525.Az

Bir şairin vətən harayı - Ramiz Qasımov yazır


 

Bir şairin vətən harayı - <b style="color:red"> Ramiz Qasımov yazır</b>

Şair Alməmməd Eldaroğlu Sədərək rayonunun (keçmişdə Şərurun) Dəmirçi kəndində anadan olub. Uzun illər başqa sahələrdə çalışıb, xüsusilə ictimai asayişin qorunmasında xidmətlər göstərib. Amma onun incə, zərif bir söz təbi, adamı valeh edən bədii yaradıcılığı da var. Alməmməd müəllim lap uşaq vaxtlarından öz istedadı ilə fərqlənib, valideynləri və müəllimlərinin diqqətini cəlb edib. O vaxt Şərur rayonunda ədəbi birlik fəaliyyət göstərib. 1974-cü ildə atası Eldar kişi uşağın istedadını görəndə qərara alır ki, onun bu təbinə sayılıb-seçilən şairlər yön versinlər. Eldar kişi uşağı qolundan yapışıb Şərur rayonunun ictimai siması olan "İşıqlı yol" (indi "Şərurun səsi" adlanır) qəzetinə aparır. Qəzetin redaktoru Hüseyn Əbdülhüseynovun otağına gedib övladının istedadından danışan Eldar kişini Hüseyn müəllim də alqışlayır və Alməmmədə xeyir-dua verir. "Bayraq", "Ana", "Kəpənək" və başqa bu şeirlərini ürəkdən bəyənən Hüseyn müəllim Alməmmədin şeirlərini və digər yazılarını çap etməyi boynuna götürüb, eyni zamanda onları "Şərur" ədəbi birliyinə yönəldir. Ədəbi birlikdə də Altay Tağızadə çox hörmətlə qarşılayaraq bu balaca oğlanın istedadına alqış deyir və onun şeirlərini bəyəndiyini etiraf edib, yazılarını çap etməyinə kömək edəcəyini söz verir. Çox erkən vaxtdan Alməmməd Eldaroğlu dərnəyin üzvü olaraq ədəbi yaradıcılığına yön vermiş və həmçinin, jurnalistik fəaliyyət göstərmişdi. Alməmməd Eldaroğlunun ilk yazıları 1974-cü ildən rayon qəzetində işıq üzü görərək onu gələcəyin şair babası olaraq tanıtmışdı.

Şair Alməmməd Eldaroğlu hazırda da Naxçıvan ədəbi mühitində öz yaradıcılığı ilə seçilir. Hazırda şair Alməmməd Eldaroğlu bir neçə kitabın müəllifidir. Onun "Vətən əmanətdir" (2011), "Mənim gördüyüm dünya" (2013), "Niyə belədir dünya?" (2021), "Dağlar qartalı" (2022) kitablarında oxunaqlı şeir və poemaları toplanıb. Şairin növbəti, yenicə çapdan çıxan kitablarından biri də "Vətən harayı" adlanır və 2022-ci ildə buraxılıb. 

Onun şeirlərində hər şeydən əvvəl  yaradıcılıq səmimiyyəti adamı cəlb edir. Alməmməd Eldaroğlu qələmində sözlər ərşə çəkilmiş tapılmaz tikə kimi zülmlə deyil, lap dilinin ucundan tökülən kəlmələr kimi yer alır. Onun şeirləri axıcılığı, diləyatımlılığı, melodikliyi və ritmikliyi ilə diqqəti cəlb edir. Vətən, el məhəbbəti, doğma yurd gözəlliklərinin tərənnümü Alməmməd Eldaroğlu yaradıcılığı üçün daha səciyyəvidir. Müəllifin yenicə çapdan çıxmış "Vətən harayı" kitabı da maraqlı, sevilən şeir örnəklərilə zəngindir. Kitabın ilk səhifələri Azərbaycanın işğalçı Ermənistan üzərində cəmi 44 günə qazandığı böyük Qələbə sevincindən yaranan vətəndaşlıq duyğularının coşqulu örnəkləri ilə süslənib. "Azərbaycan", "Baş Komandan, Milli Ordu", "Günəşdən bir zərrə", "Haqq yolu", "Vətən oğlu" kimi şeirlərdə Azərbaycan xalqının qələbə sevinci, zəfər məğrurluğu, milli qeyrət və qürur duyğuları yüksək poetik pafosla əksini tapıb:

Müəllif Azərbaycana uğurla rəhbərlik edən, hər sahədə böyük qələbələr qazanan, 44 günlük Vətən müharibəsində Böyük Zəfərə imza atan müzəffər Ali Baş Komandan İlham Əliyevə və tarixdə böyük ad qoyan Milli Ordumuza zəfər nəğmələri qoşur, qürurlu vətəndaş minnətdarlığını ifadə edir. Şairin mənsub olduğu xalqının milli xarakter duyğularından irəli gələrək qabartdığı, nəğmə qoşduğu sülhə çağırış nidaları "Günəşdən bir zərrə" şeirində çox aydın əksini tapıb. Şair öz el-obasını, qalib dövlətini, böyük qələbəyə hər cür töhfələr vermiş doğma torpağı Naxçıvanı sülhün beşiyi, rifahın vətəni hesab edərək hər ölkəyə sülh payı verməsinin arzusu ilə yaşayır:

 

Günəşdən bir zərrə nur ələnəydi,

Əlimi yuyaydım üzümə çəkib.

O nurun şux ətri gülə dönəydi,

Aya göndərəydim buluda əkib.

 

...Qarabağ dünyaya çağırış meydanı,

Xarıbülbül sülhün simvolu olsun.

Dünyanın sülhsevər xalqları kimi

Bütün yer kürəsi sülhə qoşulsun.

 

Şeirdə Azərbaycan xalqının tolerantlıq duyğuları, multikultural dəyərləri, sülhə, humanizmə verdiyi əhəmiyyət və göstərdiyi çabalar öz əksini tapmaqla bərabər, köləliyin, aclıq, səfalət və yaşam dəhşətlərinin ünvanına çevrilmiş Afrika kimi ölkələrə də yardım istəyi humanizmin təntənəsi kimi poetik ifadəsinə qovuşub.

Alməmməd Eldaroğlunun ana dilinə məhəbbəti, onun ecazkar qüdrətinə və sehrinə vurğunluğu, sədaqəti  "Dilin nəfəsi" şeirində ifadə olunub. Ana dilinin qorunması, yad sözlərdən təmizlənməsi çağırışları onun "Dilin nəfəsi" şeirində başlıca yer alıb. Bu şeirdə şairin bir vətəndaş kimi ana dili təəssübkeşliyi özünü qabarıq təcəssüm etdirir. Şair ana dilini nəfəslə obrazlaşdırır, Məlumdur ki, nəfəs candır, can isə insan üçün hər şey. İctimai bir hadisə olan dil hər millətin milli taleyi, hətta aqibətidir. Bizim də milli-ictimai taleyimiz kimi ana dilimizə olan qayğılı baxış bu şeirdə hakimdir.

Şairin "Qonur adam", "Bu şəhər bizim deyil", "Arazda batan günəş", "Dərdin paslanmış nəmi", "Dəli könlüm", "Bu axşam, Sarıdaş, səndə qalacam", "Dərdli küçə" və başqa şeirləri olduqca ürəyəyatan və yaddaqalandır. Bu şeirlər oxunduqca adamın hiss və duyğularını dindirir, oxucunun könlü ilə söhbətləşir, dərdi, nostaljisi ilə doğmalaşır. Xüsusilə "Bu axşam, Sarıdaş, səndə qalacam" şeiri daşa, torpağa qəribə bir bağlılıq duyğuları yaradır, adamı keçən illərə, ötən şən-şaqraq uşaqlıq illərinə aparır. Şairin təsvir etdiyi Sarıdaş özünün dəruni və dəyərli xatirələrilə vətənləşir və vətənə məhəbbətin daş yaddaşına çevrilir. Sanki vətənə yadırğamış, qəribsəmiş, qəlbində nisgil daşıyan bir el oğlunun duyğuları, nostalji hissləri burada öz əksini tapıb:

 

Dedim, qonağınam, vallah gələcəm,

Dərib güllərindən çələng hörəcəm.

Sirli daşlarından bir-bir öpəcəm,

Sarılıb boynuna ağrın alacam,

Bu axşam, Sarıdaş, səndə qalacam.

 

"Bu şəhər bizim deyil" şeirində də olduqca həzin bir nostalji, xatirələrlə zəngin bir yaddaş boy tutaraq oxucunun gözlərinə baxır, öz təəssüratları ilə qəlbə, ruha yayılır. Ümumiyyətlə, Alməmməd Eldaroğlu insanı gözəl anlayır, yaradıcılığında onu bütün halları ilə - istər bir vətəndaş, istər bir övlad, istər bir dost kimi çox məharətlə təsvir edir. İnsanı bütün duyğuları ilə təqdim etməyə qabil olan şair "Qonur adam" şeiri də bu qəbildəndir.

Alməmməd Eldaroğlu istedadlı və təbli bir şairdir. Olduqca maraqlı və orijinal bədii təsvir və ifadə vasitələri işlədən şair bədii mətləbini çox uğurla əks etdirməyə müvəffəq ola bilir. Şeirlərinin dilində, hətta sərlövhələrdə belə məcazlı ifadələr adamın diqqətini cəlb edir. Məsələn, "Günəşdən bir zərrə" şeirindəki bədii təsvir və ifadə vasitələrinin mürəkkəbliyi, orijinallığı şairin sənətkarlıq məharətini və yaradıcılıq təbini uğurla nümayiş etdirir. Şair çox yaddaqalan metaforalar, mübaliğələr, təşbehlər işlədir. Şeirlərində xalq dilindən gələn, Naxçıvan camaatının dilində gen-bol işlənən məhəlli sözlərdən, deyimlərdən də istifadə edərək onları daha da şirinləşdirir və oxunaqlı edir. "Qonur adam" şeirində və başqa nümunələrdə bu cəhətdən maraqlı örnəklərə rast gəlmək olur. Şair "yel-küləkdən soyuqlayan adamın kürəyinə qulunc girməsini, qarnını sancı doğramasını, ağrıdan ilantək qıvrılmasını" elə canlı, təsirli təsvir edir ki, oxucuda tam əyani təsəvvür yaranır. Şair özünün maraqlı və orijinal bədii təsvir və ifadələrində Günəş zərrələrinin selindən yaranan bulaqda dəstəmaz alan (Günəşdən bir zərrə nur ələnəydi, Əlimi yuyaydım üzümə çəkib), Arazda qüsl edən Günəşin təmizlənərək (Beş şərtlə pisliklərə, qüsl verir, nəhayət... Qürub etməmiş axır Azan vaxtı Araza. Bəlkə salavatlanır Qalxsın Ayla namaza), paralanmış bir xalqın qibləgahına çevrilməsi mətləblərini mükəmməl ifadələrlə təsvir edir.

Yaradıcılığının məziyyətləri barədə qısaca söz açdığım şair Alməmməd Eldaroğluya yeni uğurlar diləyirəm.

 





05.10.2022    çap et  çap et