525.Az

İranda 400 nəfər azad edilib


 

İranda 400 nəfər azad edilib<b style="color:red"></b>

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda saxlanılan və “yüngül cinayət”də əli olduğu müəyyən edilən 400 nəfərin sərbəst buraxıldığı açıqlanıb.

525.az-ın İranın rəsmi agentliyi İRNA-ya istinadən məlumatına görə, “Evin” və “Tehran Böyük” həbsxanalarını ziyarət edən Tehranın Baş prokuroru Əli Salihi bildirib ki, İran lideri Əlinin açıqlamalarını nəzərə alaraq, saxlanılanların cinayət dərəcəsini müəyyən etmək üçün ədliyyəyə xüsusi tapşırıq verib. Salihi saxlanılan nümayişçilərin müəyyən kriteriyalara görə qiymətləndirildiyini və daha aşağı səviyyədə cinayətlərdə iştirak edənlərin azadlığa buraxılması üçün hazırlıqların görüldüyünü bildirib. 

Saxlanılanlara etdikləri ilə bağlı xəbərdarlıq edildiyini deyən Baş prokuror bu gün səhər saatlarında 400 nəfərin işlərinin araşdırılması nəticəsində sərbəst buraxıldığını açıqlayıb. Salihi qeyd edib ki, bu şəxslərdən öhdəlik götürülüb və eyni davranışı təkrarlamamaq şərti ilə sərbəst buraxılıblar. 

Tehranın baş prokuroru bildirib ki, “ictimai əmlaka ziyan vurmaq, cəmiyyətdə xaos yaratmaq, milli təhlükəsizliyi pozmaq və əcnəbilərlə ünsiyyət qurmaq” kimi daha ağır cinayətlərdə iştirak edənlər tam qətiyyətlə mühakimə olunacaqlar. Bu əhatəyə düşənlərin məhkəmə zamanı nəzarətə alınacağını deyən Salihi, bu şəxslərin sənədlərinin Tehran Prokurorluğu tərəfindən xüsusi olaraq araşdırılaraq məhkəməyə təqdim ediləcəyini  bildirib. 

Digər tərəfdən İranın İnsan Haqları üzrə baş katibi Kazım Qəribabadi dünən gecəyə qədər Tehranda saxlanılan 620-dən çox adamın sərbəst buraxıldığını açıqlayıb. 

İran lideri Xamenei dünənki çıxışında küçəyə çıxanların hamısının eyni olmadığını, bəzilərinin internetdə gördükləri bir proqramın təsiri ilə duyğu və həyəcandan çıxdığını, bunun kiçik bir cəza ilə həll oluna biləcəyini deyib. O, həmçinin, bu insanlara xəbərdarlıq edilərək harada səhv etdiklərini göstərməyin mümkün olduğunu qeyd edib.

Malik Atilay

 





05.10.2022    çap et  çap et