525.Az

Mahnılar da bir tarixdir


 

Mahnılar da bir tarixdir<b style="color:red"></b>

El mahnılarımız bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik".
 Üzeyir Hacıbəyli.

 

Məlum olduğu kimi, Azərbaycan xalq mahnıları öz məzmununa, ahəngdarlığına, bədii-estetik gücünə, asan qavranılmasına, lad əsaslarına, parlaq ifadə tərzinə, orijinal ritmi və digər təkraredilməz xüsusiyyətlərinə görə başqa xalqların musiqisindən əsaslı şəkildə fərqlənir. Ona görə də bu mahnılar zaman-zaman təkcə azərbaycanlılar tərəfindən deyil, digər xalqların nümayəndələri tərəfindən də sevilmiş, qəbul edilmiş və oxunmuşdur.

Azərbaycan xalq mahnıları yalnız musiqi incəsənətimizin tarixini deyil, həmçinin, onun etnoqrafiyasını - maddi və mənəvi mədəniyyətini, təsərrüfat fəaliyyətini, etik  və estetik görüşlərini, adət-ənənələrini və s. öyrənmək baxımdan da dəyərli mənbə kimi çıxış edir.  Çünki bir sıra hallarda arxeoloji materiallarda, maddi-mədəniyyət nümunələrində və yazılı mənbələrdə qeydə alınmayan, lakin elmi tədqiqat baxımından olduqca vacib olan məqamlar məhz xalq mahnıları mətnlərində öz əksini tapmışdır. Hansı ki, tarix üzrə fəlsəfə doktoru, dosent  Mehparə Əliyevanın bu günlərdə işıq üzü görmüş "Azərbaycan xalq mahnıları etnoqrafik mənbə kimi" adlı elmi-tədqiqat əsərində bütün bunlar barədə geniş və ətraflı bəhs olunur.

Bəllidir ki, formaca müxtəlif, məzmun etibarilə çox dərin və mükəmməl olan Azərbaycan  xalq mahnılarının yaranma tarixi çox uzaq keçmişə aiddir. Müəllif zəngin mənbə və ədəbiyyat materialları əsasında apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlmişdir ki, qədim insanlar əmək fəaliyyəti prosesində öz duyğu, düşüncə və hisslərini ifadə etmək, onu başqalarına çatdırmaq məqsədilə, müxtəlif səslərdən və sehirli sözlərdən istifadə etmiş, cürbəcür poetik mətnlər ifa etmişlər. Sonradan asan mənimsənilməsi üçün bu səs və ya sözlərə  ritmik melodik intonasiya ilə birləşən xüsusi forma və mahnı başlanğıcı verilərək oxunmuşdur. Zaman keçdikcə isə onlar özünəməxsus məzmun və mənaya malik mahnı mətnlərinə çevrilmiş, ən mükəmməl nümunələri şifahi şəkildə, ağızdan-ağıza, nəsildən-nəsilə ötürülərək günümüzə qədər gəlib çatmışdır.

Yaranışı nöqteyi-nəzərindən xalq mahnılarının dərki onların insanla təbiətin, sözlə musiqinin üzvi şəkildə birləşdiyi bir mədəni fenomen, müstəsna bir həqiqət, təcrübə, duyğu və idrak məhsulu kimi təqdim edilməsinə imkan verir. Təsadüfi deyil ki, xalq mahnı yaradıcılığı sonradan şifahi ənənəli professional musiqi sənətinin (muğam və təsniflərin) yaranmasına və inkişafına da əsaslı zəmin yaratmışdır. Təqdim olunan bu monoqrafiyada xalq mahnılarını mərasim, əmək, məişət və tarixi mahnılar kimi təsnif edən müəllif, onların ayrı-ayrılıqda məna-məzmun xüsusiyyətlərini, formalaşma şəraitini, inkişafını və günümüzə qədər gəlib çatma şərtlərini ətraflı və konkret mahnı nümunələr əsasında geniş şərh etmişdir.

Diqqətəlayiq haldır ki, monoqrafiyada xalq mahnılarının kamil sənət nümunələri kimi formalaşmasında xalq çalğı alətlərinin yeri, rolu və iştirakı məsələləri də öz dolğun təhlilini tapmışdır. Burada tütək, ney, balaban, zurna kimi nəfəsli, tar, saz, ud, kanon kimi simli, kamança kimi yaylı, nağara, dəf, qosa-nagara kimi zərb musiqi alətlərinin mənşəyi, onların ən məşhur ifaçıları, Azərbaycanda xalq çalğı alətləri ansambl və orkestrlərinin yaranma tarixinə, habelə bədnam qonşularımızın mahnılarımızı və musiqi alətlərimizi özününküləşdirmək cəhdlərinə də münasibət bildirilmişdir.

Monoqrafiyada həmçinin, Azərbaycan xalq mahnı nümunələrinin toplanması, lentə alınması, nota salınması tarixinin öyrənilməsi ilə bağlı xeyli maraqlı məlumatlar da öz əksini tapmışdır. Bu sahədə dahi Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin və başqa bəstəkar və musiqi xadimlərimizin fəaliyyətini ön plana çıxaran müəllif, əvvəlki dövrlərə də səyahət  edir, xüsusilə də XIX əsrdə rus və Avropa musiqiçiləri tərəfindən Azərbaycan xalq mahnılarının toplanması işini - onun mənfi və müsbət tərəflərini araşdırmağa çalışmışdır.

Mənbə və ədəbiyyat materiallarının təhlilinə əsaslanan müəllif qeyd edir ki, Azərbaycan musiqi mədəniyyəti əsrlər boyu region xalqlarının mədəniyyətinə, o cümlədən, musiqisinə çox ciddi təsir göstərmiş, hətta türk və müsəlman olmayan toplumların mədəni-mənəvi həyatının ayrılmaz bir parçasına çevrilmişdir. Odur ki, müəllif çox haqlı olaraq, mahnılarımızın təşəkkülünü və inkişafını təkcə Azərbaycanın hüdudları çərçicəsində nəzərdən keçirməklə kifayətlənməyərək onları və bütövlükdə, Azərbaycan musiqi mədəniyyətini Qafqaz, Yaxın və Orta Şərq xalqlarının musiqisi ilə qarşılıqlı təsir kontekstində təhlil etməyə çalışmışdır. Çünki hələ çox qədim zamanlardan Azərbaycanın bu ölkələrlə mövcud olmuş siyasi, iqtisadi və mədəni əlaqələri digər sahələrlə yanaşı, musiqi incəsənətinə də sirayət etmiş və onu nəzərə çarpacaq dərəcədə zənginləşdirmişdir.

Bununla belə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi xalqlar, xüsusilə də ermənilər zaman-zaman digər mədəni dəyərlərimizlə yanaşı, musiqimizi - mahnı və rəqslərimizi, eləcə də bir çox musiqi alətlərimizi öz adlarına çıxarmağa, özününküləşdirməyə çalışmışlar. Monoqrafiyada bu məsələlərə xüsusi diqqət yetirən müəllif düzgün olaraq yazır ki, bu gün ermənilərin "Sarı-gəlin",  "Yaylığım", "Uzundərə", "Köçəri" və s. kimi mahnı və rəqslərimizə, tar, kamança, balaban və digər musiqi alətlərimizə münasibətdə qaldırdıqları iddialar yumşaq desək, həyasızlıqdan başqa bir şey deyildir. Çünki istər təkzibedilməz tarixi faktlar, istərsə də mütəxəssis araşdırmaları, o cümlədən, bəzi erməni müəlliflərinin etirafları həmin mahnı və melodiyaların onlara məxsus olmadığını sübut etmişdir. Erməni musiqişünası S.Palasanyanın "...tarix boyu ermənilər təsiri altında olduğu xalqların - Azərbaycanda azərbaycanlıların, Gürcüstanda gürcülərin, İranda isə farsların melodiyalarını qəbul ediblər" sözləri, M.Nalbandyanın "erməni melodiyalarının çoxu türklərdən (azərbaycanlılardan) mənimsənilib. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam və hər zaman çalışmışam ki, sırf erməni dilində bir şey eşidim. Ancaq indiyə qədər belə bir şey eşitməmişəm" kimi fikirləri də deyilənləri sübut edir.

Bütövlükdə, M.Əliyevanın Azərbaycan xalq mahnılarının yaranma tarixinə və etnoqrafik xüsusiyyətlərinə həsr olunmuş monoqrafiyası bu mövzuda yazılmış ilk tədqiqat əsəri olmaqla, mühüm elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. İnanırıq ki, monoqrafiyanın dili, strukturu və burada elmi araşdırmaya cəlb olunan digər məsələlər çox qısa bir zamanda onu təkcə etnoqrafların və ya musiqişünasların deyil, eləcə də Azərbaycan xalq mahnılarını və Azərbaycan musiqisini sevən, duyan və anlayan hər kəsin stolüstü kitabına çevirəcəkdir.

 

 

 





07.10.2022    çap et  çap et