525.Az

Öyrəndiyimiz qədər şagird, öyrətdiyimiz qədər müəllimik - Sosial şəbəkədə yazılanlar


 

Öyrəndiyimiz qədər şagird, öyrətdiyimiz qədər müəllimik - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Ələsgər Əhmədoğlu, hüquqşünas:

- Sosial şəbəkələrdə yeniyetmə məktəblinin zorakı və alçaldıcı hərəkətlərə məruz qalmasına dair yayılan video bir çox aspektdən ciddi müzakirəyə ehtiyacı olan məsələdir.

Öncəliklə, hadisə hüquqi qiymətləndirmə tələb edir. Olayda açıq-aşkar qəsdən sağlamlığa zərər vuran hərəkətlər mövcuddur və bunu istintaq müəyyən etməlidir bu zərər yüngüldür, ağırdır və s. Deməli, cinayət hüququ aspektindən qiymətləndirilməsi zəruridir.

İkincisi, olayın məktəbdə baş verməsinin hüquqi nəticələri mövcuddur. Məktəb hər bir ailənin öz övladını təhsil məqsədi ilə əmanət etdiyi qorunaqlı yerdir. Əgər burada - qorunaqlı hesab edilən yerdə belə hadisələr baş verirsə, bunun ciddi hüquqi nəticələri, məsuliyyəti qaçılmazdır.

Üçüncüsü, məktəbdə bir sinifdə təhsil alan uşaqların bir-birinə münasibətindəki bu zorakılığın, olayı "fəxrlə" kameraya köçürən, təşviq edən, səssiz qalan gəncliyimizin psixolojik tərəfi ciddi araşdırılacaq məsələdir. Biz cəmiyyət olaraq, media olaraq, ailə olaraq harada hansı səhvləri buraxmışıq və buraxırıq ki, bu görüntülərdəki hiddət doğurucu mənzərə ortaya çıxa bilir?

Dördüncüsü, bu olayın ictimaiyyətə çıxış məsələsidir. "Belə zorakılığın baş verdiyini göstərən kadrların ictimai əhəmiyyəti varmı" sualının cavabı, əlbəttə var və hökmən belə faktlar gün üzünə çıxmalıdır ki, neqativliklərə qarşı effektiv tədbirlər görülsün. Deməli, hadisənin ictimailəşməsi zəruridir. Lakin əsas sual budur: necə, hansı formada? Yeniyetmələr (məktəbli uşaqlar) arasında bu olay baş verdiyinə görə bu görüntülərin yayılması zamanı həm hüquqi, həm etik məsələlər önə çıxır.

Hüquqi tərəf bundan ibarətdir ki, media hüququ baxımından Media haqqında qanuna əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir. Görüntüdəki zərər görən şəxs və zərər verən şəxs hər ikisi yetkinlik yaşına çatmadığına görə onların görüntülərində onları identifikasiya edəcək şəklin, videonun, adının yayılması qanunsuzdur. Əlbəttə, əgər valideynlərinin icazəsi yoxdursa. Valideynlərinin icazəsi olduğunu ehtimal etsək, bu dəfə jurnalist etikası-media etikası dövriyyəyə girər. Yəni hətta ehtimal etsək ki, valideyn icazə verib ki, onun övladının şəxsiyyəti haqqında məlumat yayılsın (xüsusilə zərər görən tərəf olayın ört-basdır edilməməsi üçün bunu istəyə bilər) bu halda jurnalistlər, media təmsilçiləri yenə də etik qaydalara uyğun davranaraq, yeniyetmələrə dair şəxsi identifikasiya edəcək nə üz görüntülərini, nə adını, nə də onu identifikasiya edəcək digər məlumatları yaymalıdır. Olayı əks etdirən video olduğuna görə videoda şəxslərin öz cizgilərini qapatmalı, olayın baş verdiyi məktəbin adı istisna olmaqla hətta sinfini də bildirməməlidir.

Ümid edirəm olayın həssaslığı nəzərə alınacaq, media, jurnalistlər bu kimi hallarda daha diqqətli davranacaqlar.

Rəsmi qurumlar isə qanunvericiliyə uyğun zəruri hərəkətləri dərhal edib, cəmiyyəti inandıran addımlar atacaq.

 

Hacıbəy Heydərli, jurnalist:

- O video izləyən hər kəsdə psixoloji travma yaratdı. Döyülən şagirdin onsuz da problemli ailədə böyüdüyü bəllidir, reaksiya verməməsi və qorxaq görünməsi bunu deməyə əsas vermir. "Tərəflər barışıb" cümləsi ilə problem həll edilmir, o uşaqlar bizim gələcəyimizdir, sabah cəmiyyətimiz "razborşik" və hüquqlarını müdafiə edə bilməyən fərd qazanacaq.

Sosial şəbəkələrdə kriminal ünsürlərin, bu tip mahnıların, lotu aləminin, zorakılığın tüğyan etməsindən ən çox azyaşlılarımız əziyyət çəkir, gələcəyimiz təhlükə altına düşür.

 

İlham Əzizov, yazıçı:

- Elə yaşdayam ki, müəllimlərimin çoxu dünyasını dəyişib. Mən onları xatırladıqca partaya qayıdıram, çantamı töküb-töküşdürürəm, rəngli qələmlərə baxıb sevinirəm, tənəffüs xoşbəxtliyi yaşayıram. Elə bilirəm o başqa dünya idi, öz günəşi vardı, öz səhəri, öz havası...

Müəllimlərim də o dünyanın peyğəmbərləri. Zülmətdən nura aparan o işıqlı insanlar. İllərin bu tayından o adamları xatırlamaq, səslərini duymaq, nəvazişlərini hiss etmək necə gözəldi, ilahi...

Bu gün də aramızda olan müəllimlərim var, başda Atam olmaqla hamısını salamlayıram, dünyadan köçənləri rəhmətlə anıram. Bir onlara təzim edirəm, bir onlara baş əyirəm!

Sizə sevgim sonsuzdur, əziz müəllimlər!

Hər günü mübarək adamlar!

 

Yeganə Hacıyeva, politoloq:

- İlk professional fəaliyyətimə universitetdə müəllimə olaraq başlamışam. Ölkənin aparıcı universitetlərinin birində nüvə fizikası laboratoriyasında assistent olaraq çalışmışam. Təhsildə rüşvət faktoru üzərindən universitetlə yollarımı ayırıb, həyatımda yeni, daha maraqlı yollar, səhifələr açmışam. Amma müəllim olmaqdan qalmamışam, sonralar Azərbaycanda siyasi-ictimai sektorda gənclərin fərdi, təşkilatların institutsional inkişafı üçün 8 il təmənnasız təlimlər keçmişəm. Şimali Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa ölkələrində gənclər və qadınların inkişafı üçün təlimlər aparmışam. Bu fəaliyyətimdə müsəlman cəmiyyətlərində qadınların təhsil və siyasi aktivliyinin artırılması üçün apardığım təlimlər xüsusi yer tutur. Qohumlarım mənə günü bu gün də müəllimə deyə müraciət edir. Və mənim təsəvvürümdə müəllim olmaq peşə deyil, xislətdir, xasiyyətdir, davranışdır və s. Peşəsindən asılı olmayaraq müəllim olan hər kəsi təbrik edirəm. Gününüz mübarək, əziz müəllimlər!

 

Bahəddin Həzi, jurnalist:

- Hər birimiz öyrənənik və öyrədənik! Öyrəndiyimiz qədər şagirdik, öyrətdiyimiz qədər müəllimik. Bir də bunun təhsilini alıb təhsil verən var; aldığını özündən sonrakı nəslə ötürən.

Məktəb cəmiyyətin avtomatik ötürücülər qutusudur. Mühərrik neçə at gücündə olursa-olsun, fərq etməz, ötürücülər qutusu işləməsə, avtomobil yerindən tərpənməz, "at kimi" üzünə durar.

Məktəbdən hamının yolu keçir: müəllim kimi, şagird kimi, ailə kimi. Bu gün, əslində, hamının günüdür. Tək müəllim günü deyil. O üzdən hamıya bu təbrikdən pay düşür.

Və... məktəb, müəllim nə gündədirsə, hamı da elə o gündədir. Nə az, nə çox...

...Mən Həyatı və Ölümü təbrik edirəm! Ən çox onlardan öyrənirik...

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Elm və Təhsil Nazirliyi yuxarı sinif şagirdlərinin miqrasiyasına necə nəzarət edə bilər?

Son günlər baxıram ki, ancaq məktəb xəbərləri sosial mediamızda gündəmdir. Ötən günlər Gədəbəyin icra başçısının hansısa bir kənd tam orta məktəbində olması və ciddi problemlərlə rastlaşması gündəm olub. İctimai qınaq olan problemlərə diqqət yetirdikdə görmək olar ki, daha əhəmiyyətli məqamlar bəzən diqqətdən kənarda qalır. Qeyd olunurdu ki, məktəbdə 201 şagirddən 11-ci sinif üzrə 55 şagirdin heç biri məktəbdə olmayıb. Deməli, bu məktəbdə təxminən 27% şagird 11-ci sinifdə oxuyurmuş.

Bu fakt - yəni az qala məktəbin üçdən birinin 11-ci sinif şagirdi olması, nə dərəcədə doğrudur? Düşünürəm ki, ETN özünün müxtəlif datalarına, elə Ümumi Təhsil İnformasiya Sisteminə (ÜTİS) daxil olmaqla müəyyən edə bilər ki, orta statistik bir məktəbdə normalda 7-8% 11-ci sinif şagirdi ola bilər.

Ümumiyyətlə, ÜTİS vasitəsilə istənilən sinif, məktəb, rayon və ölkə üzrə şagirdlərin hərəkətinə effektiv nəzarət mümkündür. Əgər məktəbin hansısa sinfində və ya məktəbin özündə şagird sayı normalda olduğundan çoxdursa, demək, bura kənardan miqrasiya baş verib. Demək, Gədəbəyin həmin kənd məktəbinin 11-ci sinfinə digər məktəblərdən, rayonlardan və şəhərlərdən köç olmasından şübhələnmək üçün ciddi əsaslar var. Daha doğrusu, şagirdlərin özlərinin yox, onların adlarının bu məktəbə miqrasiyası olub.

Yeri gəlmişkən, bəzi direktorların və onların havadarlarının əsas gəlir yerinin həm də bu olduğu bildirilir. Düşünürəm ki, Nazirlik, DİM özlərində mövcud olan datalarla, informasiya sistemləri ilə bu tip məsələlərə ciddi nəzarət edə bilərlər.

Əlbəttə, əgər istəsələr...

 

Asif Nərimanlı, jurnalist:

- Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir:

- Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı;

- Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;

- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə "Bordobərəlilər"lə birgə təlimlərə başlayıb (4-14 oktyabr);

Adətən, təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, lakin bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:

1. İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;

2. Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil;

Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Məşədi İbadın uşaqlığı görəsən, necə keçib?

Əsərin yazılma tarixinə baxsaq, Məşədinin doğum tarixi hardasa 1860-cı illərə düşür. Həmin vaxt ABŞ-da vətəndaş müharibəsi gedirdi.

Bir il sonra Rusiyada təhkimçilik hüququ ləğv olunub.

Bakıda neft bumu başlanıb. İmperiyada ilk inqilabçılar... "Narodnaya Volya"... İmperator Aleksandrın öldürülməsi... Şeyx Şamil... Qori Müəllimlər seminariyası... "İlk Əkinçi" qəzeti... Bakıda fəhlə tətilləri... Stalin. Duma seçkiləri... Hacı Zeynalabdin Tağıyev... Qəzetlər... "Hümmət" təşkilatı. Nərimanov... Rəsulzadə... İranda huriyyət... Səttarxan...

Məşədi hamısını xatırlayırmış yəqin... Bəlkə tələbə Sərvərə nisyə mal da verib, cibinə pul da basıb. Dükanda qəzet də alıb oxuyub yəqin. Qəzetçi Rza bəyi tanıyırdı axı... "Tarix-Nadir"i də oxumuşdu.

1910-cu ildə Məşədi İbad xudmani həyatını yaşayırdı. Belə də yaşayacaqdı... Gülnaz olmasaydı...

 





07.10.2022    çap et  çap et