həm də Azərbaycan ədəbi dilinin inkişafında Xətainin mühüm və əvəzolunmaz xidməti var. Fikrimcə, fırça ustası Natiq Fərəcullazadə də bu cür önəmli töhfələr verən dahi şəxsiyyətin lirik və poetik tərəfini ön plana çıxararaq, şair-hökmdarı kətan üzərində əbədiləşdirmək istəyib.

Aytac SAHƏD

 

 





05.10.2022    çap et  çap et