525.Az

Payızın palitrası - Qələbə rəngləri - Zümrüd Dadaşzadə yazır


 

Payızın palitrası - Qələbə rəngləri - <b style="color:red"> Zümrüd Dadaşzadə yazır</b>

Bu yaxınlarda işini başa vurmuş Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi festivalı bir sıra konseptual konsertləri ilə yadda qaldı. Onların arasında Rəna Rzayevanın Mədəniyyət Nazirliyinin Şuşa İli, "Şuşanın fəsilləri" adlı silsilə konsertlər layihəsi çərçivəsində Kamera və Orqan Musiqisi zalında təqdim etdiyi "Payızın palitrası - Qələbə rəngləri" proqramı ürəklərdə dərin iz buraxdı.

Rəna Rzayevanın adı musiqi cameəsinə kifayət qədər yaxşı bəllidir. Xatırladım ki, o, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını professor Elmira Səfərovanın sinfi üzrə bitirdikdən sonra pianoçu kimi fəal çalışaraq, mütəmadi konsertlər verərək, özünü düşünən, axtarışda olan, bir sıra "ilk"lərə imza atan musiqiçi kimi tanıtdırıb. Mütəhərriklik, ali zövq, yeni musiqiyə sevgi - bu sözlər onu gözəl səciyyələndirir. O, daim yeni adlar, yeni əsərlər sorağındadır. Bəstəkarlar da ona etibar edir, onun təfsirlərini yüksək dəyərləndirirlər. Yeni Azərbaycan musiqisini təmsil edənlərin böyük bir hissəsinin - Fərəc Qarayev, Azər Dadaşov, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Rəhilə Həsənova, İsmayıl Hacıbəyov, Salman Qəmbərov, Zaur Fərhadov və neçə-neçə başqa müəllifin əsərlərini məhz Rəna xanım - çox zaman ilk dəfə - səsləndirib.  Əlbəttə, repertuarında Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə də var. Başqa sözlə, Rəna xanımın yaradıcılığı timsalında Azərbaycan fortepiano musiqisinin inkişaf tarixinin əsas mərhələlərini də izləmək olar. Özü də bəstəkarların bir çoxu öz əsərlərini məhz Rəna Rzayevaya ithaf ediblər. Ulf-Diether Soyka - Avstriya bəstəkarının Piano konserti də məxsusi Rəna xanım üçün yazılıb. Bu, əcnəbi bəstəkarın azərbaycanlı ifaçıya həsr etdiyi ilk əsərdir.

Pianoçu səkkiz disk yazdırıb - hamısını da  xaricdə. Bütün disklər müəyyən ideyaya tabe olunub, onların hər birində - əsas mövzudan asılı olmayaraq - Azərbaycan bəstəkarının əsəri yer alıb. Bəzi disklərin adlarına diqqət yetirək: "Şuman: Qərbdən Şərqə", "Şərq - incə mətləbdir", "Qara Qarayev çevrəsi", "Musiqi  - poetik misralarda" və s.

Rəna xanımın rejissortək quraşdırdığı proqramlardan ən uğurlusu, ən yaddaqalanı "Qara Qarayevin çevrəsi" adlanır.  Mündəricə baxımdan dərin və sanballı  proqramda Ustadın fortepiano prelüdləri refren rolunu oynayır, müxtəlif nəsillərdən olan Azərbaycan müəlliflərinin əsərləri isə şərti olaraq "epizodlar" kimi çıxış edirdi. Sonucda Qarayev çevrəsinin hüdudsuzluğu fikri əyani şəkildə sərgilənirdi.

Vaxtilə pianoçunun "Island spell" adlı konsert proqramı şəxsən mənə parlaq təsir bağışlamışdı. Burada mütəxəssislərə belə  bəlli olmayan müasir ingilis musiqisinin geniş panoramı təqdim olunurdu: Con Dauləndin (John Dowland) musiqisi "yeni mürəkkəblik" cərəyanının  nümayəndələrinin - Brayan Förnihou (Brian Ferneyhough), Ceyms Klark  (James Clarke), Con Dillonun (John Dillon) fortepiano opusları ilə ardıcıllaşaraq, fərqli bir musiqi aləmi ilə bizi tanış edirdi.

Musiqi layihələri necə ərsəyə gəlir? Konsert proqramı sifariş və ya təklif əsasında da yarana bilər. Bu və ya digər şəxsiyyətin yubileyi də təkan rolunu icra edə bilər. Bir də olur sən vətənində baş verən taleyüklü hadisələri xaricdə yaşayaraq izləyirsən - həyəcan keçirirsən,  sarsılırsan, bir gözün ağlayır, bir gözün gülür, ədalətsizlikdən, mənəvi tənhalıqdan  iztirab çəkirsən və sonucda qələbə xəbərini eşidib sidqi-ürəkdən sevinirsən.

2020-ci ildə Rəna Rzayeva bəstəkar Rəhilə Həsənovanın "Payız palitrası" silsiləsi üzərində işləməyə başlayanda payız idi və bizim rəşadətli ordumuz Ali Baş Komandanın rəhbərliyi altında illər həsrətində olduğumuz Qarabağ şəhərlərini bir-bir azad edir, ərazi bütövlüyümüzü - haqqı bərpa edirdi. Rəna xanımın piano arxasında çalıb mənimsədiyi hər pyes  Qarabağın müəyyən şəhəri ilə anımlar  doğururdu: Füzuli, Şuşa, daha sonra -  Ağdam, Laçın, Kəlbəcər.

 

Onu da deyim ki, R.Rzayeva obrazlı təfəkkürə malikdir, təxəyyülü də zəngindir: şeir də yazır, əlinə fırça alıb duyğularını kətana da köçürür. Bəstəkar Rəhilə Həsənovanın sinestetik təfəkkürü də qeyd olunmalıdır: o, görünəni eşidilənə  çevirməyi bacaran sənətçidir. Odur  bəstəkar və ifaçının ideyaları asanlıqla bir araya gətirildi. Payızın əsrarəngiz rənglər polifoniyası - sarı, narıncı, qəhvəyi, qonur, qızılı, gümüşü, tünd qırmızı - həm də qələbənin musiqi rəmzləri kimi çıxış edərək yeni bir sənət əsərini doğurdu.

Rəna xanımı bəstəkar istedadına malik ifaçı adlandırardım. İnanıram ki, qarşısına məqsəd qoysaydı, musiqi əsərləri də yarada bilərdi. Onun kreativ insan kimi istedadı tərtib etdiyi konsert proqramlarında özünü bariz göstərir. O, hər bir çıxışının proqramını bəstəkar kimi  düzənləyir, müəyyən dramaturji xəttə tabe etdirir. "Payızın palitrası - Qələbənin rəngləri" proqramı rondovarı formada təqdim olunur. Refren - təkrarlanan qurum qismində Rəhilə xanımın pyesləri çıxış edir. Əvvəldə və sonda, refren-pyeslər arasında isə Azərbaycan bəstəkarlarının əsərləri səslənir.

Sözügedən konsertin özəlliyi onda idi ki, o, əvvəldən axıracan monitorda sərgilənən Qarabağ şəhərlərinin görüntüləri fonunda ifa olunurdu. Bundan əlavə, ekranda pianoçunun əl işləri - rəsmləri də vaxtaşırı  əks olunurdu. Bu da R.Rzayevanın amalını, konsepsiyasını daha dərindən duyub anlamaq imkanı yaradırdı.

Konserti Niyazinin "Möcüzə" adlı fortepiano əsəri açdı. Bu il 110 illik yubileyi qeyd olunan Niyazinin Rəna xanımın professional fəaliyyətində rolu böyükdür. Sənətdə ilk müstəqil addımları R.Rzayeva dahi Maestronun rəhbərliyi altında atıb. Sözügedən pyesi pianoçu Niyazinin arxivində aşkarlamışdı.  Maestronun ömür-gün yoldaşı Həcər xanımın icazəsi ilə notları köçürüb bu başlıqsız pyesə ad da verən Rəna xanım oldu. "Möcüzə" - bu adı doğuran nə olmuşdur? Sualımı cavablandırarkən Rəna xanım kövrəlib deyir: "Məgər Niyazi  sənətimizin bir möcüzəsi olmayıbmı?" Amma mən konserti açan bu pyesin adını məcazi mənada yozardım: məgər müqəddəs Qarabağ torpağımız, Şuşamız möcüzə deyilmi?   

"Sienna" - "Palitra"nın ilk pyesinin orijinal adı (qəhvəyi-sarımtıl rəngə işarə edir) belədir. Burada Şuşanın obrazı, Şuşa sevinci əks olunub. Onu da vurğulayım ki, refren rolunda çıxış edən hər bir "payız" pyesindən sonra səslənən hər bir musiqi parçası sanki bəyan olunan ovqatı dərinləşdirir, pianoçunun fikrini əyaniləşdirir, ya da bir pyesdən digərinə keçidi gerçəkləşdirirdi.

"Şuşa" pyesindən sonra qalibiyyət emosiyasını Rəna xanım məhz Cövdət Hacıyevin sonatası vasitəsilə çatdırır. Məzmunca dramatik bu sonatanın  təntənəli sonluğu keşməkeşli yollarla əldə olunan qələbə sevincinin təcəssümüdür.

Palitranın ikinci pyesi bizi Kəlbəcərə ("Sarı") gətirir. Muğam gəzişmələrinin barokko musiqi üslublundan irəli gələn dönümlərlə uzlaşması bu pyesə özəllik aşılayır. "Sarı gəlin" mahnısının intonasiyalarının musiqi toxumasına xəfifcə qatılması isə, bəstəkarın təbirincə, qeyri-iradi baş vermişdi.

Növbəti "epizod" - Fikrət Əmirovun pyesləridir. Bu il bir əsrlik yubileyi geniş qeyd olunan Əmirov musiqisinin ekspressiya tipi hər bir azərbaycanlının ürəyinə yol tapır. Burada Mirzə İbrahimovun F.Əmirov haqqında söylədikləri yada düşür: "Bir yaradıcı, bir vətəndaş olaraq onun sinəsində rahatlıq biməyən, həmişə hərarətlə döyünən bir ürək çırpınır. Bu hərarət, bu istilik sanki Zərdüşt odundan alovlanmış bir ocağın istisidir: canları qızdırır, dörd tərəfə işıq səpələyir". Onu da deyim ki, "Payız palitrası"nı mən Rəhilə xanımın sevimli simvollarından biri - alovun al-əlvanlığlnı "mənimsəyən" payız haqqında, onun rənglər simfoniyası haqda musiqili hekayəti kimi də qavrayıram.

Palitranın "Laçın" pyesi  - "Ənbər" - Aqşin Əlizadənin  piano üçün əsas əsərlərindən - "Xatirələr", "Dastan", "Qədim oyunlar", "Hüzn valsı"ndan ibarət yekparə blokla əvəz olunur. "Dastan"ı pianoçu ilk dəfə 1992-ci ildə Vyanada ifa edib və xaricdə təşkil olunan bütün konsertlərdə sevə-sevə səsləndirməyə çalışıb. Bu bəstəkarın piano əsərləri, pianoçunun dediyi kimi, həmişə müxtəlifdilli auditoriya tərəfindən çox emosional qarşılanıb.

"Qədim oyunlar"ı Rəna Rzayeva A.Əlizadə sənətinə xas arxaik obrazlar məcrasında yozur - Qobustan qayalıqlarındakı rəqs edən fiqurları   təsəvvür edərək çalır. Lakin burada qədim obrazlar kədər dolu xatirələrlə qarşı-qarşıya qoyulur. Rəna xanım "Qədim oyunlar"ın təzadlarını mahiranə qabarda bilmişdir.

"Hüzn valsı"nı pianoçu fərqli təfsir edərək  ifaya faciəvi rənglər qatdı. Rəna xanımın təbirincə, burada o, sanki doğmasını itirmiş  bir qadının fəryadını eşidir. Bu dramatik parça məntiqli olaraq "Füzuli" ("Terrakota") pyesinin səslənməsinə gətirib çıxarır.

R.Rzayevanın bütün konsertləri premyera ilə əlamətdardır. Sözügedən gecədə o,  Rəhilə Həsənovanın "Payız palitrası" ilə yanaşı, dinləyicilərini Xatirə Əhmədli Cəfərin Muğam-sonatası ilə də tanış etdi.  Xatirə xanımın sonatası F.Əmirova ithafdır. Eyni zamanda, bəstəkar bu əsərini onun musiqisinə canlı nəfəs aşılamış pianoçu Rəna Rzayevaya həsr edib. Muğamın bəstəkar yaradıcılığında təfsiri baxımdan maraq doğuran, F.Əmirov ideyalarından qaynaqlanan bu əsərin sonunda "Şur" simfonik muğamının başlanğıc əzəmətli epik mövzusunun səslənməsi gecəyə xüsusi bir kövrəklik qatdı. Bu, böyük sənətkarın itkisindən doğan, qəlbləri çalxalayan, sözlə ifadə oluna bilməyən kədərin təcəssümü idi.

Palitranın son pyesi - "Ağdam"  ("Amarant", tünd qırmızı) adlanır. İlkin proqramda bu pyesin adı, həmçinin, "Solmayan çiçək" kimi təqdim olunmuşdur.

Bu obraz Simurq quşutək küldən yenidən dirçələn Qarabağımızın simvolu kimi yozula bilər. Burada haşiyə çıxıb deməliyəm ki, avqustun sonunda mən  Azərbaycan Mədəniyyət Nazirliyinin "Şuşa yaradıcılıq emalatxanası" layihəsi  çərçivəsində üç gün ərzində Şuşada olub, bu şəhəri sənət adamları ilə xeyli gəzib dolaşdım. Dağıdılmış binalar, viran  qoyulmuş yurd-yuva adamın ürəyini göynədirdisə, burda gecə-gündüz aparılan tikinti işləri ruh yüksəkliyi, ürəklərdə qəribə bir təlatüm yaradır, gələcəyə inamla baxmağa sövq edirdi. Bu ümidlə konsertin sonunda Rəna xanım Qara Qarayevin  muğam, layla, caz, barokko musiqisi ilə dialoqdan yaranan müxtəlif ovqatlı prelüdlər çələngini təqdim etdi. Burada coşğu da, əzəmət də, xəfif  kədər də, sevgi də - bizim sizinlə həyatımızın rəngarəng palitrası - var idi. Təsadüfi deyil ki,  konsertin məhz bu ümumiləşdirici hissəsində monitorda Qarabağın azad olunan şəhərləri ilə yanaşı, qələbəmizi əks edirən, ürəyimizi həyəcan, sevinc, fərəhlə dolduran görüntülər peyda oldu.

Konsertin aparıcısı qismində onun proqramını şərh edərkən mən çıxışımı Rəsul Rzanın "Rənglər" silsiləsindən "Qırmızının inam çaları" (Amarant - tünd qırmızı rəngli güldür) şeirinin qiraəti ilə bitirib, bu şeirin son - "insanlara məhəbbət, çılpaq həqiqət" misralarını vurğuladım. Bəli, konsertdə sərgilənən görüntülər həmin çılpaq həqiqət idi. Eyni zamanda  musiqi, sənət, səhnədən ötürülən qeyri-adi enerji insanları məhəbbət dalğasına kökləyirdi.

R.Rzayevanın "Payızın palitrası - Qələbənin rəngləri" proqramı zalı dərin sarsıntıya məruz qoymuşdu.   Dinləyicilərin sürəkli alqışlarına cavab olaraq Rəna xanım F.Əlizadənin "Music for piano" kompozisiyasını şəhidlərimizin xatirəsinə ithaf kimi səsləndirdi.

Artıq festival bitdikdən sonra pianoçu Azərbaycan Dövlət Musiqi Muzeyində yenə də pərəstişkarları ilə görüşüb öz yeni "Musica Ricercata" diskinin təqdimatını keçirdi. Bu disk Azərbaycanın Əməkdar artisti, tanınmış musiqiçi, Rəna xanımla  Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində illər çalışmış arfa ifaçısı, ona mənən yaxın insan Çiçək xanım Rzayevanın əziz xatirəsinə ithafdır. Disk avanqardın II dalğasının ən işarəvi simalarından biri Ligetinin "Musica Ricercata" əsəri ilə açılır. 11 pyesdən ibarət bu silsilənin müxtəlif ovqatlı obrazlarını Rəna xanım necə də həssaslıqla  təqdim edir! Əsərin II parçası "Mesto, rigido e cerimoniale" Stenli Kubrikin məşhur "Geniş  bağlanmış gözlərlə" filmindən kinosevərlərə məlumdur. R.Rzayeva bu musiqinin sirr, gizli təşviş, gərginlik dolu ab-havasını məharətlə  çatdıra bilmişdi. Pianoçunun Ligetinin məhz bu əsərinə müraciəti heç də təsadüfi  deyil. "Ricercata" sözü "axtarmaq", "araşdırmaq" kimi tərcümə olunur. Rəna xanım da qərq olduğu kədərdən çıxış yollarını klassik musiqidə (Haydn, Motsart və Bethovenin ayrı-ayrı sonatalarından hissələri bir-birinə calayaraq Fantom-sonata ərsəyə gətirilib), qələbəmizdə (R.Həsənovanın "Payız palitrası") və  doğma Azərbaycan musiqisində (X.Əhmədli Cəfərin Muğam-sonatası) tapır. Disk üçün annotasiyanı - R.Rzayevanın portretini yaradan ön sözü  bu sətirlərin müəllifi yazmışdır.  Prezentasiyada Rəna xanım Azərbaycan bəstəkarlarının, habelə Niyazinin əsərlərini  bir daha ifa etdi. Muzeyin direktoru Alla Bayramova Rəna xanımın yaradıcılığından söz açdı, onun Rauf Abdullayeva həsr etdiyi "Bir ruh çırpıntısı" kitabının,  müxtəlif illərdə işıq üzü görən disklərinin özəl xüsusiyyətlərindən danışdı, pianoçuya  muzeyin bir sıra nəşrlərini təqdim etdi.

Rəna Rzayevanın qastrol marşrutları bir çox ölkələrdən - Almaniya, Avstriya, Niderland, İsveçrə, ABŞ, İngiltərə, İspaniya, Türkiyə, Misirdən... keçir. O,  vətəninin mədəniyyət elçisi kimi müxtəlif musiqi ənənələri, hadisələri arasında  körpülər qurur, soydaşlarını Qərb musiqisinin nailiyyətləri ilə, Qərb  dinləyicilərini isə Azərbaycanın musiqi sənəti ilə tanış edir.

Amma Rəna xanımın böyük bir arzusu var. O, "Payızın palitrası - Qələbənin rəngləri"ni Şuşada ifa etmək istərdi. Əminəm ki, çox yaxın zamanlarda  pianoçunun xəyalları gerçək olacaq: o, öz proqramını mütləq hər bir azərbaycanlının doğma, sevimli evi olan Şuşada - dostları, həmkarları, Şuşanın mərd müdafiəçiləri, qonaqları qarşısında səsləndirəcək.

 

 

 

 





06.10.2022    çap et  çap et