525.Az

Xocalı soyqırımı: milli-vətənpərvərlik şüurumuzu oyaq saxlayan faciə


 

Xocalı soyqırımı: milli-vətənpərvərlik şüurumuzu oyaq saxlayan faciə<b style="color:red"></b>

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə üç istiqamətdən Xocalıya hücuma başlayıb. Xocalıya hücum zamanı silahsız, əliyalın şəhər sakinləri, qocalar, uşaqlar və qadınlar ermənilər tərəfindən amansızlıqla, xüsusi qəddarlıqla qətlə yetirilib.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən qurulan pusqularda qətlə yetirilib. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən, 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Faciə zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub (onlardan 76 nəfəri həddi-buluğa çatmamışlardır), 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən, 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Prezident İlham Əliyev bu barədə çıxışlarının birində qeyd edib ki, Xocalı faciəsi erməni millətçilərin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi: "Xocalı soyqırımı erməni faşizminin təzahürüdür. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir qismi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Biz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində erməni ordusunu darmadağın edərək tarixi torpaqlarımızı işğalçılardan azad etdik, Xocalı qurbanlarının qisasını aldıq".

Millət vəkili Cavid Osmanov deyir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və əksər hallarda qətlə yetirilib. Əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülmüş və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib: "Ermənistan tərəfi əsir-girovlara qarşı barbarcasına davranıb, əsir-girovları antitürk, antiazərbaycan ideoloji-təbliğat vasitəsinə çevirib, nifrət hissinin artırılması məqsədilə onları mülki əhalinin ixtiyarına verərək meydanlarda nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsinə şərait yaradılıb. Eyni zamanda, əsirlikdə olan vətəndaşlarımız təhqir edilərək yaşayış məntəqələrində gəzdirilib və müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur ediliblər. Ermənistan əsir və girovları qul kimi istifadə edərək, onların əməyindən işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə, vandalizm aktlarında istifadə edib. Bundan başqa, ermənilər əsirlikdə olan Azərbaycan vətəndaşlarına işgəncələr verərək onları zərərli istehsal sahələrində işlətməyə məcbur ediblər".

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfinin törətdiyi cinayətlər bu illər ərzində sərhəd tanımayıb. Əsir və girov götürülmüş şəxslərdən bəziləri Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunmuş və ölkəmizdə terror-təxribat aktlarının törədilməsinə məcbur ediliblər. Ermənilər hətta əsir və girovları biri-birinin əleyhinə ifadələr verməyə, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur ediblər. Yaş və cinsinə məhəl qoyulmadan əsirlərimiz qeyri-insani şəraitdə saxlanılıblar: "Cenevrə Konvensiyalarına zidd olaraq Ermənistan tərəfi girovluqda olan azərbaycanlılardan müxtəlif məlumatların əldə olunması üçün dəhşətli işgəncələr belə verməkdən çəkinməyiblər. Bundan əlavə, əsir və girovlar müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilmiş, bədənlərinə şüalar verilmiş və erməni cəlladları tərəfindən tərkibi məlum olmayan maddələr onların damarlarına, bədənlərinə yeridilmişdi. İtkin düşmüş vətəndaşlarımızın əksər hallarda işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq azadlıq və toxunulmazlıq, yaşamaq kimi hüquqları kobud şəkildə pozulub. Eyni zamanda, insanlarımızın əsirlikdə olan və itkin düşmüş qohumları haqqında məlumat alması təmin olunmayıb. Bütün bunların səbəbkarı məhz o dövrdə hakimiyyət başında olan Ermənistan siyasi rəhbərliyidir.

Bu gün də Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıqdan qaçır. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır".

Cavid Osmanov bildirib ki, beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alaraq yerlə-yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən, 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır: "Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur. Bu kontekstdə, Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır. Uzun illərdir Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürüdən, azərbaycanlılara qarşı soyqırımı, terror aktları, olmazın vəhşiliklər törədən Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. İnsan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar, dünya ölkələri bu cinayətlərinə görə Ermənistana təsir və təzyiqlər etməlidir. Təəssüf ki, beynəlxalq aləmdən yetərincə belə reaksiyaları görmürük. Düzdür, Azərbaycan Ermənistan tərəfinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də 44 günlük hərbi əməliyyatlara başlamalı oldu və bu əməliyyatlar zamanı Azərbaycan Ermənistana döyüş meydanında lazımi dərsi verdi. Torpaqlarımız işğaldan azad edildi, əsir və girov götürülərək işgəncələr məruz qalaraq həyatını itirmiş soydaşlarımızın, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş igid oğullarımızın qisası alındı. Yaxşı bir deyim var. Heç kim, heç nə unudulmur. Ermənistan tərəfi bu müddət ərzində Azərbaycana qarşı törətmiş olduğu hərbi və insanlıq cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqdır. İtkin düşmüş, girov və əsir götürülmüş hər bir azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməli, onları geri qaytarmalıdır. Ermənistan unutmasın ki, gec-tez bu cinayətlərdə əli olanların hər biri Azərbaycan dövləti tərəfindən mühakimə ediləcək".

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli lider Heydər Əliyev verib. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" Qərar qəbul edib. Ümummilli lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı Soyqırımı və Milli Matəm Günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!" kampaniyasının məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.

Sevinc QARAYEVA

 





06.10.2022    çap et  çap et