Fransada Yeni il və Milad bayramı üçün satışa çıxarılan qatar biletlərinin çox baha olması sərt reaksiyalara səbəb olub.
525.az xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, dəmir yolu şirkəti SNCF öz internet saytında və mobil tətbiqdə yerli vaxtla 06:00-da Yeni il və Milad üçün qatar biletlərini satışa çıxarıb.
SNCF rəhbərliyi dəqiqədə 100 min istifadəçinin bilet almağa çalışdığını, yüksək tələbat səbəbindən tezliklə sayta və tətbiqə girişdə böyük çətinliklər yaranmağa başladığını bildirib. Ümumilikdə 9 milyon bileti satışa çıxardıqlarını açıqlayan şirkət rəhbərliyi 06:00-dan səhər 08:00-a qədər saniyədə 30 bilet satıldığını bildirib.
Digər tərəfdən, bəzi istehlakçılar sosial mediada “biletlər təyyarə biletləri qədər bahadır, şəxsi avtomobillə səyahət qatarla getməkdən daha ucuzdur”- kimi reaksiyalar veriblər. "Hazırda Miladda Parisdən Böyük Britaniyaya gediş-gəliş biletlərinə baxıram, endirim kartına baxmayaraq, 2 nəfər üçün qatarla getmək avtomobillə getməkdən bahadır", - istifadəçilərdən biri Twitter hesabında yazıb.
Başqa bir istifadəçi "Milad bayramında qatar bileti 264 avro, təyyarə bileti isə 161 avrodur. 20 avro əlavə etsəm, hava limanına avtobusla gedə bilərəm. Daha ucuzdur. Endirim kartından istifadə etsəm də qatar bileti 207 avroya düşür”, - deyə paylaşım edib.
Rusiya qazının dayandırılması səbəbindən enerji böhranının yaşandığı Fransada, SNCF şirkəti “Elektrik enerjisi qiymətləri əhəmiyyətli dərəcədə artdığı üçün 2023-cü ildə bilet tariflərinin də artırılacağı gözlənilir”,- deyə açıqlama verib.
Malik Atilay