525.Az

Yuxarı baxsa göy səma, aşağıda qarlı dağlar - Göyərçin Kərimidən poetik nümunələr


 

Yuxarı baxsa göy səma, aşağıda qarlı dağlar - <b style="color:red"> Göyərçin Kərimidən poetik nümunələr</b>

Onun fikir lisanında Türk yazarı, araşdırmaçı filosof Senail Özkana

 

Fenomenlər aləmində bir Senail Özkan var,

Mühakimə qüdrətini daim özündə saxlar.

Şərqdən Qərbə,

Qərbdən Şərqə hikmət dənizi axar,

Sözlər dağa-daşa düşər onun fikir lisanında.

 

Ağrı dağın o üzündə bir Senail Özkan var,

Müdrikliyə könül verib dünyadan kənar çıxar.

Sal buzun da arasından ilhamı qaynar çıxar,

İrqlərə bölünməz bəşər onun fikir lisanında.

 

İstanbulun yaz yerində bir Senail Özkan var,

Geniş ormanlar kimidir, Vətənidir yaşıl bahar.

Yuxarı baxsa göy səma, aşağıda qarlı dağlar,

Arzular dağları aşar onun fikir lisanında.

 

Qəhrəmanlar diyarında bir Senail Özkan var,

Haqdan gələn sevdaları ürəyinə yaxın tutar.

Nə tikanı məsum sanar, nə gül zövqünü unudar,

İstiqlal əbədi yaşar onun fikir lisanında.

 

Dahilərin sırasında bir Senail Özkan var,

Xoş hisslər cücərtmək üçün istək torpağı şumlar.

Təfsirlərə təfsir yazar, təsvir qurar o memar,

Hər gün yeni dastan başlar onun fikir lisanında.

 

Poetik inci

 

Uca zirvələrin uca yerində

Ruhum qərar tutub son qismət kimi.

Bilirəm, vaxt gələr, günün birində

Açılar bəxtimin ulduz tilsimi.

 

Məni də anlayan tapılar yəqin,

Dünyanın ən qoca gənci deyərlər.

Naqis ürəklərdə yurd salmasa kin,

Şeirimə poetik inci deyərlər.

 

Buluda bənzərəm, amma yağmaram,

Hissimi göstərmək xoşuma gəlməz.

Hayanda ilham var, şeir var, varam!

Şairlər meydana boşuna gəlməz.

 

Sularda qərq olan söz gəmisiyəm,

Küləklər sahilə çıxara bilər.

Zehnin unudulmuş köhnə ismiyəm,

Zamandan əvvəl də yadıma gələr.

 

Yadıma gələr ki, axşam düşəndə,

Günəşdən küsərdim batdığı üçün.

İstərdim yetirsin vəslə məni də,

Nəfəs candan ayrı düşməsin bir gün.

 

Düşsə də, qəlbinin uzaqlarında,

Hər kəs ilk sətirdən başlasın məni.

Bir bənd şeir olum dodaqlarında,

Bahar fəsil-fəsil yaşasın məni.

 





07.10.2022    çap et  çap et