525.Az

Ukrayna nüvə silahına qarşı tədbir görür


 

Ukrayna nüvə silahına qarşı tədbir görür<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinin nüvə xəbərdarlığından sonra hərəkətə keçən Ukrayna, paytaxt Kiyevdə hazırlıqlara başlayıb.

525.az xəbər verir ki, Putinin nüvə təhlükəsindən sonra hərəkətə keçən Ukrayna rəhbərliyinin paytaxt Kiyevdə hazırlıqlara başladığı və təxliyə mərkəzlərinə yod həbləri payladığı öyrənilib.

Fevralın 24-də başlayan Ukrayna müharibəsi 8-ci ayında da davam edir. Müharibə başlayandan bəri bütün dünya Rusiyanın nüvə silahı istifadə etməsindən çəkinir. İndiyədək mümkün nüvə hücumu ilə bağlı onlarla ssenari irəli sürülsə də son bir neçə gündə Rusiya prezidenti Vladimir Putinin üstüörtülü sözləri dünyanı sözün əsl mənasında təşvişə salıb.

Belə ki, Rusiya lideri sentyabrın 22-də “Ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün mümkün vasitələrdən istifadə edəcək”, - deyə bildirib. Daha sonra bu sözlərin tam ciddi olduğunu deyərək gizli nüvə hədəsi ilə çıxış edib. Putin eyni bəyanatda ölkəsində “qismən səfərbərlik” elan edildiyini və 300 min Rusiya vətəndaşının orduya çağırılacağını açıqlayıb.

Bu bəyanatdan sonra Kiyev şəhər şurası, nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edilən və zərərli radiasiyanın udulmasını əngəlləyən həblərin ehtiyac yarandığı təqdirdə təsirlənəcək bölgələrə paylanacağını açıqlayıb.

Yod həbi - radioaktiv effekti azaldan təsirə malik olmayan, lakin inhalyasiya yolu ilə qəbul edilən radioaktiv maddələrin qarşısını alan birləşmədir.

Nüvə təhlükəsi vəziyyətlərində yarana biləcək radioaktiv buludun tərkibindəki radioaktiv yodun tiroid bezində saxlanmasının qarşısını almaq üçün yod tabletləri mümkün qədər tez qəbul edilməlidir.

Onu da qeyd edək ki, Yod tabletləri radioaktivliyə məruz qalmadan 6 saat əvvəl qəbul edildikdə maksimum qorunma təmin edilir. Radioaktivliyə məruz qaldıqdan sonrakı ilk 10 saatdan sonra qəbul edilərsə, heç bir təsiri olmayacaq. Yod tabletinin bir dozası 24 saatlıq qorunma təmin edir.

Sevil Seymur

 





05.10.2022    çap et  çap et