525.Az

Azərbaycan-Çin əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib


 

Azərbaycan-Çin əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin mərkəzində Azərbaycan və Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Van Xuoçian və  Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev də iştirak ediblər. Öncə Azərbaycan-Çin əlaqələrini ifadə edən rəsm sərgisinə baxış olub.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli giriş nitqində Çin Xalq Respublikası ilə əlaqələrin inkişafından söz açıb. Bildirib ki, "Ədəbiyyat İnstitutunun Çin mərkəzi 2016-ci ildən fəaliyyət göstərir. Bu illərdə Çinlə əlaqələr qurmaq üçün böyük addımlar atmışıq, Çin dili dərsləri təşkil etmişik. Nərgiz Kərimova Çində kurslar keçdi və Çin-Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. Bu, filologiya istiqamətində Çin ədəbiyyatına həsr olunmuş Azərbaycanda birinci dissertasiya olacaq. Çin Sosial Elmlər Akademiyasınının ayrı-ayrı institutları ilə yaxşı əlaqələrimiz formalaşıb, qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalamışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası ilə əlaqələrə böyük önəm verir".

Akademik vurğulayıb ki, bu əlaqələrin inkişaf etdirilməsində Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin rolu danılmazdır. O, Ədəbiyyat İnstitutu ilə Çinin elmi mərkəzləri arasındakı əlaqələrdə çox etibarlı körpüdür.

Sonra BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Van Xuoçian tədbirin təşkili üçün minnətdarlığını ifadə edib: "Konfutsi İnstitutu 2011-ci ildən, yarandığı gündən azərbaycanlı tələbələrin Çində təhsil almaları, onların Çini yaxşı tanımaları, dili yaxşı öyrənmələri məqsədilə körpü rolunu oynamışdır. Bu sərgi Azərbaycan və Çin ədəbi əlaqələrinin yaranmasının 30 illiyinə həsr olunmuşdur. Bundan öncə Xəzər Universitetində də belə tədbir keçirmişik. Ümid edirəm ki, bizim dostluq əlaqələrimiz daha da inkişaf edəcək".

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli çıxışında qeyd edib ki, şöbə 2016-cı ildə yaradılıb və o zamanlardan Çin mərkəzi də fəaliyyət göstərir. Pandemiya dövründə nisbətən zəifləyən əlaqələrimiz artıq yenidən canlanır.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev əlaqələrin uğurla davam edəcəyinə inandığını bildirib.

Tədbirdə BDU-nun nəzdində Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə Çin rəqsi nümayiş olunub. Eyni zamanda Çin yaşıl çayının dəmlənməsi göstərilib. Konfutsi İnstitutunun tələbəsi Rəhman Qarayevin ifasında Çin dilində mahnı dinlənilib.

 

 





07.10.2022    çap et  çap et