525.Az

Bakı metrosunda sərnişin sıxlığı


 

PROBLEMİ NECƏ HƏLL ETMƏK OLAR?

Bakı metrosunda sərnişin sıxlığı<b style="color:red"></b>

Paytaxt sakinlərində narazılıq və narahatlıq yaradan başlıca problemlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Xətlərdəki avtobusların yetərli sayda olmaması, tıxaclar, hər kəsin demək olar, eyni vaxtda işə və ya dərsə gedib-gəlməsindən yaranan sərnişin sıxlığı, bunun əvəzində isə marşrutdakı nəqliyyat vasitələri arasındakı intervalın çoxluğu durumu daha da çətinləşdirir. Elə marşrutlar var ki, sərnişinlər hər gün 30-40 dəqiqə dayanacaqlarda gözləməyə məcbur qalırlar.

Bakı Nəqliyyat Agentliyi bunun səbəbini paytaxtda nəqliyyat vəsitələrinin çox olması ilə izah edir. Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin məsələ ilə bağlı “Trend”ə bildirdiyinə görə, son zamanlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasına əsas səbəb olan amil şəhərdə pik həddə çatan avtomobilləşmənin yaratdığı tıxac problemidir. O, tıxac probleminin həllini xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmaqda görür. Onun fikrincə, yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq.

Problem təkcə yerüstü nəqliyyatla bitmir. Əgər yerüstü nəqliyyatda əsas əngəl kimi yollardakı tıxaclar arqument kimi göstərilirsə, yerin altında - metroda əsasən də həftəiçi günlərdə qatarlar arasındakı intervalın çoxluğlundan yaranan sərnişin sıxlığı diqqəti daha çox cəlb edir.

Bəzən hətta pik saatlarda stansiyalarda vəziyyət o həddə çatır ki, nəinki platformalarda, həmçinin, yuxarıda - metronun giriş hissəsində sıxlıq yaranır və sərnişinlər dəqiqələrlə gözləməli olurlar. Sərnişinlərin bir çoxu bunu qatarlar arasında intervalın çoxluğu, bir qismi isə ali təhsil müəssisələrinin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsilə əlaqələndirirlər. Adətən, Bakı Metropoliteninin rəsmiləri qatarlar arasında intervalın çox olması ilə bağlı sualları cavablandıranda bir qayda olaraq pik saatlarında intervalın 2 dəqiqəyə endirildiyini deyirlər. Əslinə qalandar, müşahidələr bunun əksini deyir. Pik saatlarda qatarlar arasındakı interval bəzən hətta 5 dəqiqəyəcən uzanır. Bu isə platformalarda və vaqonlarda böyük sıxlığa yol açır. Onu da nəzərə alsaq ki, istismarda olan qatarların böyük bir hissəsi hələ də köhnə qatarlardır və o qatarlardakı havalandırma sistemləri belə bir sıxlığa cavab vermir, o zaman yerin altında o dünyanı dirigözlü görüb-gələn sərnişinlərin durumunu təsəvvür etmək elə də çətin olmaz.

Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Trend”ə açıqlamasında bildirdiyinə görə, yeni tədris ilinin başlaması ilə əlaqədar metro stansiyaları yeni qrafikə keçib. O, "Həzi Aslanov"-"28 may" stansiyaları arasında intervalın 2 dəqiqə olduğunu iddia edib.

Nəqliyyat üzrə ekspert Aslan Əsədovun bu məsələlərlə bağlı "525"ə verdiyi açıqlamasında dediyinə görə, metroda sıxlığın artmasını ali məktəblərlə, tələbələrin çoxluğu ilə əlaqələndirmək doğru yanaşma deyil: "Bakı meqapolis şəhərdir. Bakıda gündən-günə əhalinin sayında artım var, amma mən deyərdim ki, Bakı bu gün Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də regionun mərkəzidir. Bugünkü gün Bakıda çoxlu yerdəyişmələr, gediş-gəlişlər olur və paytaxt yüklənir. İstəsək də, istəməsək də, bu, baş verəcək. Əlbəttə, bu problemlər tələbələrlə bağlı deyil, bunu tələbələrin, məktəblilərin üzərinə atmaq düzgün olmaz. Çünki son illər şəhərin mərkəzində hansısa yeni ali məktəb açılmayıb, yeni universitet fəaliyyətə başlamayıb. Burada dəyişən yeganə səbəb əhalinin artımıdır. Mən deyərdim hətta 2010-cu illərdə belə dərs saatları başlayan və ya bitən zaman insan tıxacı yaranırdı. Qapıların önündə, giriş-çıxışlarda və yaxud vestibüllərin önündə. Bu gün isə ümumiyyətlə, bütün vaqonlar boyu tıxac var. Məsələyə konseptual yanaşsaq, burada sərnişinlərin idarə olunmasına nail olmaq lazımdır. Çünki hələ də daha çox əhali tutumuna malik olan, qəsəbə və şəhərətrafı yaşayış massivlərinə metrolar çəkilməyib. Misal üçün, ən çox axın olan Günəşli, Badamdar, Qaraçuxur, Bakıxanov, Hövsan, Zığ və s. kimi paytaxta nisbətən yaxın olan yaşayış məntəqələrinə metro xətləri çəkmək lazımdır. Buna görə də yeni stansiyaların tikintisini sürətləndirməyə ehtiyac var. Digər bir məsələ isə vətəndaşlarla bağlı müəyyən tədbir görməkdir. Məsələn, giriş-çıxış zamanı onların ləngiməməsi ilə bağlı tədbir görmək olar. Ümumiyyətlə, metrolarda sıxlıqlar bütün dünya ölkələri üçün səciyyəvidir. Əsasən də şərq ölkələrində bu, daha çox baş verir. Yəni burada əsas məsələ insan faktorudur".

Qatarlar arasındakı intervalın çox olması ilə bağlı ekspert qeyd edib ki, bunun aradan qaldırılması üçün müxtəlif zamanlarda vaqonların yenilənməsi, müasir infrastukturun qurulması əsas şərtdir: "Metrodakı interval problemi də avtobuslarda olduğu kimi sərnişindaşıma ilə bağlı məsələdir. Lakin avtobuslardan fərqli olaraq burada problem hər hansı kənar müdaxilədən deyil, sırf metronun özündən qaynaqlanır. Metroda interval probleminin səbəbi pik saatlarda yaranan ləngimələr, insanların işdən tez və ya gec çıxması, yaxud da texniki nasazlıq ola bilər. Bunun aradan qaldırılması üçün müxtəlif zamanlarda vaqonların yenilənməsi, yeni vaqonların gətirilməsi, vaqonlarda müasir infrastukturun qurulması, havalandırma, kondisioner sisteminin qurulması və digər tədbirlərin görülməsi vacibdir".

Tıxac problemi ilə yanaşı, gündəmdə olan digər vacib məsələ isə ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Bu günlərdə bir neçə sərnişindaşıma şirkəti Tarif Şurasına gediş haqlarının artırılması ilə bağlı təklif göndəriblər. Bu da öz növbəsində sərnişinlərin narazılığına səbəb olub. Narazılığa səbəb bir yandan əhalinin sosial vəziyyəti ilə bağlıdırsa, digər yandan da artımın xidmət səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyinə inamın olmamasıdır.

Bəs gediş haqları artarsa, ictimai nəqliyyatda vəziyyət az da olsa müsbətə doğru dəyişə bilərmi?

Gediş haqlarının artırılacağını düşünən ekspert Aslan Əsədov bu addımı bir mütəxəssis kimi müsbət qarşılamadığını bildirib: "Sonuncu dəfə Bakı Metropolitenində gediş haqqı artırılaraq 30 qəpik müəyyənləşdirildi. Ondan sonra bu məsələni tez-tez gündəmə gətirməyə başladılar. Tarif Şurasının şirkətlərin müraciətini necə qəbul edəcəyi isə göz önündədir. Mənim proqnozlaşdırdığım kimi, qiymət artımına gediləcək. Çünki hesab edirəm ki, burada başqa səbəblər var. Əsas səbəb həm şirkətlərin gəlirinin az olması, həm də sərnişindaşımanın az olmasıdır. Sərnişindaşımanın az olmasının səbəbi isə tıxaclardır. Əlbəttə, burada məbləğdən söhbət gedirsə, fikrimcə, 10-15 qəpik civarında artım olacaq". Aslan Əsədov onu da əlavə edib ki, qiymət artımı hər zaman vətəndaşları qayğılandırıb, onlarda etiraz doğurub: "Mənin fikrim odur ki, qiymət artımına gedilməməlidir. Artım təklifinin hansı iqtisadi əsaslandırma ilə dövlətə təqdim olunduğu bilinmir, bunu istəsələr, açıqlamaya da bilərlər. Fikrimcə, burada yanacağın qiymətini əsas götürüblər. Lakin sərnişindaşımada alternativ yanacaq sistemlərindən də istifadə etmək olar. Dünya praktikasında elektrikli avtobuslardan istifadə nümunəsi var. Təəssüf ki, hələlik bunlar bizim ölkəyə gətirilməyib, gətirilibsə də, az saydadır".

 

 

 

 

 





07.10.2022    çap et  çap et