525.Az

"Şair dostum Xaqani Qayıblıya açıq məktub"- Zəlimxan Yaqub


 

"Şair dostum Xaqani Qayıblıya açıq məktub"- <b style="color:red">Zəlimxan Yaqub</b>

Xalq şairi

 

Əzizim, Xaqani Qayıblı!

Canın-qanın qədər çox sevdiyin Borçalı mahalından, Bolnis-Kəpənəkçidən, ağac kölgəsindən, çay qırağından, bulaq başından sənə məktub yazıram. Borçalıdan Tartuya gedən məktub özüylə Qaraçöpün, Ceyrançölün, Gədəbəyin, Başkeçidin, Tiflisin, Nadirbulaq yaylağının, Kaxetin, Qayakəməndin, Qoşqar yaylağının ətrini aparır sənə. Səninlə görüşmək üçün dağların mərdliyi, qayaların sərtliyi, çiçəklərin təravəti, güllərin zərifliyi, dağ çayının xışıltısı, bulaqların nəğməsi gedir bu məktubda. Unudulmaz yazıçımız Fərman Kərimzadənin, İsa İsmayılzadənin, Zahid Şəmirlinin ruhunun rəngləri, Məmməd Araz dünyasının gözəllikləri, Nəriman Əbdülrəhmanlı duyğularının kövrəkliyi, Məti Osmanoğlunun, Tofiq Abdinin, Fərhad Xubanlının, Əjdər Ağayevin, Rəşad Məcidin, Rafiq Hümbətin, İbrahim İlyaslının, Xanəmirin, Etimadın heyrətli pıçıltıları gedir bu məktubda. Ananın, atanın, qardaşın, bacının, qohumların, dostların isti nəfəsi gedir bu məktubda. Anan Zərifə xanımın müqəddəsliyi, doğma yurdun Qaraçöpün aranlı-yaylaqlı, dağlı-binəli varlığı, alaçıqlı, dəyəli, üzəngili, yəhərli köhlən atların kişnərtisi, ilandilli qamçıların şaqqıltısı gedir bu məktubda. Azərbaycandan Estoniyaya, Borçalıdan Tartuya, qədim müasir ədəbiyyatımızın ən gözəl əsərləri gedir.

  

Saf məhəbbət saf ürəkdə,

Min məna var hər çiçəkdə.

Mənim gözüm çəmənlikdə,

Ən təzə tər gülə düşər.

  

deyən şair qardaşım, saf məhəbbət saf ürəkdə pardaxlanıb açılar. Sənin şeirlərin kimi Aran Borçalıda doğulasan, Tartuda təhsil alasan, ancaq bir gün belə Vətəndən, dildən, eldən-obadan ayrılmayasan, əlbəttə bu, insan üçün böyük xoşbəxtlikdir. İşlətdiyin ifadələrə fikir verirəm – “düzən, dik, dolay, çözək-çözək qazılmaq, səngimək, uçunmaq, əhəd, biney başdan, çəkə tut, səzikmək, culamaq, urcah, batman, qantarğa, çöysümək, sərənə, beli qırılmış qəriblik, ütdü, pisdim, uçunmaq, künc-bucaq, ilik sair ifadələr öz ruhunu, öz kökünü, şəhdini-şirəsini, ətrini, rəngini Azərbaycan dilinin böyüklüyündən, dərinliyindən, qədimliyindən götürüb.

Söz-söz səndən keçən dünya söz-söz bu dünyanı səndən keçirir. Sözü əritmək, sözdə ərimək şair ömrünün xoşbəxtliyidir. Sən o xoşbəxtlərdənsən ki, sözü əritdin, sözdə əridin, bir damla şehdə , bir udum suda da, bir əlçim buludda da həyatı, dünyanı görə bildin. Sözü gəzə-gəzə onun dərinliyinə enmək, ucalığına qalxmaq hər oğulun hünəri deyil.

Vətəni qürbətə aparan, qürbətdə vətən yaradan, dərdin kötəyini yeyən, peyğəmbər şairlərə salam göndərən qardaşım!

  

Mənim şeirlərim bir dağ çeşməsi,

İncisi tükənməz, gözü bulanmaz.

Kimsə dodağını söykəyib içsə,

Dişləri göynəyər, dizi bulanmaz

 

deyən dilinə;

 

Neynim, çəkir məni yaylaq havası,

Bəlkə sərənəmi yatıra bildi,

Dəli küləklərin oynaq havası.

yazan əlinə;

  

Yüz sözdən birinə cavab verməsəm,

Məni qınamayın – “Dağ adamıyam”!

 

deyib dağlarda böyüyən dağ adamına;

  

Yaşıl çöl görmüşəm, çəmən görmüşəm,

Bu mavi səmanı həmən görmüşəm.

Yaşıl işıqların sevinc payını,

şeirim görübdü, mən görmüşəm,

vaxt yanacaqsan, yaşıl işığım

 

deyib yandırmaq istədiyin işıqlara, üz tutduğun dan yerinə, yaşadığın qərib hisslərə, insanı cavankən qocaldan qəriblik dünyasına, yeridiyin yollara, açdığın izlərə, dolaşdığın cığırlara, baxdığın göylərə Vətəndən salam olsun.

 

Haqdan gələn mələkmisal,

Bir qutsal candan gəlirəm.

Tanrı taxt qurub könlümdə,

Sufi imandan gəlirəm.

Qurd olub dağa çıxacam,

Ərgənokondan gəlirəm.

  

Müqəddəs candan gələn, sufi iman genişliyində bir dünyanı görməyi bacaran, xilaskar bir ruh kimi Ərgənokondan gələn, ilahi bir dua dodaqlarında Tanrı üzünə üzüağ çıxmaq istəyənim, sənin kökündə, əslində, soyunda, keçmişində gələcəyində, Qaraçöpündə Allahın var olan hər şeyi var.

Yenə canım söz gəzirkitabını oxuyuram. Misraları hava kimi canıma çəkir, sözləri bulaq suyu kimi içir, şeirləri nəfəs kimi uduram. Söz gəzən canına, xətdi-xalına, gül camalına heyran oluram. Bu nəfəslərdə nələr yoxdur. Sözün böyüklüyü, dərdin dərinliyi, sevginin müqəddəsliyi, həyatın şirinliyi, odun istisi, suyun sərinliyi, torpağın bərəkəti, yurdun unudulmazlığı, qərib şəhərlərin qürubu, ana itkisinin ağırlığı, bir ananın gözüyaşlı qalan balaları, Qaraçöpün dünya qədər böyüklüyü, qürbətlə barışa bilmək bacarığı, içini yandıran, çölünü üşüdən, duyğuların tufanı, şair dostları daha çox sevmək hünəri, türk dünyasını qucaqlamaq eşqi...

Bunların hamısı canında söz gəzən şairin yaşadığı kövrək əbədi duyğulardır. Bu duyğuların işığında yük varsözün yükü, şeirin yükü, nəfəsin yükü, fikrin yükü. Sənin şeirlərin mənim üçün yurd yeridi, yaylaq genişliyidi, dağ havasıdı, havaya qalxan ocaq dilləridi, bulaq suyudu.

  

Gəlmişəm, barmağım göynəsin yenə,

Döşdə bulaqları qazım təzədən.

dediyin dünyadı. “Hanı məndə elə yığval, qucağında ölüm, dağlardediyin aləmin gözəlliyidi.

Böyük qardaşın Vilayətin sözlərini xatırlayıram: “Xaqani haqqında yazmaq mənim üçün asan olduğu qədər çətindir. Yəni o həmişə mənim yanımda, yanımda olmayanda, yadımda, yadımda olmayanda canımda-qanımdadır”. Bu sözlər təkcə sənin üçün deyil, həm səni sevənlər üçün, oxucuların üçün, doğmaların üçün deyilib.

  

Hey boşalıb dolantorpaq,

Bizi bizdən alantorpaq.

Mənə Vətən olan torpaq,

Ölsəm kəfənim olacaq.

  

Əzizim, Xaqani!

Mənim üçün müqəddəslik rəmzi olan Qaraçöpün şairləri, aşıqları, saz-söz adamları, qaçaqları, qoçaqları, mərdləri, alimləri, həkimləri, ziyalıları Dədə Qorqud qəhrəmanları kimidir yaxşı sən öz yaradıcılığını bu müqəddəsliklərdən götürmüsən.

Bu maya, bu xəmrə qədimliklərdən yoğrulub, qəhrəmanlıqlardan gəlib. Onun yaşadığı duyğular keçmişdən gəlir, lap keçmişdən.

  

Seçkin bir yol seç özünə,

Dünya beş günlükdü, oğlum.

 

deyibsən.

Bu beş günlük dünyada ömrü gözəl yaşamaq hamıya qismət olmur. Kimə qismət olursa o, dünyanı genişləndirir, zamanı ucaldır, vaxta şöhrət gətirir, tarixə çevrilir, yaddaşlara hopur.

Quş olmaq istəyirəmşeirin sənin üçün çoxlarımız üçün gözəl bir tərcümeyi-haldır.

  

Qanadları qərib,

Səmalara hakim.

Qırdılar qanadımı,

Əydilər inadımı.

Ayrı saldılar məni,

O gözəlim quşumdan.

  

Beləcə gözümü çəkdim səmalardan,

Sığındım sözün içinə,

Səmaları içimə çəkdim.

  

Yana-yana, alışa-alışa,

Yaza-yaza, danışa-danışa.

Bir gün söz vurdu məni,

Yıxıldım sözün yelinə...

  

Sözün yelində vardı ki, sən Söz tərəfə yıxıldın. Necə oldu ki, sənin üçün söz hər şeydən güclü çıxdı. Sözün yelində hava var, hava insanı havalandırır, bir udum su var, insanı saflaşdırır, dəli dağ çayı var, insanı dəli eləyir, zirvənin dümağ qarı var, insanı təmizləyir, göylərin genişliyi var, insanı böyüdür, sözdə ucalıq var, sözdə azadlıq var, sözdə məşhər günü var, məşhər günü...

Əzizim, Xaqani!

Bu kitabda gedən şeirlərin əksəriyyətindən gözəl misallar gətirmək olar. Hamısı ayların, illərin, dəqiqələrin, saatların süzgəcindən keçib, kövrək xatirələri oyadıb, yaddaşları dilə gətirib, dünəndən bu günə, Vətəndən qürbətə körpülər salıb, Türk dünyasını dolanıb, Azərbaycan deyə-deyə alışıb-yanıb. Ancaq açığını deyim ki, Ana itkisi ilə bağlı yazdığınGörüş-ayrılıqşeirlər silsiləsini oxuyanda mən uçundum, üşüdüm, sarsıldım, sözlər məni qarsıladı. Bu şeirlər analar üçün abidədir, poetik abidə.

  

Ölümü haqlaya bilmədim,

Köçünü saxlaya bilmədim,

A Ana, qolların arasında,

Yıxılıb ağlaya bilmədim,

Bu görüş görüşdü, a Ana.

  

Torpaq anam kimi doğma göründü,

Anamı torpağa tapşırdığım gün.

  

Belim elə qırıldı,

Bir dikələməz, a Ana.

 

Bircə ətri qaldı əllərimdə anamın,

Bir anamın əkdiyi çiçəklərin...

  

A Ana, əhədimi kəsdi qara yel,

Sənə qovuşmaq istərəm,

Haraylaram, ölüm gəlmir.

  

Ana haqqında yazdığın şeirləri, Əli Kərim demiş, bütünlükdə dəftərimə köçürmək istəyirəm. Ancaq bu qəmi, hıçqırığı, gözyaşını, ayrılığı, həsrəti, fəryadı, yası, iliyini soran sözü dilə-qələmə gətirmək olmur. İliyini soran söz dillə deyilə bilməz. Dağda da, daşda da, yerdə , göydə , torpaqda da, ocaqda da, hər yerdə, hər şeydə ana görürsən. Budur ananın böyüklüyünü göstərən qüdrət. Çox şeirlərini oxuyanda kövrəlsəm , “Ölüm qılığına girdi bu gecəşeiri məni ağlatdı. Allahın altında bir möcüzə olaydı, mənim göz yaşlarımı görəydin. “Şeir vəhy kimi gəlir, hisslə sözün arası”. Bu şeirlər sənin vəhyindir. Ana haqda parça-parça göydən enib yerdə onun məhəbbətini, oğul sevgisini əbədi yandırmaq üçün. 

Sən bu şeirləri yazanda dəftərlə, qələmlə əlləşməmisən. Bir quş kimi bir ağacın budağında oturub oxumusan. Üzünü dan yerinə tutub bülbül kimi ötmüsən, canı sözdə olanların sözünü demisən.

Ömrün yarısını qürbətdə keçirən, qürbətin görünməyən tərəflərini görən, “Ensin gözünə qara su, Ağsu vətən oldu deyənşairimizin taleyini xatırladan dünyanın gözəl günlərini həsrətlə xatırlayan:

  

Atam ola, kəmər vura belimə,

Anam ola, sığal çəkə telimə.

Yarım ola, naz eyləyə gülümə,

Harda qaldı o günlərim, a dünya.

  

deyən, qardaşım. İlk dəfə yalın ayağını basdığın Qaraçöp çağırır səni. Son anında müqəddəs torpaqların gözlərinə töklümək arzusu çağırır səni:

  

Bir biləsən uzaqlarda

Sənsiz darıxmaq necədir,

Çaşıb adını çağırmaq,

Sonra karıxmaq necədir.

  

harayı çağırır səni. “Mən qürbətdə deyiləm, qürbət mənim içimdədeyən böyük Türk şairinin sözünə qüvvət, qürbəti vətənləşdir, qardaşım.

Sənin xoşbəxtliyin odur ki, qürbətdə böyük vətənə xidmət edirsən. Aşıq Veysəlin dediyi kimi, dostlar həmişə səni xatırlayır, ona görə ki, sən papağını günə yandırmadın. İş gördün, böyük . Türk dünyası ilə bağlı gördüyün işlər mübarək olsun. Bu, ayrıca bir mövzudur. İnşallah, zaman bu zəhmətin qiymətini verəcək.

 

Əzizim, Xaqani!

Əli Kərim demiş, gözləyərəm mən səni, lap qocalana kimi. Yeni poetik görüşlərini, yeni kitablarını gözləyirəm. Yaz, yaşa, yarat, öpürəm səni.

 

Ömür bir göz qırpımı,

Sevəcəyin kimsə yox.

Yüz il yaşasan belə,

Səni gördüyüm anı

Dəyişmərəm min ilə.

  

Səni gec-gec görürəm. Üç ildən bir, beş ildən bir. Ancaq həmişə qəlbimdəsən, ruhumdasan.

Gedən yollar,

Yar gəlib-gedən yollar.

Gələn müjdə gətirər,

Bəd xəbər, gedən yollar.

  

Səninlə hər görüş mənim üçün müjdədir. Qürbətdə işlərin, qayğıların çox olsa da, Vətəni, Azərbaycanı, Qaraçöpü, Borçalını unutma. “Kimdənsə amanat aldığın ömrü, bir umut yolunda ərit”, qardaşım. Ürəklərə səfərin mübarək olsun. Yol üstündə olan ömrün bu mübarək yollardan kəsilməsin. Mənim novrəstə şairim. Mənim ahəstə şairim.

Ədəbiyyatımızın mənzərəsini təxmini əks edən adları xatırlamağı özümə borc bilirəm. Səməd Vurğun, Rəsul Rza, Fərman Kərimzadə, Məmməd Araz, Füzuli, Yunis Əmrə, Zahid Şəmirli, Aşıq Musa, Dilqəm Osmanlı, Tofiq Abdin,  Vaqif Səmədoğlu, Hüseyn Cavid, Fərhad Xubanlı, Əjdər Ağayev, Böyükağa Mikayıllı, Eyvaz Əlləzoğlu, Rafiq Hümmət, Rəşad Məcid, Xanəmir, Məti Osmanoğlu, Vaqif Cəbrayılzadə, Xəlil Qaraçöp, Qulu Ağsəs, Aşıq Həvəskar, Allahverdi Təhləli, Əlisəmid Kür, Etmad Başkeçid. Bir şairin ürəyində bu adlara məhəbbət varsa, bu yetər ki, Vətənin böyüklüyünü dərk edəsən.

Cəlil MəmmədquluzadəninDanabaş kəndinin əhvalatları”, Kamal AbdullanınKim dedi ki, Simurq quşu var imiş”, Vaqif SəmədoğlununMən burdayam, İlahi”, Bəhlul Abdullanın, Afaq Məsudun əsərlərini eston dilinə çevirmək ədəbiyyatımıza böyük xidmət deməkdir. Arzu edirəm ki, həm orijinal, həm tərcümə əsərlərinin sayı keyfiyyəti çoxalsın. Bu həm azərbaycanlı oxuculara, həm eston oxuculara lazımdır. Bu zəhmətəgözə işıq verən, ürəyə qüvvət verən zəhmətə eşq olsun!

  

Çıxar gədikləri, diz ağrı çəkməz,

Baxar üfüqlərə, göz ağrı çəkməz.

Xaqani eldəsə, söz ağrı çəkməz,

Xaqani eldəsə, söz  bayram eylər.

  

Sözün böyük mənasında bu kitab böyük dərdin, həsrətin qürbətin Vətənin onun müqəddəsliyinin kitabıdır. Bu müqəddəslik mübarək olsun!

04.06.2014

 





16.06.2014    çap et  çap et