525.Az

Şuşanın dağları başı vüqarlı... - Afiq Əliyev yazır


 

Şuşanın dağları başı vüqarlı... - <b style="color:red"> Afiq Əliyev yazır</b>

Afiq ƏLİYEV
Lənkəran Dövlət Universitetinin kafedra müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Dünya diplomatiyası və hərb tarixində böyük iz qoyan 44 günlük Vətən müharibəsində otuz  ildən bəri böyük səbirsizliklə gözlədiyimiz Qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlara qalib xalqın nümayəndəsi kimi ayaq basmaq, doğma yurd yerlərini salamlamaq, unudulmaz şəhidlərimizin - Şuşa fatehlərinin misilsiz qəhrəmanlıq nümunələri göstərərək sıldırım qayalıqlardan keçdikləri, müqəddəs qanlarını axıtdıqları yerlərdən çəkilən Zəfər yolu ilə irəliləyib Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərini görmək, onun çiskinli-dumanlı havasının qoxusunu-ətrini sinə dolusu ciyərlərinə çəkmək, başı vüqarlı uca dağlarını yaxından seyr etmək, bu həqiqi hisslərlə öz ünvanında yaşamaq adi sözlərlə, dillə ifadə edilə bilməyən özəl duyğulardır. Çünki məntiqi mahiyyətin yolu hissi yaşantılardan keçir.

Böyük Yaradana şükr edirəm ki, Vətəninə, doğma diyarına, müqəddəs torpağına bağlı hər bir vətən övladı kimi, mənə də bu özəl duyğularla yaşamaq nəsib oldu.

İşğaldan azad edilmiş doğma Füzulinin   Qaraxanbəyli kəndindən başlayaraq, yolboyu görünən digər kəndlərdə, rayon mərkəzində erməni vandalizminin törətdiyi dağıntıların, viranəliklərin, Xocavəndin, Daşaltı faciəsinin ağrısını-acısını içimizə çəkə-çəkə, Məngələnata, Ərgünəş dağlarının dumanı altında həsrətində olduğumuz Şuşa şəhərinə çatırıq.

Bəli, bu da ŞUŞA... Hər daşında, torpağında, qayasında, havasında Pənahəli xanın, Natəvanın, Vaqifin, Üzeyirin, Bülbülün, Xan əminin, qəhrəman şəhidlərimizin ruhları dolaşan, dünya hərb tarixində silinməz iz qoyan Şuşa fatehlərinin misilsiz qəhrəmanlıq şücaətini dillərdə dastan edən məşhur Şuşa şəhəri.

İlk növbədə şəhərdə bütün yaşayış evlərinin, inzibati binaların, maddi-mədəniyyət abidələrimizin erməni vandalizminin qurbanına çevrildiyi, düşmənin bu əzəli yurd yerimizdə insanlığa sığmayan talançılığa yol verdiyi bir daha aydın göründü.

Yuxarı Gövhər ağa məscidinin qarşısında tanrıya əl açaraq dövlətimiz, xalqımız, cəmi şəhidlərimiz, fədakar qazilərimiz, vətənizimizin keşiyində dayanan əsgər və zabitlərimiz üçün dualar oxuyuruq.

Respublika Prezidenti cənab İlham Əliyevin xüsusi fərmanı ilə işğaldan sonra bərpa edilmiş Vaqifin məqbərəsinə çatanda üzümə çilənən dumanın-çənin şeh damcıları istər-istəməz mənə Ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə bu abidənin açılışı zamanı yağan qarı xatırlatdı. Məqbərənin qarşısındakı stenddə qoyulmuş dağıntının qalıqları erməni vandallarının törətdiyi rəzalətin nümayişi idi.

Ümumiyyətlə, dahi Üzeyirin, Natəvanın, Bülbülün güllələnmiş heykəlləri bu vandalizmin, erməni barbarlığının bariz nümunəsi kimi düşmənə nifrət hissini nə dərəcədə artırırsa, Vətən müharibəsindən sonra onların yeni qoyulan heykəlləri Azərbaycan dövlətinin qüdrətini, sarsılmazlığını, Azərbaycan xalqının əzəmətini, vüqarını, qürurunu təcəssüm etdirir. 

Şuşa Realnı Məktəbinin, Xurşidbanu Natəvanın yaşadığı evin, milli-mədəniyyət abidələrinin dağıntılarını müşahidə edə-edə əsası ilk Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa qalasına yaxınlaşdıqda insanda Şuşanın həqiqətən də alınmaz qala olduğuna bir daha əminlik hissi yaranır.

Ancaq şəhərin tarixi memarlıq üslubunu saxlamaqla şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin aparılmasını müşahidə edərək qənbər daşlarının üstü ilə məşhur Cıdır düzünə qalxmaq, 30 illik Vətən həsrətinə Cıdır düzü zirvəsindən boylanmaq insanda ifadə edilməsi mümkün olmayan qəribə bir təəssürat, bir qürur hissi yaşadır. Dumanlı-çiskinli təmiz havada rahat nəfəs almaq insana sanki təbiətin özü boyda oksigen balışını xatırladır. Burada Xarıbülbül fetivalının keçirildiyi yerdən bir qədər aralıda tur iştirakçılarının "Yallı" getmək həvəsinin gerçəkləşdirilməsi də sanki bu təntənənin davamı kimi görünürdü. Əlbəttə ki, bu təntənənin zirvəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun, Şuşa fatehlərinin şücaəti, şəhidlərin müqəddəs ruhları dayanır.

Avtobusda qayıdarkən yolboyu gördüyüm mənzərələri, acılı-şirinli təəssüratlarımı Lənkəran Dövlət Universitetində çalışan həmkarlarıma, professor-müəllim heyətinə, tələbələrimə və universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımova necə çatdıracağım haqqında düşünürdüm. Axı, Kamran müəllimə onun oğlu - universitetimizin məzunu olmuş Şuşa fatehi, baş leytenant Vüsal Kazımovun keçdiyi sıldırım qayalıqlardan salınan Zəfər yolu ilə getdiyim, onun ruhu dolaşan dğlardan, daşlardan keçdiyim, onun nəfəs aldığı dağların havası ilə nəfəs aldığım məqamları nə qədər beynimdə düşünmək istəsəm də, hissimlə, duyğularımla bacarmırdım. 

Lakin Qarabağın incisinin, Azərbaycanın mədəniyyət paytaxtının tezliklə yenidən tikilib-qurulacağı, abadlaşdırılacağı, dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevriləcəyi, Prezident İlham Əliyevin noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərkən dediyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərinin gerçəkləşdiyini görmək insana mənəvi təskinlik verir. Dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı, verdiyi vədə hər zaman sadiq olmağı hər bir kəsdə ona inamı və əminliyi artırır. Artıq başı dumanlı olan Şuşa dağları da özünü daha inamlı, daha əzəmətli, daha vüqarlı hiss edir.

 

 

 





07.10.2022    çap et  çap et